• çərşənbə, 17 Aprel, 00:05
  • Baku Bakı 14°C

Azərbaycan dövləti milli-mənəvi dəyərlər əsasında qurulub

16.05.16 11:55 1886
Azərbaycan dövləti milli-mənəvi dəyərlər əsasında qurulub
Ümummili Lider Heydər Əliyev: "Milli-mənəvi dəyərlərini qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir”
Hər bir millətin tarix boyunca inkişaf etmiş, zaman-zaman azacıq dəyişmiş milli dəyərləri var və hər bir xalqı millət kimi formalaşdıran da bu dəyərləridir. Bəzən fərdlərə görə dəyişən milli dəyər anlayışı çox zaman ümumi rahatlıq və vətən naminə birlikdəlik nümayiş etdirməkdir. Çünki bir milləti var edən və daima ayaqda saxlayan milli-mənəvi dəyərləridir.
Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərlərimiz Azərbaycanın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, duz-çörək qədər hamımıza əzizdir. Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar, araşdırmalar qədim köklərə malik Azərbaycanın bir çox adətini əsrlər boyu qoruyub saxladığını üzə çıxarır. Azərbaycanın milli dəyərləri min illər əvvəl formalaşan, bu günədək demək olar ki, dəyişilməyən, itirilməyən dəyərlərdir. Bu dəyərlər vahid xalq olaraq formalaşmağımızda da əhəmiyyətli rola malikdir.
Milli-mənəvi dəyərlər və Azərbaycançılıq bizim hər birimiz üçün qiymətli və müqəddəs amillərdir. Bu amillər milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsipləri əsasında formalaşıb. Xalqımız əsrlər boyu qoruduğu, bəzən əlindən alınmağa çalışılan adətləri bu günədək gətirib çıxara bilib, bu milli özünüdərkin formalaşmasına böyük kömək edib. Düzdür, tarix boyu bu sərvətimizə göz dikən yadellilər olub, amma bir millətin dəyəri onun qanında, genetikasındadır, o səbəbdən də milli-mənəvi dəyərlərimizi bizdən almaq cəhdləri həmişə boşa çıxıb, atalar demişkən, yel qayadan heç nə apara bilmir, tozdan başqa.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafına müstəsna yer ayırdı. Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Ümummilli Lider əsasən 3 tərkib hissəni xüsusi qeyd edirdi: dil, din, adət-ənənə.
Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. "Milli-mənəvi dəyərlərini qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir” - deyən Heydər Əliyev hər bir azərbaycanlının öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli olduğunu dilə gətirirdi. O bildirirdi ki, hər bir azərbaycanlı Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır.
Məhz o səbəbdəndir ki, Azərbaycanda milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Dövlət idarəsi, cəmiyyətin təşəkkülü də bu fondadır. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bu cür inkişaf konsepsiyası ola bilər. Ümummilli lider nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbr və təmkinlə həyata keçirdi. "Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən Ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu.
O deyirdi ki, Azərbaycançılığımızı, milli ideologiyamızı, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirməliyik. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ümummili Lider yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir.
Heydər Əliyev islamiyyətlə bağlı olan dini-mərasim və adətlərin də layiqincə keçirilməsi üçün hər cür şərait yaratmışdı. Buna misal olaraq 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbəni ziyarət etməsi, Mirmövsüm Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid-kompleksinin yenidən qurulmasına xeyir-dua verməsi Ulu Öndərin dini- əxlaqi dəyərlərə sadiqliyinin, Allahını və peyğəmbərini sevən imanlı bir insan olmasının real təsdiqi idi.
Qeyd etmək vacibdir ki, qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Onun milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi "Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” - bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. "Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir. Onun ideyalarını indi Prezident İlham Əliyev layiqincə davam etdirir, milli dəyərlərimizə, mənəvi sərvətimizə sahib çıxır.
Bu gün dövlətimiz milli dəyərlərimizin qarantına çevrilib, ölkə başçısı İlham Əliyev xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. "Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir" - prinsipi əsas götürülür.
Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli mədəniyyət və dövlətçilikdir. Dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Bu istiqamətdə atılan hər bir addım qədim zamanlardan bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.
Danılmazdır ki, Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsidir. Məhz bu səbəbdəndir ki, indi bir çox Avropa alimi Azərbaycan adətlərini, mədəniyyətini tədqiq edir, milli musiqimizi, çalğı alətlərimizi öyrənməyə çalışır. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Heydər Əliyev Fondunun bu sahədəki əməyi isə olduqca yüksəkdir, Fondun milli-mənəvi dəyərlərin unudulmaması, dünyada tanıdılması sahəsində atdığı addımlar, gördüyü işlər təqdirəlayiqdir.
Heydər Əliyev Fondunun prezidenti, birinci xanım, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin əyani təsdiqidir. Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir. Fond ulularımızdan yadigar qalmış mədəniyyət incilərinin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün dəqiq, məqsədyönlü, konkret fəaliyyət planına malikdir.
Müasirlik milli kökü, adət-ənənəni itirmək demək deyil, adət-ənənə, milli-mənəvi kökümüz elə müasirlik ənənələrinin fonunda da var ola bilir. Avropa dəyərlərini cəmiyyətimizə yeritməyə cəhd edənlər də artıq bunu anlayıb. Avropalı sosioloqlar, elm adamları indi təşviş içindədir, çünki cəmiyyətin mənəviyyatında böyük problemlər var. Onlar bu aşınmanı aradan qaldırmaq üçün Qədim Şərq mədəniyyətini öyrənməyə başlayıblar. Cəmiyyətimizdə bir qisim gənc müasirləşmək adı altında Avropa cəmiyyətinin davranışını, geyimini örnək götürür. Amma sirr deyil ki, Qərbin bizə doğma gələn milli dəyəri yoxdur, həmin qismə cazibədar gələn oradakı müasirlik adı altında boy göstərən mənəviyyat problemidir.
Düzdür, zaman dəyişdikcə hər bir cəmiyyətə xas olan insanın psixologiyası, yaşam tərzi, milli dəyər anlayışı da müəyyən qədər dəyişə bilər. Nəsillərin dəyişilməsi ilə dəyərlərin mahiyyəti də dəyişir, amma Azərbaycan kimi milli kökünə bağlı olan ölkələrdə bu baş vermir. Bir ölkənin, müstəqil bir dövlətin ən böyük problemləri o zaman yaranır ki, o ölkədə mənəviyyat məsələsi arxa plana keçirilir. İqtisadi, siyası məsələlər mənəviyyatdan önə keçirsə o ölkədə, o xalqda rifah halı yaxşılaşmaz, insanlar birlik olmaz. Müstəqilliyin əsas üstünlüyü mənəvi məsələlərə diqqət ayırmaqdır.
Dil, din, əxlaq, mental dəyərlər, dövlətçilik sistemi, xalqın özünəməxsus cəmiyyətdaxili münasibət sistemi, ailə institutu, ağsaqqalıq institutu və s. bizim milli-mənəvi sərvətimizdir. Bütün normal dövlətlər bu dəyərlər üzərində yaranır və inkişaf edir. Bu gün o dövlətlər güclüdür ki, onlar tarixləri ilə bu günlərinin sintezini düzgün qura biliblər. Azərbaycan məhz milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sistemı ilə var olub və olacaq.
Lalə Mehralı
Bu məqalə "Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər