“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin açılışı olub - Fotolar
Dünən, faşizm üzərində
qələbə günündə paytaxtımız Bakıda möhtəşəm "Azərkitab” Kitab Təbliğatı
Mərkəzinin açılışı oldu. "Azərkitab” Kitab Təbliğatı Mərkəzinin açılışına
cəmiyyətimizdə tanınan, kifayət qədər sözünü deyən əksər ziyalılar, deputatlar,
Universitet direktorları, prorektorlar, akademiklər, ölkəmizin tanınmış
alimləri, eyni zamanda aktyorlar, şou biznes nümayəndələri də iştirak edirdi.
Tədbirin açılışı ilk olaraq layihə rəhbərinin
və tədbir iştirakçılarının Fəxri xiyabana ziyarəti ilə başladı. Ulu öndərimizin
və onun xanımının məzarı üzərinə gül dəstələri, əklilər qoyulduqdan sonra
mərkəzdə "Azərkitab” Kitab Təbliğatı Mərkəzinin açılışına start verildi.
Açılışdan öncə layihənin
ideya müəllifi Sabir Həsənov iştirakçıları salamlayıb, belə bir mərkəzin açılma
zərurətindən danışdı: "Dəvətimizi qəbul edib, açılışa təşrif buyuran
qonaqlarımızı salamlayıram. İlk olaraq ondan başlamaq istəyirəm ki, xalqımızın
böyük oğlu Heydər Əliyevin mədəniyyətə verdiyi dəyər hər zaman diqqət
mərkəzində olub. Hesab edirəm ki, hər bir Azərbaycanlı ulu öndərimizin
göstərişlərini rəhbər tutaraq üzərinə düşən vəzifəni yerinə yetirərək
cəmiyyətimizdə faydalı əməlləri ilə öz töhfəsini verməlidir. Sevindirici haldır
ki, bu gün ulu öndər Heydər Əliyevin bu siyasətini cənab prezidentimiz İlham
Əliyev davam etdirir”.
Layihənin müəllifi çıxışında onu da qeyd etdi
ki, bu mərkəz vaxtı ilə fəaliyyət göstərən "Azərkitab”ın mənəvi varisidir və bu
gündən sözügedən mərkəzin qapıları hər kəsin üzünə açıqdır: "Bilirsiniz ki,
mənim həyatım kitabla bağlı olub. Sovet dönəmində "Azərkitab” adlı bir qurum
fəaliyyət göstərirdi. Sovetlər birliyinin dağılması ilə "Azərkitab”ın
fəaliyyətinə son qoyuldu. O gündən belə bir mərkəzin açılışını etmək ürəyimdə
arzu olaraq yaşayırdı. Nəhayət ki, bunu həyata keçirmək mənə nəsib oldu. Bu
mərkəzi açmaqla məqsədimiz kitaba dönmək, gənclərimizi pis vərdişlərindən
çəkinməkdən ibarətdir”.
Tədbir iştirakçıları da
çıxışı zamanı təxminən 20 illik fasilədən sonra "Azərkitab” mərkəzinin
açılmasının yenidən fəaliyyətə başlamasını çox əlamət hadisə hesab etdilər.
Tədbirdə Mətbuat Şurasının
rəhbəri, millət vəkili Əflatun Amaşov belə bir mərkəzin açılması münasibəti ilə
layihə rəhbərinə təşəkkürünü bildirdi: "Bu mərkəzi açmaq böyük qəhrəmanlıqdır.
Sabir Həsənova Azərbaycan jurnalistləri adından təşəkkürümü bildirirəm. Biz də
hər zaman bu ideyanı dəstəkləyəcəyik, onunla bərabər mərkəzin təbliğatçısı
olacağıq. Bu mərkəz eyni zamanda dostlarımızla görüşmək, söhbət etmək üçün ən
əlverişli məkandır. Bu mərkəzin oxu zalları ilə bərabər kafeləri də var.
Mərkəzdə mötəbər tədbirlərin keçirilməsi üçün də hər bir şərait yaradılıb. Bu
Azərbaycanda bir ilkdir. Azərbaycan mədəniyyətinin inkişafında bir çox
inkişafların başlanğıcını qoyacaq. Ümid edirəm ki, "Azərkitab” mərkəzi Sabir
Həsənovun sayəsində fəaliyyətini daha da genişləndirəcək. Onlar da imkanlarını
genişləndirib, şöbələrini, filiallarını müxtəlif bölgələrimizdə yaradacaqlar”.
Xalq şairi Sabir Rüstəmxanlı çıxışı zamanı
bildirdi ki, "Azərkitab” mərkəzinin açılışı Azərbaycan mənəviyyatında mühüm
hadisənin göstəricisidir: "Bu günü kitabın, ədəbiyyatın bayramı hesab edirəm.
İndi deyirlər ki, müasir dövrdür, kitab dəbdən düşür və elektron kitablar
gündəmi zəbt edir. Mən heç də bu fikirlərlə razı deyiləm. Əgər elə olsa onda
daş kitabların, papirusların bu qədər qiyməti olmazdı. Əksinə yeni oxu sistemi
yarandıqca köhnələrin qiyməti artır”. S.Rüstəmxanlı rayonlarımızda
kitabxanaların yoxluğundan da danışdı: "200 min əhalisi olan bir rayonun bircə
dənədə olsun kitabxanası yoxdur. Bu bizim acılı yerimizdir. Biz kitaba
dönməliyik. Kitabı da döndərməliyik. Kitabı böyük rayonlarımıza göndərməliyik.
Sabir Həsənov kimi insanlar çıxıb, belə kitabxanalar yaratmasalar belə
kitabxanalarımız olmayacaq. Nə yaxşı ki, Sabir kimi təşəbbüskarlarımız var.
"Azərkitab” mərkəzi çox böyük layihədir. Bu mərkəzi yaratmaq millətə
xidmətdir”.
Xalq yazıçısı Çingiz
Abdullayev kitab mərkəzinin açılmasını sevindirici hal kimi qiymətləndirdi: "Bu
gün ölkəmizdə ikiqat bayramdır. Kitablar silahdır. Bizim ordumuz, gələcəyimiz,
Qarabağ məsələmiz hamısı məhz kitablardan asılıdır. Təəssüflər olsun ki, indi
kitabxanalar bağlanır və onların yerinə restoranlar, şadlıq sarayları açılır.
Akademik İsa Həbibəyli də Sabir Həsənovu təbrik edənlər sırasında oldu: "Bakıda
kitaba etiqadsızlığın səbəbi Bakıdakı kitab mağazalarının bağlanmasında
görürdüm. Mühüm səbəblərin başında onun durduğunu zənn edirdim. Ancaq gördüyüm
bir çox nüanslar mənim fikrimi dəyişdi. Bu gün "Azərkitab” mərkəzinin açılması
məni çox sevindirdi. Belə bir elm mərkəzin açılması hesab edirəm ki, mədəni,
eyni zamanda elmi və ictimai siyasi hadisədir. "Azərkitab” mərkəzinin açılışı
bilik, kitab bayramı kimi qeyd etməyi özümə borc bilirəm. Bu işdə Sabir müəllimə
təşəkkürümü bildirirəm”.
"Azərkitab” Kitab Təbliğatı
Mərkəzinin rəsmi açılışı baş tutdu və Çingiz Abdullayev qırmızı lenti kəsərək
mərkəzin açılışını etdi. Əməkdar artist Rafael İsgəndərov bizimlə söhbət zamanı
bildirdi ki, belə bir məkanın açılışında iştirak etmək çox qürurvericidir:
"İstərdim ki, buranı kitab mağazası deyil, mədəniyyət mərkəzi adlandırım. Belə
mədəniyyət mərkəzlərinin günü gündən çoxalmasının arzusundayam. Çox arzulayıram
ki, gənclərin kitaba həvəsi marağı meyli güclü olsun. Biz də bunun üçün
əlimizdən gələni etməliyik”.
Yazıçı-dramaturq, millət
vəkili Hüseynbala Mirələmov bu gün Azərbaycan yazıçısının oxucu problemi
olduğunu dedi: "Fikir vermisinizsə, çap olunan kitabların əksəriyyətinin tirajı
300, 500, ən yaxşı halda 1000 ədəddir. Amma ölkədə kitab oxumaq potensialı olan
insanların sayı beş milyona yaxındır. Hesab edirəm ki, bunun əsl səbəbi
kitabların, onları oxuculara tanıdan mərkəzlərin sayının cüzi olmasındadır.
Bizim televiziyalarımız kitabı təbliği etməkdənsə, şou-biznesdən gəlir. Mənim
onlara yazdığım gəlir. Çünki əsl savadsız elə onların özüdür. Gənclərimizin
beynini zəhərləməklə məşğuldurlar. Hamı bilməlidir ki, bəşəriyyətin ən böyük
kəşfi kitabdır. Kitabı təbliğ etmək lazımdır”.
Professor Nizaməddin
Şəmsizadə də bu mərkəzin açılmasını təqdirəlayiq hal kimi qiymətləndirdi: "Mən
ilk dəfə Sabir müəllimlə görüşəndə hiss etdim ki, insan çox narahat insandır.
Onunla söhbət edəndən sonra mənə məlum oldu ki, bu insan kitaba çox bağlıdır.
Məhz Sabir kimi ziyalıların kitab təbliği sahəsində fəaliyyət göstərməyə can
atmaları mənə ümid verir ki, hər şey yaxşı olacaq. Ona da söz vermişəm ki, bu
sahədə nə problemi yaranarsa, ona hər zaman yaxından kömək etməyə hazıram”.
Qeyd edək ki, Mərkəzin
direktoru Misirxan Həsənovdur. O, Sabir Həsənovun oğlu, onun ideyalarının
davamçısıdır. Biz də Misirxan Həsənovun fikirlərini öyrəndik: "Ailəmizin ruzisi
kitabdan gəldiyindən evimizdə hansı mövzuda söhbət açılırdısa, mütləq sonu
kitaba müraciət etməklə bitərdi. Kitabşünas kimi Bakıda tanınan Sabir müəllim
uzun müddət "Azərkitab” sistemində çalışmışdır. Hələ mən uşaq ikən atam məni
tez-tez özü ilə işlədiyi kitab mağazasına aparardı. Mən mağazada bir-birindən
maraqlı bəzəkli kitabları vərəqləyib, oradakı müxtəlif şəkillərə baxardım.
Kitablara marağımı görən atam hər gün evə bir kitab gətirərdi. Mən də səhərə
qədər kitab oxuyardım. Bax kitabla sıx bağlılığım atamın işlədiyi kitab
mağazasından başlayıb. Sonradan atamın işlədiyi kitab mağazası bağlandı. Lakin
mən böyüdükcə hiss edirdim ki, kitaba daha çox bağlanıram. Bir neçə ay öncə
atam evə gəlib Bakı şəhərində bir kitab mağazası açmağı planlaşdırdığını
deyəndə, mən böyük həvəslə onunla birlikdə çalışacağımı bildirdim. Beləliklə,
atamın "Azərkitab” Kitab Təbliğatı Mərkəzi layihəsi bu gün reallaşdı”.