• cümə, 26 Aprel, 20:26
  • Baku Bakı 22°C

Peyvəndi əldə edən birinci ölkələr sırasında olacağıq

03.09.20 09:30 508
Peyvəndi əldə edən birinci ölkələr sırasında olacağıq
Azərbaycanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanaların açılması COVID-19-la aparılan mübarizədə dövlətin qətiyyətini, niyyətini və gücünü göstərir. Qısa müddət ərzində ölkəmizdə modul tipli 11 xəstəxana inşa edilib ki, bu tibb müəssisələrində çarpayıların sayı 4100-dür. Xüsusilə belə xəstəxanalarda çox sayda intensiv terapiya-reanimasiya yerlərinin mövcudluğu koronavirusla mübarizədə əlavə imkanlar yaradır. Avqustun 31-də açılışı olan daha bir modul tipli xəstəxanada isə 820-dən çox çarpayı mövcuddur, lakin qısa müddət ərzində onların sayını 1500-ə qədər artırmaq mümkündür.
Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Həyata keçirilən tədbirlər nəticəsində hazırda Azərbaycanda koronavirus xəstələrinin sayının azalmaqda olduğunu qeyd edən Sədaqət Vəliyeva bildirib: "Son günlər müsbət dinamika müşahidə edilir. Amma bu rəqəmlərə istinad edib rahatlaşmaq olmaz. Xüsusilə də payız-qış mövsümündə xəstəliklərin baş qaldırması koronavirusun yenidən alovlanmasına səbəb ola bilər. Əlbəttə, dövlət bütün ehtimalları nəzərə alaraq modul tipli xəstəxanaları inşa edir ki, hər bir vəziyyətə hazır olaq. Hətta bu gün mövcud xəstəxanalardakı yerlərlə yanaşı, iki Olimpiya İdman Kompleksi də koronavirus xəstələri üçün ayrılıb və orada 300-dən 500-ə qədər çarpayı var. Əgər ehtiyac yaranarsa, qısa müddətdə əlavə olaraq 1400 çarpayılıq 7 modul tipli xəstəxananın da tikintisini həyata keçirilə bilər. Bununla yanaşı, ölkəmizdə laboratoriyaların sayı 45-ə çatdırılıb və 900 mindən çox test keçirilib. Yəni, görülən bütün bu tədbirlər və işlər onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığını, onları koronavirus bəlasından qorumaq üçün lazımi infrastruktur formalaşdırıb”.
"Azərbaycan dövləti insanların sosial-psixoloji vəziyyətini nəzərə alaraq COVID-19-la mübarizədə daha səmərəli addımlar atmaqla karantin rejimini tamamilə aradan qaldırmaq niyyətindədir”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, elə bu səbəbdən görülən işlərlə yanaşı, hazırda bir neçə şirkətlə koronavirusa qarşı peyvəndin ölkəmizə gətirilməsi istiqamətində fəal iş aparılır. Heç şübhəsiz, Azərbaycan peyvəndi əldə edən birinci ölkələr sırasında olacaq.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, ölkəmizdə tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Məhz bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyətləri aradan qaldırılıb. "Lakin çox təəssüflər olsun ki, bu uğurların fonunda məsuliyyətini dərk etməyən, şəxsi maraqlarını xalqın mənafeyindən üstün tutanlar dövlətin atdığı addımlara əsassız olaraq ləkə yaxır, ictimai rəyi çaşdırmağa çalışırlar. Onlar gediş-gəlişin, restoranların açılmasını tələb edirlər. Amma bunun nəticəsini və məsuliyyətini dərk etmirlər. Bəs, əgər onların istədikləri olarsa və yoluxmaların sayı yenidən artmağa başlarsa, o zaman məsuliyyət kimin üzərində olacaq? Muzeylərin açılmasına rişxəndlə yanaşanlar onlarla, yüzlərlə insanın COVID-19-a yoluxmasına görə məsuliyyət daşıyacaqlarmı? Əlbəttə ki, yox. Bu səbəbdən də dövlətin atdığı addımları dəstəkləmək, səbirli olmaq lazımdır. Əgər tendensiya bu cür davam edərsə, qısa zaman ərzində normal həyatımıza qayıdacağıq. O zaman bu gün əsassız çağırışlar edənlər səhvlərini başa düşəcəklər”, - deyə deputat bildirib.
banner

Oxşar Xəbərlər