Azərbaycanda uşaq ölümünün səviyyəsi günbəgün azalır
Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayı
azalıb. Trend statistik məlumatlara istinadən xəbər verir ki, 2010-cu ildə
1843, 2011-ci ildə 1903, 2012-ci ildə 1884, 2013-cü ildə 1862, 2014-cü ildə
1655, 2015-ci ildə isə 2033 nəfər, 2016-cı ildə 1 666 nəfər 1 yaşa qədər uşaq
dünyasını dəyişib.Ötən il hər 10 000 nəfər diri doğulana, bütün səbəblərdən
1 yaşa qədər ölən uşaqların sayına görə 113,6 uşaq düşüb. 2015-ci ildə bu rəqəm
109,5, 2014-cü ildə 102,5, 2013-cü ildə 107,9 olub.Ötən illərlə müqayisədə 1 yaşına qədər uşaqlar arasında ölümün azalması sevindirici
haldır. Bəs biz buna necə nail olmuşuq?
"Xəstəliklərin
kökünün kəsilməsini bacarmışıq”
Baş pediatr Nəsib
Quliyev "Kaspi”yə açıqlamasında
bildirdi ki, Azərbaycanda ümumiyyətlə, uşaq ölümünün səviyyəsi müstəqilliyin
ilk illəri ilə müqayisədə 3 dəfəyə qədər azalıb. Onun sözlərinə görə, əgər
1992-93-cü illərdə 1 yaşa qədər uşaqlar arasında ölüm göstəricisi 29,5 idisə, (hər min nəfər doğulan uşaqdan 1 yaşa çatanadək
29 nəfər tələf olurdu) keçən 25 il ərzində bu göstərici azalaraq 10,2-yə çatıb:
"Ölkəmizdə uşaq ölümünün səviyyəsi günbəgün azalmaqda davam edir. Azərbaycanda
müstəqilliyin ilk illərində qoyulmuş səhiyyə strategiyası səhiyyəmizi 90-cı illərdə
ağır böhrandan çıxartdı, 2000-ci illərdə də inkişaf və yüksəliş mərhələsinə
çatdırdı. Təsəvvür edin ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda
yoluxucu xəstəliklər baş alıb gedirdi. Poliomielit, difteriya, qızılca, qızılca
məxmərəyi uşaqlar arasında epidemiya həddinə çatmışdı və çoxsaylı uşaq məhz bu
xəstəliklərdən tələf olurdu. Amma müstəqilliyin ilk illərində uşaqlar cəmi 5 xəstəliyə
görə peyvənd olunurdusa, indi peyvənd
olunan xəstəliklərin sayı 11-ə çatıb. Bayaq saydığımız xəstəliklər epidemiya həddində
idisə, indi artıq Azərbaycan bu epidemiyanı ləğv etmiş ölkələr siyahısındadır.
Biz bu xəstəliklərin ölkə səviyyəsində kökünün kəsilməsinə nail olmuşuq. Bunlar
sadə məsələ deyil. İlk dəfə hələ 90-cı illərdə Heydər Əliyevin bu sahəyə göstərdiyi
böyük dəstək nəticəsində, o zaman Avropadan heç bir MDB ölkələrinin ala bilmədiyi kredit dəstəyi hesabına bu preparatlar,
vaksin materialları, zərdablar ölkəyə gətirildi. Nəticədə, biz o ağır vəziyyətdən
MDB ölkələri arasında birinci olaraq çıxdıq. Sosial məsələlərin həlli dövlət
üçün prioritetdir. Bununla paralel olaraq, təbii ki, Səhiyyə Nazirliyi tərəfindən
ardıcıl olaraq həyata keçirilən silsilə dövlət proqramları əhaliyə göstərilən
tibbi xidmətin səviyyəsini yaxşılaşdırılmasına gətirib çıxardı. 2006-cı ildən
etibarən ana və uşaqların mühafizəsi dövlətin və Azərbaycan səhiyyəsinin
prioriteti kimi müəyyən edildi. Hazırda
da 2014-2020-ci illəri əhatə edən "Azərbaycanda ana və uşaqların sağlamlığının
yaxşılaşdırılması” haqqında dövlət proqramı fəaliyyətdədir. 2009-cu ildə ölkə
prezidentinin sərəncamı ilə ölkəmizdə uşaq ili elan olundu. 2013-cü ildə isə
ölkədə "Uşaqların icbari dispanserizasiya” haqqında qanun qəbul olundu. Bu
qanun əsasında artıq Azərbaycanda dövlət hesabına uşaqlar ilboyu kompleks tibbi
müayinədən keçirilir. Hazırda dünyada
mövcud olan vaksin preparatlarının ən təkmilləri Azərbaycanda tətbiq olunur. Buna
bənzər çoxsaylı tədbirlərin nəticəsində, bu nailiyyətləri əldə etmişik. Yaxın gələcəkdə
bu göstəricilər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə çatacaq”.
"Əgər ana
bunu etmirsə...”
Baş pediatr deyir ki, burada dövlətlə yanaşı
valideynlərin, xüsusilə də anaların üzərinə böyük məsuliyyət düşür. Həmsöhbətimiz
analara da məsləhətlər verdi: "Uşaq ölümü göstəricisinin 4,3 hissəsini 1 yaşa qədər,
xüsusilə də çağalıq dövründə olan uşaqlar təşkil edir. Ona görə də təsadüfi
deyil ki, 2006-cı ildən 2010-cu ilə qədər olan dövrdə Azərbaycanın 7 bölgəsində
perinatal mərkəzlər yaradıldı ki, yeni doğulan uşaqlara daha yüksək qayğı və
tibbi xidmət göstərilsin. Analara birinci məsləhətimiz odur ki, bütün canlılar
kimi, insanlar da dünyaya gətirdiyi balalarını öz qidaları ilə, yəni ana südü
ilə bəsləsinlər. Hər kəs bilməlidir ki, uşaqların arasında xəstələnmə və ölümün
qarşısını almaq üçün dünyada yeganə və əvəzolunmaz və ən böyük effektli bir
üsul var, o da dünyaya gələn körpələrin təbii yolla bəslənməsidir. Əgər ana
bunu etmirsə, dövlət nə qədər tədbir görsə də, bunun effekti görünməyəcək. Guya
balasını dünyada hamıdan çox istəyir, amma doğma uşağına süd verməkdən imtina
edir.İkinci məsələ, uşaqlara qulluq, bəslənmədir.
Uşaqlara maksimum dərəcədə diqqət, qayğı göstərmək lazımdır. Elm sübut edir ki,
uşaq dünyaya gələn andan zahılıq dövrü başa çatana kimi, yəni şərq təqvimi ilə
40 gün ərzində kənar adamlarla təmasda olmamalı, ancaq öz anasının yanında
olmalıdır. Onun bədənində lazım olan bakterial flora formalaşdıqdan sonra onu
camaatın içinə çıxarmaq olar. Bizdə isə əksər hallarda uşaq doğulandan 1 həftə sonra
doğum evindən buraxılır. Qohum-qardaş qalmır, hamısı gəlib onu qucağına
götürür. Bu xeyir əvəzinə zərər verir. Çünki ətrafda yad olan bakteriyalarla
uşaq yoluxmağa başlayır. El arasında deyirlər ki, göz dəydi. Əslində göz dəymir,
o uşağa bakteriya dəyir. Bütün valideynlər bilməlidir ki, uşaq böyütmək mürəkkəb
prosesdir. Bu yükü təbiətin verdiyi güc hesabına, qanunlara riayət etməklə
yerinə yetirmək lazımdır.Üçüncü məsələ isə ailə planlamasında çoxlu səhvlərə
yol verilməsidir. Hər kəs bilməlidir ki, insanın da başqa canlılar kimi təbiət
tərəfindən yaradılmış reproduktiv stili mövcuddur. Yəni uşaq dünyaya gəldiyi
andan, onu 2 il əmizdirməklə, hamiləlikdən kənarda qalmalıdır. Doğulmuş uşaq 2
yaşa çatana qədər ana südü ilə bəslənir, sonra ana südündən ayrılır. Ana bu
zaman təkrar hamilə olur və birinci uşağın 3 yaşı olanda 2-ci uşaq dünyaya gəlir.
Normalı budur. Amma bəzən görürük ki, ananın qucağında 9 aylıq uşaq var və 6
aylıq hamilədir. Hər kəs dərk etməlidir ki, uşaqla bərabər, hamiləlik üçün ana
orqanizmi də hazırlıq dövrü keçməlidir və hamiləliyə hazırlanmalıdır. Buna riayət
etməyib, problem çıxarırlarsa, burada tibb işçisini günahlandırmaq olmaz”.
İnsanlar daha
çox maarifləniblər
Tibb eksperti
Adil Qeybulla da hesab
edir ki, hazırda tibbi xidmətin təşkilində olan uğurlar və insanların maariflənməsi
ölüm statistikasını azaldıb: "Əvvəllər evdə doğuşlar var idi, bunların sayı
azalıb. Bütün bunlar ümumi statistikaya təsir edir. İnsanlar daha çox maarifləniblər
və hazırda hamiləliyin planlaşdırılması məsələsinə ciddi yanaşırlar. Əvvəllər
qadınlar yoxlanmadan hamilə qalırdılar və uşaqlar müəyyən xəstəliklərlə dünyaya
gəlirdi. Hazırda yoxlanmalar gedir, ana
bətnində olan xəstəliklərin əmələ gəlməsinin qarşısı alınır. Ən əsası isə
uşaqlar pediatr müayinəsindən tez-tez keçir və peyvəndləri vaxtlı-vaxtında
vurulur”. Qeyd edək ki, ötən il tənəffüs sistemi xəstəliklərindən 173, bəzi
infeksion və parazitar xəstəliklərdən 37, anadangəlmə anomaliyalardan (inkişaf
qüsurlarından), deformasiyalar və xromosom pozğunluqlarından 151 nəfər,
travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 7
nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib.
Aygün ƏZİZ