Erməni mediası Rusiyada anti-erməni təbliğatının canlanmasından yazır
Rusiyalı jurnalistin Sumqayıt hadisələri ilə bağlı dərc etdiyi məqalə
Ermənistanda əməlli-başlı qalmaqal yaradıb. Bəlli olduğu kimi, Rusiya
hakimiyyətinə yaxın "Nezavisimaya qazeta”da dərc olunan məqalədə həmin
hadisələrin ermənilərin ssenarisi ilə həyata keçirildiyi vurğulanır. Halbuki,
erməni təbliğatı 30 ildən artıqdır ki, münaqişə ilə bağlı keçirilən müzakirələri
"Sumqayıt”la başlayıb "Sumqayıt”la da qurtarır. Belə bir vaxtda isə Rusiyanın
tanınmış, çoxmilyonluq auditoriyaya məxsus nəşrində həmin hadisələr barəsində
sənədlər əsasında yazılan bir məqalə çıxır. Kiminsə təəssüratı və yaxud gəldiyi
qənaət yox, məhz arxiv sənədləri əsasında yazılmış məqalə dərc olunur. Keçmiş
SSRİ və Azərbaycan DTK-sının arxivlərində yerləşən sənədlərə giriş əldə edən
müəllifin yazısı Ermənistan təbliğat maşınına ciddi zərbə kimi qiymətləndirilir.
Məsələn, "1in.am” saytında dərc olunan məqalədə müəllif yazır ki, son vaxtlar rus
mediasında həm erməni, həm də erməni olmayan soyadlarla antierməni təbliğatı
canlanıb. Erməni siyasi ekspert Aram Amatuni öz yazısında qeyd edir ki, sırf
şəxsi və qrup kin-küdurəti bu antitəbliğatın əsasında ola bilməz. "Bir çoxları
bu kin-küdurəti Ermənistanda baş vermiş və baş verən dəyişikliklə əlaqələndirə bilərlər.
Üstəlik, bu vəziyyətdə həm Ermənistan, həm də Rusiya dairələri barədə söhbət
gedə bilər. Yəni, Ermənistanda elə dairələr var ki, onlar ruslarla əlaqələrə
sahibdir və bu əlaqələri yeni Ermənistana qarşı kin-küdurət ifadə etmək üçün
istifadə etməyə hazırdırlar. Bu dairə və qruplar Rusiyada da var. Onlar vassallıq
konversiyası ilə Ermənistanın keçmiş iqtidar sistemini yaxşı biznesə
çevirmişdilər. Rusiya media sahəsində Ermənistana, ermənilərə qarşı təbliğat və
informasiya kontentinin formalaşması, həmçinin siyasi motivlərə malik ola bilər
ki, bu da hazırkı beynəlxalq atmosfer və oradakı rus-türk qarşıdurmasını nəzərə
alaraq xüsusilə diqqət yetirilməli mövzudur. Bu qarşıdurma səbəbindən Ərdoğan
Bakıda antierməni təbliğatı ilə məşğuldur, Rusiyada isə milliyyətcə hansısa
ermənilər və ya digər dairələr də bununla məşğuldur”, - deyə Amatuni bildirib.
Yeri gəlmişkən, bütün bunların fonunda Ermənistanın Rusiyadakı səfiri
Vardan Toqanyan Rusiya Baş Prokurorluğuna müraciət edib. "Qovorit Moskva” yazır
ki, şikayətin səbəbi "Nezavisimaya qazeta”da 1988-ci ildə baş vermiş Sumqayıt
hadisələrinə həsr olunmuş məqalə olub. Lev Əsgərovun yazdığı məqalədə
Sumqayıtdakı iğtişaşların erməni kilsəsi tərəfindən təşkil olunması vurğulanır.
Faktla bağlı, səfir nəşrdən təkzib tələb etməyəcəklərini, Rusiya Prokurorluğuna
müraciət edərək yazıda milli nifrət, ksenofobiya və dini dözümsüzlük
yayılmasına diqqət çəkəcəklərini bildirib: "Biz təkzib tələb etməyəcəyik, çünki
"Nezavisimaya qazeta”da çıxan yazının vəhşilik və cinayət olduğunu hesab
edirik. İlk növbədə qəzet və nəşriyyat buna görə məsuliyyət daşıyır. Qəzetin
KİV statusu var və hesab edirik ki, bu məqalədə qanunvericiliyin bir sıra
tələbləri pozulub. Buna görə Baş prokurora müraciət edərək milli, ksenofob və
dini dözümsüzlük zəminində iş açılmasını tələb edirik”.
Bundan əvvəl, Rusiya ermənilərinin ən çoxsaylı təşkilatı olan "Rusiya
Erməniləri İttifaqı” hadisə ilə bağlı "Nezavisimaya qazeta”nı məhkəməyə
vermişdi.
Xatırladaq ki, "Nezavisimaya qazeta”nın "Sumqayıt faciəsi: Hər şey
nədən başladı və bu necə oldu” başlıqlı məqaləsində keçmiş Dövlət Təhlükəsizlik
Komitəsi məxfi sənədləri əsasında Sumqayıt hadisələrinin erməni millətçiləri
tərəfindən planlı şəkildə törədildiyi faktlarla vurğulanıb. Bildirilir ki, sözügedən
məqalədə DTK arxivlərindəki materiallara istinadən iddia edilir ki, ötən əsrin
hələ 50-60-cı illərində ermənilər erməni-qriqoryan kilsəsinin köməyi ilə bütün
SSRİ ərazisində azərbaycanlılara qarşı gizli təşkilatlar yaradırdılar. Yazıda
bu da iddia edilir ki, bu faciə erməni millətindən olanların təxribatçılığı ilə
törədilib. "Azatutyun” radiosunun erməni xidməti yazır ki, "Sovet
Azərbaycanının verdiyi rəsmi məlumata görə, 1988-ci ilin 27-29 fevral
hadisələri zamanı 27 erməni öldürülüb və bu hadisə Avropa Parlamenti və ABŞ
Senatı tərəfindən pislənilib”.
Öz növbəsində Ermənistan XİN yaydığı bəyanatda rəsmi Bakını ittiham
edir, lakin Rusiya nəşrinin ünvanına hər hansı bir bəyanat səsləndirə bilməyib.
"Maarifçi Ermənistan”ın parlament fraksiyasının rəhbəri Edmon
Marukyan deyib ki, bu məqalə göstərir
ki, qəzetin "müstəqil”liyindən yalnız adı qalıb. Rusiyalı jurnalist Roman
Babayan isə daha irəli gedərək həmkarlarını "əclaf” və "yaramaz” adlandırmaqdan
çəkinməyib. Onları pul müqabilində məqalə dərc etməkdə ittiham edib.
Parlamentin keçmiş deputatı Arman Saqatelyan isə rəsmi Yerevanı
"Nezavisimaya qazeta”də dərc olunan materiala vaxtında reaksiya verməməkdə
günahlandırıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyət orqanlarına bu
yazının Azərbaycanın sifarişi olduğu barədə izahat verməsi üçün 20 saat gərək
olub. "Bu müddət ərzində isə rəsmi Bakı Gazeta.ru, Lenta.ru, BBC-nin rus
xidməti və digər dünyaca məşhur saytlarda növbəti dezinformasiya xarakterli xəbərləri
yerləşdirməyə müvəffəq oldu”, - deyən sabiq deputat bununla da Xocalı soyqırımı
ilə bağlı dərc olunan materialları nəzərdə tutub. Əlavə edib ki, bu hibrid
müharibəsidir, buna qarşı mübarizə aparmaq üçün isə etməni hakimiyyətinin nə
imkanları, nə də intellektual potensialı var.
"Azatutyun” radiosu isə növbəti dəfə "Nezavisimaya qazeta”da dərc
olunan məqaləyə toxunub və bildirilib ki, Rusiya nəşrinin
redaktoruKonstantin Remçukovonların bu barədə sorğularına cavab
verməkdən imtina edir. Radio şərh üçün Moskvada yaşayan hüquqşünasRuben
Kirakosyanamüraciət edib. Vəkil bildirib ki, məqaləyə mütləq cavab
verilməlidir, çünki "belə zərbələri udmaq olmaz”. Azər NURİYEV