Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub

Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub

Cəmiyyət
14 Noyabr 2019, 15:51 1205
Azərbaycan Prezidentinin təşəbbüsü ilə dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir və ictimaiyyət tərəfindən geniş dəstək alır.
Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi barədə” fərmanına əsasən keçirilən məhkəmə-hüquq islahatlarının növbəti mərhələsi bilavasitə hüququn tətbiqi praktikasının təkmilləşdirilməsi və məhkəmə ekspertizası mexanizminin yenilənməsi ilə əlaqədardır:
"Bu mərhələdən fərqli olaraq birinci mərhələ əsasən institusional xarakter daşıyırdı. Milli Məclisə təqdim olunmuş qanunvericilik paketinin əsasını təşkil edən qanun layihələri bir sıra hüquqi aktlara dəyişikliklərin edilməsini nəzərdə tutur. Bu mərhələdə keçirilən islahatlar üçün məhkəmə praktikasının vahidliyi vacib əhəmiyyət kəsb edir. Bunun təmin olunması müzakirəyə təqdim edilən layihələrdə nəzərdə tutulub”.
Deputat qeyd edib ki, material və prosessual qanunvericiliyin normalarının sabit və vahid tətbiqi hüququn aliliyinin ən vacib göstəricilərindən biridir:
"Hüququn tətbiqi praktikası eyni kateqoriyadan olan cinayət, mülki və inzibati işlərə müxtəlif yanaşmaya yol verməməlidir. Eyni kateqoriyadan olan işlərlə bağlı verilən fərqli məhkəmə qərarları məhkəmə hakimiyyətinin nüfuzunu artırmır, hüquq normalarının ziddiyyətli anlayışına və tətbiqinə gətirib çıxarır. Əlbəttə, məhkəmə praktikasının vahidliyi barədə danışanda, heç kim demir ki, bütün işlərə eyni cür, hüquqi əsaslar araşdırılmadan baxılmalıdır. Məsələnin məğzi ondan ibarətdir ki, müxtəlif kateqoriyalı işlər üzrə ədalət məhkəməsinin icrası prosesinin dəqiqliyi formalaşdırılsın. Təqdim olunan qanun layihəsində məhz bu məqsəd müəyyən edilib”.
Ə.Hüseynli əlavə edib ki, qüsurlar aşkar edilən sahələrdə bir ildən az olmayaraq monitorinqin keçirilməsi nəzərdə tutulur və bu cür monitorinqin nəticələri hakimlərin fəaliyyətinin qiymətləndirilməsi zamanı Məhkəmə-Hüquq Şurası tərəfindən nəzərə alınır.