Azərbaycanın Bilik Fondu ilə Gürcüstanın Bilik Cəmiyyəti arasında əməkdaşlıq sazişi imzalanıb
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu ölkə əhalisinin maarifləndirilməsi,
elmi biliklərinin artırılması, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin
izahı, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dəyərlərin təbliği,
dünya elminin əldə etdiyi nailiyyətlərin ölkəmizdə nümayişi və Azərbaycan elminin
dünyaya tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsində həm ölkənin müəssisə
və təşkilatları, həm də xarici ölkələrin müvafiq elm və mədəniyyət mərkəzləri
ilə sıx əməkdaşlıq edir. Fəaliyyət göstərdiyi dövrdə Bilik Fondu bir çox xarici
ölkələrin Azərbaycandakı səfirlikləri, Türkiyə, Ukrayna, Rusiya və
Bolqarıstanın elm, təhsil və mədəniyyət ocaqları ilə əməkdaşlığa dair müqavilələr
imzalayıb, birgə layihələr çərçivəsində müxtəlif tədbirlər həyata keçirib.
Əməkdaşlığa
dair növbəti saziş Gürcüstanın İlya Çavçavadze adına Bilik ("Tsodna”) Cəmiyyətinin
təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və
Gürcüstanın Bilik Cəmiyyəti arasında imzalanıb.
Əməkdaşlıq
sazişində hər iki ölkə əhalisinin müxtəlif sosial təbəqələri arasında maarifçilik
fəaliyyətinin həyata keçirilməsi, hər iki xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı
və incəsənəti ilə bağlı biliklərin zənginləşdirilməsi, elmi biliklərin müxtəlif
sahələri, tarix və ədəbiyyat, mədəniyyət
və incəsənət üzrə birgə elmi-praktik konfransların, tematik seminarlar və dəyirmi
masaların, disput və diskussiyaların, sərgi, müsabiqə və viktorinaların təşkili
və keçirilməsi, kitablar, məlumat ədəbiyyatı nümunələri və digər maarifləndirici
materialların hazırlanması, nəşri və əhali arasında yayılması ilə bağlı birgə tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulub.
Tədbiri
giriş sözü ilə açan Bilik Cəmiyyətinin sədri, görkəmli gürcü şairi və yazıçısı,
publisist və ictimai xadim, əməkdar jurnalist, professor Nuqzar Tsereteli rəhbərlik
etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib, Azərbaycandakı
Bilik Fondunun həyata keçirdiyi layihələrin Gürcüstanda maraqla qarşılandığını
bildirib və eyni adlı Cəmiyyətlə Fond arasında əməkdaşlıq təşəbbüsünün ölkəsinin
həm gürcü, həm də azərbaycanlı ziyalılarının istəyinə uyğun olduğunu qeyd edib.
Bildirilib ki, Gürcüstanın "Bilik Cəmiyyəti”
Beynəlxalq Elmi-Mədəni-Maarifçilik İttifaqının əsası hələ XIX əsrdə görkəmli
yazıçı İlya Çavçavadze tərəfindən qoyulub, hazırda isə Cəmiyyətin nəzdində İ.Çavçavadze
adına Tbilisi Universiteti, "Tbilisi” Terapevtik İnstitutu, Jurnalistika və
Humanitar Elmlər İnstitutu (Çiatura), Tbilisi, Batumi, Duşeti, Tianeti,
Axalkalaki və Martvilidə kollec və orta ixtisas məktəbləri fəaliyyət göstərir.
Cəmiyyət "Sitkva” ("Söz”) adlı mətbu orqanına malikdir və 1991-ci ildən "Bilik”
Beynəlxalq Assosiasiyasının həqiqi üzvüdür.
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov
tədbir iştirakçılarını 2014-cü ildə ölkə başçısı cənab İlham Əliyevin Fərmanı
ilə yaradılmış və bir sıra beynəlxalq layihələrə imza atmış Bilik Fondunun məqsəd
və vəzifələri, həyata keçirdiyi maarifləndirici tədbirlər, bölgələrdə fəaliyyət
göstərən Bilik evlərinin iş prinsipi barədə məlumatlandırıb, hər iki ölkədə
insan potensialının formalaşması və zənginləşməsində Gürcüstanda və Azərbaycanda
fəaliyyət göstərən və bu gün sıx əməkdaşlıqda marağı olan Cəmiyyət və Fondun üzərinə
böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. O.Səmədov Bilik Fondunun
lektoriyalarında gürcüstanlı alim və tədqiqatçıların elmi mühazirələrlə çıxış
etdiklərini, Tbilisi şəhər 64 nömrəli orta məktəbin
Fondun "Qardaşlaşmış məktəblər” layihəsində fəal iştirakçı olduğunu
xatırladaraq, Bilik Fondunun hər iki ölkənin elm, təhsil və mədəniyyət mərkəzləri
arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində vasitəçiliyə
hazır olduğunu bildirib.
Tədbirdə
iştirak edən İ.Çavçavadze adına Bilik Cəmiyyəti İdarə Heyətinin üzvləri –
Tbilisi Dövlət Universitetinin professorları David Qotseridze, Nano Tsereteli,
Georgi Şalamberidze və digər ziyalılar əməkdaşlıq sazişinin icrası istiqamətində
görüləcək işlər barədə fikir mübadiləsi aparıblar. Bilik Fondunun hədiyyələri –
Şota Rustavelinin Azərbaycan dilində nəşr edilmiş "Pələng dərisi geymiş pəhləvan”
əsəri və ingilis dilində işıq üzü görmüş "Qarabağ” kitabı, Fondun nəşrləri və
bukletləri Bilik Cəmiyyətinə təqdim edilib.
Bilik
Fondunun icraçı direktoru O.Səmədov Tbilisi şəhərində fəaliyyət göstərən
M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub, muzeyin
direktoru, əməkdar mədəniyyət işçisi Leyla Əliyeva və həmkarları ilə, eləcə də
muzeyin tədbirlərində fəal iştirak edən Tbilisi Dövlət Universitetinin
professorları - ədəbiyyatşünas Tamara Şarabidze və Azərbaycan-Gürcüstan Dostluq
Assosiasiyasının təmsilçisi, tibb elmləri üzrə fəlsəfə doktoru Rusudan
Kvançaxidze ilə görüşüb, Azərbaycan elminin və mədəniyyətinin təbliğində birgə
fəaliyyətin, müştərək tədbirlərin forma və məzmununa dair təkliflər irəli
sürüb. Görüşdə muzeyin Bilik Fondu tərəfindən klassik və müasir Azərbaycan
yazıçıları və şairlərinin, uşaq yazarlarının əsərləri ilə zənginləşdirilməsi,
M.F.Axundovun əsərlərinin tərcümə edilərək gürcü dilində nəşr edilməsi, ədəbi
müsabiqələrin və kitab təqdimatlarının keçirilməsi, muzeydə həm paytaxtda
yaşayan azərbaycanlılar üçün ədəbi dil, həm də gürcülər üçün danışıq dili üzrə
"Azərbaycan dili” təlim kursunun təşkili məsələləri müzakirə edilib və müvafiq
qərarlar qəbul olunub.
Tədbirlərdə
iştirak edən Gürcüstan ziyalıları O.Səmədovun 2017-ci ilin ölkədə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən "İslam Həmrəyliyi İli” elan edilməsi
haqqında Sərəncamı ilə təsdiqlənmiş Tədbirlər Planının icrası istiqamətində
Fondun fəaliyyəti barədə məlumatları, hər iki ölkə
ziyalılarının ictimai-siaysi, sosial-iqtisadi və elmi-mədəni mövzularda mühazirələrə,
Gücüstanda yaşayan azərbaycanlı gənclərin Bilik Fondunun layihələrinə daha fəal
şəkildə cəlb olunmaları ilə bağlı təklifləri böyük maraqla qarşılayıblar.