• cümə, 26 Aprel, 09:02
  • Baku Bakı 12°C

Biləsuvar rayonunda Qadın Resurs Mərkəzinin açılışı olub

07.12.16 17:11 1271
Biləsuvar rayonunda Qadın Resurs Mərkəzinin açılışı olub
07 dekabr 2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda tədbir keçirildi və Qadın Resurs Mərkəzinin açılışı oldu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova, Avropa İttifaqının səfiri xanım Malena Mard, BMT–nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-nin Rezident nümayəndəsi cənab Qulam İshaqzai, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssiə və təşkilatların rəhbərləri, rayon qadınları və KİV nümayəndələri iştirak etdi.
İştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoyduqdan sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular .
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev qonaqları salamladıqdan sonra bildirdi ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında həmişə müstəsna rol oynamışdır.Qadınların cəmiyyətimizdəki rolundan danışarkən Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmlənməsi üçün var qüvvələrini sərf edirlər.”
Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş bu dövlət siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən çox böyük uğurla davam etdirilir.Azərbaycanın bu günkü möhtəşəm qələbələrində qadınlarımızın da fədakar əməyi, gərgin zəhməti göz önündədir.Müstəqil respublikamızın bu günkü ictimai həyatında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın xüsusi, əvəzolunmaz yeri vardır. Mehriban xanım Əliyeva nəinki ölkəmizdə, hətta bütün dünyada ictimai fəallığı ilə seçilir və sevilir. Mehriban xanımın yorulmaz, fədakar əməyi respublikamızın bütün qadınlarına çox gözəl nümunədir.
Tədbirdə Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, rayonumuzda da qadınlarımızın ictimai fəallığı durmadan artır, onların rayonumuzun ictimai-siyasi həyatında fəaliyyəti ilbəil genişlənir. Bu gün Biləsuvar rayonunda əhalinin 49972 nəfərini məhz qadınlar təşkil edir. Təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışanların 75-80 faizi qadın və qızlardan ibarətdir.Açılışına toplaşdığımız Qadın Resurs Mərkəzinin istifadəyə verilməsi rayonumuz üçün xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Qadın Resurs Mərkəzinin açılışı rayonumuzda qadınların ictimai fəallığının daha da artırılmasında müstəsna rol oynayacaqdır.
Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin İnkişaf Proqramı və Rasional İnkişaf Uğrunda Qadın Cəmiyyətinin icra etdiyi layihə çərçivəsində yaradılmış Qadın Resurs Mərkəzində indiyədək müxtəlif tədbirlər, seminarlar, təlimlər keçirilmişdir. Mərkəzin təlimlərində indiyədək 50-yə yaxın qadın iştirak etmiş, onlardan 13 nəfəri qalib gələrək öz bizneslərini qurmaq imkanı qazanmışlar.
Çıxışının sonunda M.Quliyev göstərdiyi dəstəyə görə Respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və qonaqlara minnətdarlığını bildirərək, Mərkəzə öz fəaliyyətlərində uğurlar arzuladı.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanova, Avropa İttifaqının səfiri Malena Mard, BMT–nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-nin Rezident nümayəndəsi cənab Qulam İshaqzai çıxış edərək bu istiqamətdə görülən işlərdən danışdılar və mövzu üzrə geniş müzakirələr aparılaraq iştirakçıların sualları cavablandırıldı.
Tədbir zamanı təlimlərdən uğurla çıxan 13 nəfər qadına sertifikatlar təqdim olundu və Qadın Resurs Mərkəzinin fəaliyyətini bildirən lent kəsildi. Mərkəzin foyesində qadınların əl işlərindən ibarət müxtəlifyönümlü sərgiyə baxış keçirildi.
Sonda rayonda qadınlar tərəfindən yaradılmış biznes sahələrinə baxış keçirildi.




banner

Oxşar Xəbərlər