• cümə, 26 Aprel, 23:15
  • Baku Bakı 22°C

Bakı əsl dialoq məkanına çevrilib

03.05.17 11:30 2347
Bakı əsl dialoq məkanına çevrilib
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüsdür. Bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir.Paytaxt Bakıda keçirilən bu Forumda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunur, dialoqa yönələn maneələr nəzərdən keçirilir və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə edilir. Forum, həmçinin təcrübə mübadiləsi, eləcə də yeni təşəbbüslərin irəli sürülməsi baxımından əlverişli imkanlar yaradır. Dünyanın bütün qitələrindən gəlmiş insanların təmsil olunduğu forumda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar iştirak edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il aprelin 7-də Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edərkən belə mötəbər tədbirlərin ölkəmiz, eyni zamanda dünya üçün əhəmiyyətini xüsusi ilə diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda bu istiqamətdə atılan addımların əsas məqsədi bütün xalqların, dinlərin nümayəndələrinin bir-biri ilə sıx təmasda olmasını, bütün problemlərin açıq şəkildə müzakirə edilməsini, insanların öz fikirlərini bildirməsini təşkil etməkdir: "Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır. Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir. Biz istəyirik ki, ölkəmizdə yaranmış bu təcrübə həm öyrənilsin, həm bəlkə başqa ölkələr üçün də maraq doğursun. Çünki bu, həqiqətən nadir bir təcrübədir və "Bakı prosesi”nin başlanması və uğurla davam etdirilməsi onu göstərir ki, biz ortaya siyasi iradə qoyduqda, məqsədə nail ola bilirik”.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 2011-ci il aprelin 8-də "Gülüstan” sarayında keçirilən "Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda sessiyada çıxış edərkən, paytaxt şəhərimizin belə tədbirlərə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. O, əminliklə bildirib ki, Forum həqiqətən də real dialoqun inkişafına öz layiqli töhfəsini verəcək və onun yekunları əsasında konkret işlər, konkret tədbirlər həyata keçiriləcəkdir. Mehriban xanım Bakının əsl dialoq məkanına çevrildiyini də xatırladıb. Deyib ki, belə tədbirlərin keçirilməsi üçün Azərbaycanda həm güclü zəmin, həm də əlverişli mühit mövcuddur: "Qədim dövrdən bu günə qədər Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır və ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik kastyolu, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm də nəticəsidir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixində imzaladığı Fərmanla Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildə bir dəfə keçirilir. Bu fərmandan irəli gələrək, 7-9 aprel 2011-ci ildə Bakıda I, 29 may - 1 iyun 2013-cü ildə II, 18-19 may 2015-ci ildə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən bu Forum YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO-nun birgə tərəfdaşlığı ilə təşkil edilən yeganə platformadır. 4-6 may 2017-cı il tarixlərində isə ölkəmizdə IV dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək. Daha əvvəl keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalar arası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək. Azərbaycan hökuməti IV Ümumdünya Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin daha effektiv fəaliyyəti üçün yeni imkanlar yaradacaq.

Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılacaq. Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək. Forumun yüksək səviyyəli tədbirləri BMT-nin televiziyası və internet resursunda canlı yayımlanacaq. İlk dəfə olaraq, BMT bilavasitə özünün təşkil etmədiyi tədbiri öz kanalları vasitəsilə canlı yayımlayacaq.

Təbii ki, Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi sabit bir məkana çevrilməsi Prezident İlham Əliyevin məqsədyönlü və əsaslı siyasətinin nəticəsidir. Böyük uzaqgörənliklə həyata keçirilən, balanslı, qarşılıqlı maraqlara söykənərək reallaşdırılan, milli və dövlətçilik maraqlarımızın da qətiyyətlə müdafiə edildiyi bu siyasi kurs Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevirib. Sevindirici haldır ki, çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi ilə xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Ümid edirik ki, Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bəşəriyyətə, insani dəyərlərə növbəti dəfə öz töhfəsini verəcək.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər