AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan idmançıları: Ali Baş Komandanın və müzəffər ordumuzun arxasındayıq

Azərbaycan idmançıları: Ali Baş Komandanın və müzəffər ordumuzun arxasındayıq

Cəmiyyət
16 İyul 2020, 20:49 213
Bir qrup idmançı Ermənistan-Azərbaycan sərhədində son günlər baş verən hadisələrlə bağlı bəyanat verərək Azərbaycan Ordusunu və Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bildiriblər.
Azərbaycan Karate Federasiyasından Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:
"Artıq 30 ilə yaxındır ki, doğma Qarabağımız Ermənistan Respublikasının işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsindən tutmuş Avropa İttifaqına, Avropa Şurasına, İslam Əməkdaşlıq Təşkilatına və digər mötəbər beynəlxalq təsisatlara qədər, bütün sivil dünya Qarabağın Azərbaycanın ərazisi olduğunu və Ermənistan tərəfindən işğal edildiyini dəfələrlə rəsmi hüquqi sənədlərdə açıq mətnlə təsbit etmişdir. Beynəlxalq hüququn, beynəlxalq ictimai rəyin, ən başlıcası tarixi ədalətin və tarixi faktların birmənalı şəkildə Azərbaycanımızın yanında olmasına baxmayaraq, Ermənistan bu illər ərzində işğalçı və təcavüzkar mövqeyindən geri çəkilmir, əksinə hərbi təxribatlarını artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində - Tovuz istiqamətində davam etdirir.
İyul ayının 12-də düşmən təcavüzkar siyasətinə sadiq qalıb Tovuz rayonu istiqamətində növbəti hərbi təxribata imza ataraq iri çaplı silahlardan ərazilərimizi, mülki əhalinin məskunlaşdığı kəndlərimizi, faktiki mülki əhalini atəşə tutmuşdur. Erməni təxribatı nəticəsində 11 hərbi qulluqçumuz və bir mülki vətəndaşımız şəhid olmuşlar, yaralılarımız var. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Erməni təbliğatından hiddətlənən minlərlə həmvətənimiz, ilk növbədə gənclərimiz Ali Baş Komandanımız cənab İlham Əliyevə, Ordumuza dəstək və həmrəyliyini ifadə etmək üçün şəhər və rayonlarımızda kütləvi yürüşlər keçirmişlər. Bu yürüşün ən möhtəşəmi iyulun 14-də Bakıda keçirilmişdir. Həmin dəstək və həmrəylik yürüşündə bizlər də Azərbaycan vətəndaşı kimi iştirak etmişik. Ali Baş Komandan və Xalq birliyinin, Ordu və Vətəndaş həmrəyliyinin sübutu olan bu yürüşə bütün dövlət qurumları, xüsusi ilə Azərbaycan polisi əsl vətənpərvərlik göstərərək dəstək vermiş, nəinki bu tədbirə mane olmuş, əksinə özləri də vəzifələrini yerinə yetirməklə bərabər yürüşdə fəal iştirak etmişlər. Şəhidlər Xiyabanında, Şəhidlərimizin uyuduğu ən müqəddəs məkanda hamımız Prezident cənab İlham Əliyevlə, Ordumuzla son nəfərimizədək bir yerdə olduğumuzu, Qarabağımız işğaldan azad edilənədək düşmənlə döyüşməyə hazır olduğumuzu, Şəhidlərimizin qisasını mütləq alacağımızı həm işğalçı Ermənistana, həm də bütün dünyaya nümayiş etdirdik. Bir daha göstərdik ki, bizlər Xalqıq, başqalarının torpaqlarında gözümüz yoxdur, ancaq öz tarixi torpaqlarımızı-Qarabağımızı da heç kimə, heç bir gücə güzəştə getməyəcəyik, onu işğaldan mütləq azad edəcəyik, 30 ilə yaxın müddətdə davam edən status-kvo ilə qətiyyən barışmaq fikrində deyilik, bu məsələdə də Ali Baş Komandanımız cənab İlham Əliyevin və onun rəhbərlik etdiyi Ordumuzun, qəhrəman zabit və əsgərlərimizin arxasındayıq !
Bizlər bu gün bir həqiqəti də bilməliyik. Son erməni təxribatı nəticəsində verdiyimiz Şəhidlərin qanı Ali Baş Komandanımızın və Ordumuzun qətiyyəti sayəsində artıq yerdə qalmayıb və bu qisas şəhidlərimizin ruhu və milli mənliyimiz naminə Qarabağı azad edəcəyimiz günədək davam edəcək ! Biz ona da əminik ki, İlham Əliyev kimi iradəli və vətənpərvər Ali Baş Komandanı, yalnız qələbəyə köklənən Ordusu olan xalqımızın gözlədiyi həmin günə artıq çox yaxınlaşmışıq.
Təəssüf ki, iştirakçısı olduğumuz belə bir möhtəşəm yürüşün sonunda bir qrup gənc kimlərinsə təxribatına uyaraq, əksəriyyət Şəhidlər Xiyabanından dağılışdıqdan sonar Milli Məclisin inzibati binasına daxil olaraq ora ziyan vurmuş, yürüşdə bizlərlə həmrəyliyini göstərən düşmənin yox, öz polisimizin xidməti avtomobillərinə zərər yetirmişlər. Gəlin bir anlığa təsəvvür edək. Dünya telekanalları, sosial şəbəkələr bir tərəfdən Bakıda keçirilən, Dövlətimizə, Prezidentimizə, Ordumuza möhtəşəm xalq, millət dəstəyini əks etdirən video-süjetləri paylaşır, o biri tərəfdə isə düşmənimiz və onun havadarları bir qrup Azərbaycan gəncinin kimlərinsə ssenarisi əsasında törətdiyi təxribat səhnəsini nümayiş etdirir. Belə bir səhnə hər birimiz üçün utancvericidir, güddüyü məqsəd isə möhtəşəm birliyimizə kölgə salmaq cəhdi, düşmənlərimizin əlinə verilən fürsətdir.
Müstəqil Azərbaycanımızın müqəddəs bayrağını mötəbər idman yarışlarında ən yüksəyə qaldırıb, himnimizin sədaları altında müxtəlif millətlərdən olan insanların ayaq üstə bizlərin, yəni həm də Sizlərin, əslində isə doğma Azərbaycanımızın qələbəsini necə alqışladığını görüb bundan qürur duymuş həmvətənləriniztək bizlər bu müraciəti etməyi özümüzə borc bilirik. Torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal olunmasının əsas səbəblərindən biri də zamanında bu cür təxribatlara uymağımız, belə cəhdlərə imkan verməyimiz, müqəddəs Qarabağ şüarları və sədaları altında əslində isə hansısa qrupların hakimiyyət uğrunda apardıqları mübarizəyə göz yummağımız, biganə qalmağımız, kənardan seyr etməyimiz olub. Lakin bu gün artıq həmin dövr deyil və bizlərin bir daha belə təxribatlara imkan verməyə milli və mənəvi haqqımız yoxdur. Bu cür təxribatları pərdə arxasından təşkil edənlər, məkrli arzularla yaşayanlar birmənalı şəkildə bilsinlər ki, onların oyunları artıq işləmir, gənclərimizi hansısa təxribatda alətə çevirmək istəyənlər mütləq ifşa olunacaq və qanuni cəzalarına çatdırılacaqlar. Bu ona görə lazımdır ki, bu cür təxribatlar xalqımızı müqəddəs məqsədindən, Qarabağımızdan uzaqlaşdırır, yalnız düşmənin maraqlarına xidmət edir. Açıq və gizli düşmənlərimiz qoy bilsinlər ki, bizlər Xalqımızın, Ali Baş Komandanımız cənab İlham Əliyevin və qələbəyə köklənən Ordumuzun yanındayıq ! Qarabağımızın azadlığına aparan yeganə yol da yalnız bu yoldur !
Sonda, hər zaman olduğu kimi indi də Azərbaycanımıza öz dəstəyini açıq şəkildə ifadə etmiş qardaş Türkiyəyə, onun sivil toplumuna, başda Türkiyə Prezidenti cənab Ərdoğan olmaqla bütün rəsmilərinə, bu ağır günlərdə ölkəmizə dəstəyini ifadə etmiş bütün dövlətlərə, beynəlxalq təşkilatlara öz adımızdan təşəkkür və ehtiramımızı bildiririk!
Hörmətlə,
Ülvi Quliyev – Millət vəkili, Azərbaycan Karate Federasiyaları Assosiasiyanın prezidenti;
Füzuli Musayev – Karate üzrə 2 qat dünya çempionu, Qarabağ müharibəsi veteranı;
Həmdiyyə Məmmədov – Taekvando Federasiyasının baş katibi, Qarabağ müharibəsi veteranı;
Əhməd Hətəmov – Ənənəvi Karate Federasiyasının prezidenti;, Dünya çempionu;
Rəhman Hətəmov – Dünya çempionu, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti;
Oqtay Məmmədov – Veteranlar arasında Dünya çempionu;
Rəfael Ağayev – 5 qat Dünya və 11 dəfə Avropa çempionu;
Niyazi Əliyev – Dünya və Avropa çempionu;
Firdovsi Fərzəliyev – Avropa və İslam oyunlarının qalibi;
Fariz Nəcəfov – Şotokan Karate üzrə 7 qat Dünya çempionu;
Rəşad Hüseynov – Dünya və Avropa çempionu;
Ayxan Mamayev – Avropa çempionu və Dünya mükafatçısı;
Şahin Atamov - Avropa çempionu və Dünya mükafatçısı;
Mehman Eynalov – Ənənəvi karate üzrə Dünya çempionu;
Fuad Əliyev - Ənənəvi karate üzrə Dünya çempionu;
Seymur Hüseynov - Ənənəvi karate üzrə Dünya və Avropa çempionu;
Roman Heydərov – 4-cü İslam Həmrəyliyi oyunlarının qalibi;

Rafiz Həsənov - Avropa çempionu;
Nüranə Əliyeva – Avropa çempionu;
İlahə Qasımova – Avropa çempionu;
İrina Zaretska – Dünya və Avropa çempionu
Fəridə Abıyeva - 4-cü İslam Həmrəyliyi oyunlarının qalibi
Ceyhun Ağasıyev - Avropa çempionu
Rüstəm Mədətov - Avropa çempionu
Rafael Məmmədov - əməkdar məşqçi
Seymur Xudaverdiyev - Yeniyetmə və Gənclər milli komandasının böyük məşqçisi, əməkdar məşqçi
Anar Abdullayev – Yeniyetmə və Gənclər milli komandasının baş məşqçisi, əməkdar məşqçi
Denis Morozov – Qadınlardan ibarət milli komandanın baş məşqçisi
Anar Əhmədov - Kata üzrə milli komandanın böyük məşqçisi, əməkdar məşqçi
Vüqar Kərimov – Kata üzrə milli komandanın böyük məşqçisi, əməkdar məşqçi
Vahid Ayvazov - Kata üzrə milli komandanın baş məşqçisi, əməkdar məşqçi
Şahin Xudaverdiyev – Əsas milli komandanın böyük məşqçisi, əməkdar məşçqi
Qurban Tağıyev – Əsas milli komandanın baş məşqçisi
Akif Kərimov - Sumqayıt regional şöbəsinin rəhbəri, əməkdar məşçqi
Sahib Rzayev – Gəncə regional şöbəsinin rəhbəri, əməkdar məşçqi
Cahangir Babayev – Federasiyanın Baş hakimi, əməkdar məşqçi
Bikə Qurbanova – Federasiyanın meneceri
Sənan Məhərrəmov – Federasiyanın Mətbuat katibi, idman jurnalisti, Qarabağ müharibəsi veteranı
MirCabar Seyidov – Federasiyanın məsul katibi, əməkdar məşqçi
Cahangir Şahmuradov – İlk SSRİ çempionu, karate üzrə ilk idman ustası
MirƏli Seyidov – Azərbaycan Ciu-Citsu Federasiyasının prezidenti, Azərbaycanda karatenin banisi
Fərid Əsgərov – Federasiyanın 1-ci Vitse-prezidenti
Yaşar Bəşirov – Azərbaycan Milli Karate Federasiyasının prezidenti, əməkdar idman xadimi, 8-ci Dan Qara kəmər və Şöhrət ordeninin sahibi".