• cümə, 26 Aprel, 20:05
  • Baku Bakı 22°C

Azərbaycan prezidentindən dəstək mesajı Türkiyə mətbuatında

04.09.20 17:22 1992
Azərbaycan prezidentindən dəstək mesajı Türkiyə mətbuatında
Qardaş ölkənin ayrı-ayrı köşə yazarları məqalələrində İlham Əliyevin fikirlərini şərh ediblər

Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizdəki yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən söylədiyi fikirlər xarici medianın diqqət mərkəzindədir. Bəlli olduğu kimi, dövlət başçısı adətən səfirləri qəbul edəndə onlarla adətən ikitərəfli əlaqələr barədə danışır. Amma bu dəfə belə olmadı. Bu dəfə dövlət başçısı Yunanıstanla bağlı bütün tənqidi düşüncələrini açıq bəyan etdi.
Qardaş Türkiyə mediası prezident İlham Əliyevin bu fikirlərini geniş şəkildə işıqlandırıb. Həmin məqalələrdə qardaş ölkənin XİN rəhbərindən tutmuş, digər rəsmi şəxslərin təşəkkürləri yer alıb. Məsələn, "Hürriyet” qəzetində dərc olunan "Azerbaycan Cumhurbaşkanı Aliyev'den Doğu Akdeniz mesajı” başlıqlı məqalədə ölkə rəhbərinin Aralıq dənizində yaşanan gərginliklə bağlı fikirləri dərc edilib. Qəzet yazır ki, prezident işğalçı Ermənistanla Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatçılığını ifadə edib. "Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Yeri gəlmişkən, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan "Tərəfdaşlıq prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir”, - deyə qəzet prezidentin fikrilərindən sitat gətirib.
"Sözçü” qəzetində dərc olunan "Azerbaycan’dan Türkiye’ye Doğu Akdeniz desteği!” başlıqlı məqalədə isə prezidentin Ermənistanın bu gün özünü aqressiv aparması barədə fikirlərindən bəhs edilib. "Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub”, - deyə məqalədə bildirilir. Məqalələrdə eyni zamanda bildirilir ki, Afina bir neçə il əvvəl Bakıya verdiyi vədini yerinə yetirməyib. Belə ki, Yunanıstanın keçmiş hökuməti Azərbaycana Yunanıstanın qaz şirkəti olan "DESFA”nın özəlləşdirilməsində SOCAR-ın iştirakını təklif etmişdi. Azərbaycan da tenderə qoşuldu və qalib gəldi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və "DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, Azərbaycanın Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planları baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu 6 il əvvəl olub və rəsmi Bakı hesab etdi ki, Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. Ancaq əfsuslar ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi.
"Yeni Asir” qəzetində dərc olunan məqalədə də bu dəstəkdən bəhs edilib. "Habervakti.com” başlıqlı məqalədə "Aliyev, Yunan elçinin yüzüne söyledi: Türkiye'yi tereddütsüz destekliyoruz!” başlıqlı məqalədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu bildirilib. Öz növbəsində Türkiyədə ingilis dilində dərc olunan "Daily Sabah” qəzetində də İlham Əliyevin yunan səfiri ilə görüşü və onun Yunanıstan barəsində səsləndirdiyi fikirlər yer alıb.
Onu da qeyd edək ki, Türkiyənin ayrı-ayrı köşə yazarları da öz məqalələrində prezidentin fikirlərini şərh ediblər. Qeyd edilir ki, Azərbaycan və Türkiyə arasında strateji və qardaşlıq münasibətləri nümunə hesab ediləcək səviyyəyə yüksəlib və bu münasibətləri sarsıtmaq mümkün deyil.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər