• cümə, 26 Aprel, 13:07
  • Baku Bakı 23°C

Bağçalarda uşaqlara yer tapılmır Araşdırma

21.09.13 09:56 6837
Bağçalarda uşaqlara yer tapılmır Araşdırma
Yapon alimləri məktəbəqədər müəssisələrdə təhsil alan uşaqlarla almayan uşaqlar arasında araşdırma aparıblar və belə nəticəyə gəliblər ki, bağçaya gedən uşaqlar digərlərinə nisbətən həyatda daha çox uğur əldə ediblər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə 1-5 yaşlı uşaqların cəlb edilməsi orta hesabla 16 faizdir. Bu göstərici şəhərdə 23,4, kənddə 8,4 faiz təşkil edir. Uşaqların bir qisminin valideynlərinin arzusuyla evdə tərbiyə alırsa, əksəriyyət bağçalarda yer olmadığından, yəni bağça çatışmazlığından öz hüquqlarından istifadə edə bilmirlər. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə uşaqların 90-98 faizi məktəbə qədər mütləq bağçaya gedirlər.
“Hara getdim, dedilər “yer yoxdur””
Müsahibimiz Cəmilə Kərimova da bu ilin may ayından başlayaraq övladı üçün bağça axtarışına çıxsa da, bir dənə də dövlətdən maliyyələşən bağçada yer tapmayıb. Deyir ki, indiyədək yaşadıqları rayondakı 6 bağçaya üz tutub: “Bağçalarda gah dedilər yer yoxdur, gah da dedilər ki, “hörmət” eləsəm, yer tapmaq olar”.
Qeyd edək ki, 1991-ci ildə məktəbəqədər təhsil müəssisələrinin sayı 2185 idisə, 2012-ci ilin əvvəlində bu rəqəm 1666-ya enib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bağçaların 1629-u dövlət bağçasıdır. Ötən il 112 min 268 uşaq dövlət, 1249-u isə özəl bağçalarda gedib. Hazırda Bakıda 315 bağça fəaliyyət göstərir. Ölkə üzrə özəl bağçaların sayı isə 48-dir ki, bunların da əksəriyyəti Bakının payına düşür.
Onu da deyək ki, 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunda uşaqların 5 yaşından bağçaya getməsi zəruri hesab olunsa da, bağça çatışmazlığı ucbatından qanunun sözügedən müddəasının işləklik mexanizmi hələ ki, təxirə salınıb.
İli 8 min manat olan bağça
Yazı ilə bağlı əlaqə saxladığımız 20-dək dövlət bağçasında 5 yaşlı uşaq üçün yer olmadığını bildirdilər. Özəl bağçalarda isə yer olsa da, “ceyran beli”ndəki qiymətlər valideynləri həmin bağçalardan qaçaq salıb. Bəzi özəl bağçalardakı qiymətlərə nəzər salaq:
“Baby House”da bir uşağın aylıq ödənişi 300 manat, “Teremok”da 400 manat, “Baby plaza”da 650 manat, “Happy kids”də 350 manat, “Buta”da 350 manat, “Playorena”da 500 manatdır. Övladı sözügedən bağçalara gedən uşaqlar illik 3600-8000 manat təkcə təhsil haqqına ödəməlidirlər. Ali məktəblərdə illik təhsil haqqı isə 1000-2500 manat arasında dəyişir. Ali məktəblərin illik haqqı ilə bağçaların illik haqqını müqayisə etmək kifayətdir ki, özəl bağçalardakı qiymətlərin orta statistik azərbaycanlının cibinə yaxın durmadığını deyə bilək. Deməli, bağça problemini həll etmək üçün dövlət hesabına bağçaların sayını artırmaq lazımdır.
Alternativ proqramlar qəbul edilməlidir
Təhsil eksperti Ülviyyə Mikayılova qəzetimizə açıqlamasında bildirdi ki, məktəbəqədər təhsilin inkişafı üçün alternativ yanaşmalar tətbiq olunmasa, bağçalarda sıxlıq problemi uzun müddət həll olunmayacaq. Mütəxəssis hesab edir ki, problemin həlli üçün alternativ formalar da tətbiq edilməlidir: “Ailə, bələdiyyə bağçaları, icma nəzdində bağçalar və başqa alternativlər tətbiq etmək olar. Bunun üçün dövlət tərəfindən stimullaşdırıcı proqram tətbiq edilməlidir”.
Ü.Mikayılova hesab edir ki, bu gün özəl bağçaların yaradılması üçün elə yüksək standartlar qoyulub ki, onu yalnız böyük imkanları olan biznesmenlər yarada bilər: “Bağçaların fəaliyyət göstərməsi üçün lisenziya verilməsi proseduruna yenidən baxılmalı və şərait yaradılmalıdır ki, ölkədə tikilən bağçaların sayı çoxalsın”.
Uşaq hüquqları konvensiyasının 7-ci bəndinə toxunan ekspert bildirdi ki, burada qeyd edilir ki, məktəbəqədər hazırlıq, uşağın məktəbə getməzdən əvvəl inkişafı onun əsas hüquqlarından biridir: “Araşdırmalar göstərir ki, uşağın inkişafı, onun gələcək həyatının uğurlu olması üçün məktəbəqədər təhsil hər bir uşağın həyatında zəruridir. Avropa İttifaqı ölkələrində uşağın 4 yaşından təhsilə cəlb edilməsi icbaridir. Şimali İrlandiyada isə uşağı 3 yaşından təhsilə cəlb edirlər. Biz isə uşaqları məktəbəqədər təhsillə təmin etməkdə çətinlik çəkirik, zəruri məktəbə hazırlığı təmin edə bilmirik. Bu problemin həlli üçün dövlətin alternativ proqramlar qəbul etməyi vacibdir”.
Özəllər artsa, qiymət aşağı düşər
Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva AzNews.az-a açıqlamasında bildirib ki, özəl bağçaların sayının azlığı müraciətlərin az olması ilə yox, həmin müraciətlərin əksəriyyətinin tələblərə cavab verməməsindən irəli gəlir. Özəl bağçalara lisenziya verilərkən həmin müəssisələrin sanitar normalara cavab verməsi, yerləşdiyi bina, hava tutumu, hər uşağa düşən kvadrat metr sahə kimi bir çox tələblərə diqqət yetirilir. Bəla burasındadır ki, özəl müəssisələrdə qiymətlər yüksəkdir. Əgər özəl müəssisələrin sayı artarsa, rəqabət mühiti yaranar və qiymətlər aşağı salınar. Ancaq müraciətlərin heç də hamısını müsbət cavablandırmaq olmur, çünki ilk növbədə uşaqlar üçün tələb edilən bütün şərait yaradılmalıdır. Məsələn, müraciətlə bağlı gedib baxış keçirərkən bağçanın zirzəmidə yerləşdiriləcəyini görürük. Təbii ki belə müraciət müsbət cavablandırıla bilməz”.
Bağça ünsiyyət probleminə son qoyur
Psixoloq Dəyanət Rzayev bizimlə söhbətində bağçanın hər bir uşağın inkişafında xüsusi rola malik olduğunu dedi: “Bağça uşaqların nitqini inkişaf etdirmək, onları yazı vərdişlərinə hazırlamaq, ətraf aləmlə tanış etməklə yanaşı, ən əsası onlarda ünsiyyət bacarığını formalaşdırır. Bilirsiniz ki, ünsiyyət bacarığı olmadan, uşaq cəmiyyətə adaptasiya ola bilmir. Bu zaman isə böyük problemlər yaranır. Buna görə də uşaqların məktəbəqədər təhsil müəssisələrinə getmələri vacibdir”.
Qeyd edək ki, ölkə prezidentinin 2011-ci il dekabrın 27-də verdiyi sərəncamla ölkədəki məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb. Prezidentin 2012-ci il mayın 11-də verdiyi sərəncama əsasən isə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin sərbəstləşdirilmiş ştat vahidləri hesabına Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradılıb. Ötən il yanvarın 11-də Dövlət Neft Şirkətinin uşaq bağçaları və körpələr evi də BŞİH-ə verilib.
Lalə
banner

Oxşar Xəbərlər