Azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadada növbəti uğuru
27.10.2019 – 04.11.2019 tarixlərində Türkiyənin Antalya şəhərində məktəblilər arasında XI Beynəlxalq olimpiada
keçirilmişdir. Olimpiada Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu,
Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm
Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən təşkil olunmuşdur. Olimpiada III
– XI siniflər və tələbələr arasında riyaziyyat, rus dili, ingilis dili, türk
dili, coğrafiya, fizika, kimya, biologiya, təsviri incəsənət fənləri və şahmat
üzrə keçirilmişdir.
Olimpiada şagirdlərdə yaradıcılıq, elmi-tədqiqat
qabiliyyətlərinin formalaşdırılması və inkişaf etdirilməsi, şagirdlər arasında
mədəniyyətlərarası ünsiyyətin inkişafına dəstək məqsədi daşıyırdı.
Olimpiadada Rusiya, Yakutiya (Rusiya)
Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan,
Qırğızıstan, Pakistan, Əfqanıstan, Azərbaycan və Türkiyənin 30-dan çox məktəbini
təmsil edən 900-dən artıq şagird iştirak etmişdir. Azərbaycanı bu olimpiadada 2
məktəb - Avropa Azərbaycan Məktəbi və H.Əliyev adına Müasir Təhsil Kompleksi təmsil
etmişdir.
Olimpiadada Avropa Azərbaycan Məktəbinin
12 şagirdi iştirak etmişdir.
Olimpiada
rus və ingilis dillərində keçirildiyinə görə göndərilən şagirdlərin bu sahədəki
bacarıqları da nəzərə alınmışdı. Şagirdlərə bir neçə fənn üzrə olimpiadada
iştirak etmək üçün şərait yaradılmışdı. Fənn olimpiadası ilə yanaşı, asudə
vaxtın səmərəli keçirilməsi üçün müxtəlif
idman yarışları, rəqs, teatr, mahnı müsabiqələri, ekskursiyalar də təşkil
edilmişdi. Olimpiadanın proqramına açılış mərasimi, fənn olimpiadalarının
keçirilməsi, Antalyanın müxtəlif əyləncə mərkəzlərinə ekskursiya, idman- əyləncə
tədbirləri, bağlanış və qaliblərin mükafatlandırılması mərasimləri daxil idi.
Altıncı
sinif şagirdləri Kənan İbrahimli və Cihad Rəhimli riyaziyyat fənni üzrə gümüş,
doqquzuncu sinif şagirdi Aytac Aslanlı isə kimya fənni üzrə bürünc medalçı
olublar.
Qeyd edək ki, Avropa Azərbaycan
Məktəbinin olimpiadada iştirak edən bütün şagirdləri ingilis dili fənni üzrə
olimpiadaya qatılıblar. Ən uğurlu nəticələri də bu fənn üzrə əldə ediblər. Belə
ki, səkkizinci sinif şagirdləri Rüstəm Hacızadə qızıl, Abdulla Altınay və Sara
Nabikoğlu gümüş, Rəmziyyə Axundova isə bürünc medal qazanıblar. Ümumilikdə isə
şagirdlərimiz olimpiadada 7 medala sahib çıxıblar. Medal və kubokları qaliblərə
Antalyadakı Beynəlxalq Turizm Akademiyasının rektoru Zafer Bikkenoğlu və
Antalyadakı Rus Məktəbinin direktoru İrina Şavarinskaya təqdim ediblər.