Azərbaycan dinlərarası dialoqun inkişafında mühüm rol oynayır

Azərbaycan dinlərarası dialoqun inkişafında mühüm rol oynayır

Cəmiyyət
17 Noyabr 2019, 15:00 1258
Azərbaycanın Dünya dini liderlərinin Bakı Sammiti kimi beynəlxalq tədbirə ikinci dəfə ev sahibliyi etməsi ölkəmizin dinlərarası dialoqun inkişafında mühüm rol oynadığını bir daha sübut edir.
 
Bunu Trend-ə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, Azərbaycanda digər insan hüquq və azadlıqları ilə bərabər, dini etiqad azadlığı hüququ da yüksək səviyyədə təmin olunur.
A.Səfixanlı əlavə edib ki, bu gün dünyada mövcud humanitar problemlər kontekstində Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitində müzakirə olunan məsələlər, irəli sürülən təkliflər dini və milli dözümlülüyün, tolerantlıq mühütinin təmini baxımından qlobal əhəmiyyət daşıyır.
 
Aparat rəhbəri qeyd edib ki, ölkəmizdə yaşayan hər kəsin vicdan azadlığının təmini sahəsində görülən işlər və əldə olunan nəticələr təkcə region üçün deyil, dünya səviyyəsində müsbət təcrübə kimi qiymətləndirilir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar: "Dövlət başçımızın Sammitdə çıxışı zamanı vurğuladığı kimi, multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Qeyd etmək istərdim ki, xalqımızın çoxəsrlik tolerant və mehriban birgə yaşama mədəniyyəti dünya dinlər və sivilizasiyalar arasında münasibətlərin tənzimlənməsində və inkişafında, o cümlədən dini etiqad azadlığı hüquqlarının daha səmərəli təmin olunmasında nümunə kimi göstərilir. Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsi olmaqla dünya dövlətlərinin bu müsbət təcrübədən yararlanmasına imkan yaradır. Eyni zamanda, qürur hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulmuş "Bakı Prosesi” çərçivəsində yüksək səviyyədə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Bakı Beynəlxalq Humanitar forumları, habelə Dünya Dini Liderlərinin Sammitləri Azərbaycanı multikulturalizm, sivilizasiyalararası və dinlərarası münasibətlərin tənzimlənməsi mərkəzinə çevirib".
 
A.Səfixanlı bu məsələyə inandığını bildirərək qeyd edib ki, ölkə başçısının Sammitdə çıxışı zamanı qaldırdığı məsələlər və tövsiyələri dünya dövlətlərinin, beynəlxalq və regional təşkilatların dini ayrı-seçkiliyə yol verməməsi, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizənin aparılması, dindən siyasi məqsədlər üçün istifadə edilməməsi, münaqişələrə dini don geyindirilməməsi, münaqişə zamanı tarixi-dini abidələrin dağıdılmaması və belə halların qarşısının alınması, ənənəvi dəyərlərin təbliğ edilməsi istiqamətində səylərinin birləşdirilməsi baxımından əhəmiyyətli olacaq.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsinə qərar verilib. Sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın iştirakçı qatılıb.
 
İkigünlük Sammitdə "Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, "Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, "Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, "Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılıb.
Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub.