• cümə, 26 Aprel, 04:26
  • Baku Bakı 16°C

Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sülhə, sabitliyə və inkişafa xidmət edir

14.08.20 10:45 560
Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sülhə, sabitliyə və inkişafa xidmət edir
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri, iki müttəfiq respublika arasında əlaqələrin yüksələn xətlə inkişafı, o cümlədən birgə həyata keçirilən iqtisadi layihələr təkcə Qafqaz və Anadolu regionları üçün deyil, Avrasiyanın böyük bir hissəsi üçün xüsusi əhəmiyyət daşıyır. Türkdilli dövlətlərin zəngin təbii sərvətləri və milli inkişaf konsepsiyası Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələrin davamlı olması üçün perspektiv yaradır. Bu prosesin ayrı-ayrı istiqamətlərini çatdırmaq məqsədilə üçün Azərbaycan-Türkiyə müttəfiqliyinin əsaslarına qısa nəzər salmaq zəruridir.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın çoxistiqamətli inkişaf strategiyasının mahiyyəti regionda sülhün bərqərar olunması, mehriban qonşuluq və səmimi dostluq, qarşılıqlı anlaşma və inkişaf amillərini özündə ehtiva edir. Bu strategiyanın əsasında Azərbaycan və Türkiyənin müttəfiqliyi dayanır. Çünki konkret olaraq özünümüdafiə imkanları dinamik inkişafda olmasa, kənar təsirlər heç bir iqtisadi layihənin reallaşmasına imkan verməz, yaxud da bu layihələrə real təhlükə yaradar. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının mahiyyəti məhz bu amilə əsaslanır. Hər iki dövlətin rəhbərləri açıq şəkildə bəyan ediblər ki, heç bir ölkənin torpağına iddia etmirlər, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır, təbii sərvətlərinə göz dikmirlər. Bununla belə, hər iki ölkə suveren hüquqlarını, o cümlədən ərazi bütövlüyünü təmin etmək və qorumaq, təbii sərvətlərindən azad şəkildə bəhrələnmək, kommunikasiya və geosiyasi imkanlarından səmərəli istifadə etmək hüququnu özündə saxlayır və üçüncü tərəfin bu prinsiplərə qarşı çıxmasına imkan verməyəcək.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində davamlı inkişaf edən Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda sülhə, sabitliyə və inkişafa xidmət amili olmasını təsdiqləyən nəhəng işlərin faydası artdıqca bu ölkələrin cəlbediciliyi daha da çoxalır. Hazırda uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun bəhrələrini həm Azərbaycan xalqı, həm də regionun digər ölkələrinin vətəndaşları gündəlik həyatlarında hiss edirlər. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq "Şərq-Qərb” nəqliyyat–kommunikasiya dəhlizi bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırıb. Bundan başqa, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsinə BMT Baş Assambleyasının qəbul etdiyi 3 qətnamədə dəstək verilməsi Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının daha bir real nəticəsidir.
Əlamətdar haldır ki, Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi”nin nəticəsi olaraq həyata keçirilən layihələr yeni iqtisadi perspektivlər yaradır.
Azərbaycan və Türkiyə birmənalı olaraq bəyan ediblər ki, xarici siyasətlərində qarşılıqlı münasibətlərin inkişafı prioritet məsələdir. Burada hərbi əməkdaşlıq mühüm strateji istiqamətdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 11-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul etməsi, ertəsi günü Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfəri və nümayəndə heyətinin dövlətimizin başçısı tərəfindən qəbul edilməsi bir daha göstərir ki, iki qardaş ölkə həm beynəlxalq əhəmiyyətli iqtisadi layihələri gerçəkləşdirmək, həm də özlərinin bütün milli maraq və mənafelərini qorumaq strategiyasını əzmlə davam etdirəcək. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə 2020-ci il iyulun 29-dan Azərbaycanda başlanan növbəti genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri bütün Qafqaz bölgəsinə sülh və əmin-amanlıq vəd edən tarixi səhifə oldu. Bu strategiyanın qorunması Azərbaycan və Türkiyə xalqlarının mənəvi haqqı, dövlətlərimizin beynəlxalq hüquqla müəyyən olunan suveren hüququdur.
AZƏRTAC
banner

Oxşar Xəbərlər