• cümə, 26 Aprel, 04:46
  • Baku Bakı 16°C

Azərbaycan tarixinin ən gözəl günlərindən biri

14.09.13 09:26 3132
Azərbaycan tarixinin ən gözəl günlərindən biri
Sabah Azərbaycan öz tarixinin ən şanlı və şərəfli günlərindən biri olan Bakının azad olunmasının 95-ci ildönümünü qeyd edəcək. 95 il əvvəl Nuru Paşanın Qafqaz İslam Ordusu ilə birlikdə Azərbaycanın yardımına gəlməsinin nəticəsi sözün əsl mənasında Azərbaycanın xilas günü oldu. Bakının düşmən əsarətindən azad edilməsi həmin dövrdə Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi demək idi və bu, milli azadlıq mübarizəmizin ən şərəfli səhifələrindəndir.
Məlum olduğu kimi, I dünya müharibəsi illərində rus ordusunun köməyindən yararlanan erməni silahlı dəstələri Anadoluda yüz minlərlə türkün həyatına son qoyaraq “Böyük Ermənistan” planını reallaşdırmaq üçün Azərbaycanın qərbində, şimalında və cənubunda türklərə qarşı soyqırımı siyasəti həyata keçirirdi. Ona görə də, 1918-ci il fevralın 16-da Ənvər paşa Qafqaz, Dağıstan, Türküstan və Rusiyaya tabe olan müsəlman ölkələrinə ehtiyac hiss etdikləri yardım və köməyi göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı. Əmrə görə polkovnik-leytenant Nuru bəy (Ənvər paşanın ögey qardaşı) Tehran Mərkəzi Heyətinin rəhbəri, podpolkovnik Şövkət bəy Dağıstana, minbaşı Nazim Cavad bəy Əfqanıstana və Xəlil paşanın məsləhət gördüyü digər zabitlər isə Qafqazın digər bölgələrinə və Türküstana göndərilməli idi. Belə bir orduya Nuru bəyin polkovnik-leytenant rütbəsi ilə rəhbərlik edə biləcəyinə olan şübhələri yox etmək üçün ona fəxri general rütbəsi verildi.
1918-ci ilin martında Nağı Şeyxzamanlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti sultanla və hərbiyyə naziri Ənvər Paşa ilə görüşərək Azərbaycan türklərini erməni soyqırımından qurtarmaq üçün hərbi yardım göstərilməsini xahiş etdi və həm sultandan, həm də Ənvər paşadan müsbət cavab aldı.
Bu müraciəti əldə əsas tutan Osmanlı rəhbərliyi özünün Qafqaz siyasətini reallaşdırmaq üçün qəti tədbirlərə başladı. 1918-ci il aprelin 5-də Ənvər paşa Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə aid təlimatnaməni təsdiq etdi. Tiflisdə 1918-ci il mayın 26-da Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistanın öz müstəqilliklərini elan etmələri hadisələrin axarını kəskin dəyişdi. Yeni elan olunan üç dövlətdən Gürcüstanın paytaxtı Tiflis, Ermənistanın paytaxtı İrəvan oldu. Bakı Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti tərəfindən işğal edildiyindən Gəncə Azərbaycanın müvəqqəti paytaxtı elan edildi. Elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq və onu real dövlət qurumuna çevirmək dövrün ən çətin problemlərindən biri idi. Bütün bunları nəzərə alan Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi 1918-ci il iyunun 4-də Batumidə Osmanlı dövləti ilə rəsmi müqavilə imzaladı. Müqavilədə vurğulanırdı ki, Azərbaycan ərazisində təhlükəli vəziyyət yaranacağı təqdirdə Osmanlı dövləti burada intizam və asayişi təmin etmək üçün Azərbaycana əsgəri yardım göstərə bilər.
Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 4-də 20 minlik Bakı Soveti qüvvəsi hərbi və dəniz işləri üzrə komissar Korqanovun 8 saylı əmri ilə Hacıqabuldan qərb istiqamətində hücuma başlamışdı. Qırmızı ordunun tərkibindəki əsgər və zabitlərin böyük əksəriyyətini ermənilər təşkil edirdi. Gəncə istiqamətində hücuma keçən ordunun dörd komissarından üçü erməni idi. İyunun 10-da Bakı Soveti qüvvələrinin Hacıqabul stansiyasından hücumu başlandı. Bir neçə gün ərzində Ucar və ətraf ərazilər, Kürdəmir və ətraf stansiyalar Qırmızı ordu tərəfindən işğal olundu. Təhlükənin qarşısını almaq üçün Nuru Paşa Gəncədəki erməniləri tərk-silah etdi və qoşunu Göyçay istiqamətinə göndərdi. Nuru Paşa general Əliağa Şıxlinski ilə birlikdə iyun ayının 18-də Müsüslüyə, sonra isə Göyçaya gəldi, real vəziyyəti təhlil etdi, milli ordu hissələrini və yerli könüllüləri döyüşə hazırladı. Qafqaz İslam Ordusunun hissələri Göyçay və Qaraməryəmdə düşmənə məhvedici zərbə endirdi. Qafqaz İslam Ordusu avqust ayının əvvəllərində Bakı ətrafına qədər gəlib çıxdı. Lakin Bakıya edilən ilk iki hücum uğursuz oldu. Buna baxmayaraq, Nuru Paşa Bakını işğaldan azad etmək üçün xüsusi plan hazırlayaraq qüvvələri yenidən topladı. Avqustun 25-də Bakı uğrunda qızğın döyüşlər başladı. Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətlərdən olan əsgər əsir götürüldü. Əsir alınanlar arasında düşmən tərəfində vuruşan iranlı əsgər və zabitlər də vardı. Amma Bakı uğrunda gedən döyüşlərdə itkilər də az deyildi. Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-ə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1130-a qədər şəhid vermişdi. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-ə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri çox idi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusu tərəfindən azad edildi. Maştağa və Hökməli kəndlərində mövqelərini möhkəmlədən Nuru Paşa yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi.
Beləliklə, sentyabrın 15-i, saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru Paşa Bakının ələ keçirilməsilə bağlı hərbi nazir Ənvər Paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru Paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin. Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər Paşanın çox böyük sevincinə səbəb oldu. O, Nuru Paşaya göndərdiyi teleqramda yazırdı: “Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”.
Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru Paşaya yazırdı: “Cəsur türk əsgərlərinin Azərbaycanın başkəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır”.
Qələbədən sonra Bakını azad edən türk ordusunun komandanları Nuru Paşa, Xəlil Paşa, Mürsəl Paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək, onun evində qalıb. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə, ikimərtəbəli böyük malikanəsini (indiki Azərbaycan Tarix Muzeyini) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxır. O, öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verir. Nuru Paşa Bakının azad edilməsi ilə bağlı sentyabrın 16-da paytaxtda keçirilən paradla iki qardaş xalqın əbədiyyətə qədər birgə addımlayacağını nümayiş etdirir.
Bakı azad edildikdən iki gün sonra Azərbaycan Milli Hökuməti Gəncədən Bakıya köçdü. Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Türk ordusu iki həftə sonra Şuşaya istiqamətləndi və Qarabağın düşmənlərdən azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərdi. Bakının azad edilməsi tarixi təsadüfi seçilməmişdi. Məhz sentyabrın 15-də Qurban bayramı qeyd edilirdi. Türkiyənin müdafiə naziri Ənvər Paşa Bakının bu tarixə qədər azad edilməsi göstərişi vermişdi ki, müsəlmanlar bayramı öz şəhərlərində qeyd etsinlər.
Bakının azad olunması bir neçə səbəbdən böyük hadisədir. Birincisi, əməldə, işdə sübut olundu ki, Azərbaycanla Türkiyə əvəzolunmaz qardaş, dostdurlar. Yalnız qardaşlar biri-birinin torpağı üçün canından keçib, qanını axıda bilərdi. İkincisi, Bakının işğaldan azad olunması Azərbaycan Xalq Cümhuriyyətinin böyük qələbəsi idi. AXC yalnız 23 ay hakimiyyətdə ola bildi. AXC qurulanda Bakı işğal altında idi, Qarabağda da ermənilər baş qaldırmışdı. Paytaxtımız Gəncədə yerləşmişdi. Qısa müddətdə Bakı da işğaldan azad olunmuşdu, Qarabağda suverenliyimiz də bərpa edilmişdi. Bu da AXC-nin düzgün strategiyasi və siyasətinin göstəricisidir. Bununla da, həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu. Tarixçilər qeyd edir ki, Bakının azad edilməsinin böyük tarixi əhəmiyyəti var idi. Bu silah qardaşlığının sayəsində Azərbaycan təbii, tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Bu, bir qardaşlıq yardımı idi. Şəhərin azad edilməsi ilə "başla bədən birləşdi”. Bu hadisə azərbaycanlıların milli ruhunu yüksəltdi. Onlar çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar. 1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Həmin abidənin tikintisi, nəinki dayandırıldı, hətta türk və türkçülük sözü rəsmi yasağa çevrildi. Yalnız 90-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar görünməyə başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onun şərəfinə Şəhidlər Xiyabanında abidə ucaldıldı. Bu gün hər bir azərbaycanlı Şəhidlər Xiyabanını ziyarət edərkən Azərbaycanın istiqlalı yolunda şəhid olan türk və azərbaycanlı əsgər və zabitlərin ruhuna dualar oxuyur, onları böyük iftixar hissi ilə yad edir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı. Şübhə yoxdur ki, Türkiyə Ordusu tərəfindən göstərilən bu qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.
Kamran

banner

Oxşar Xəbərlər