Azərbaycan-Almaniya əməkdaşlığı mövzusunda III Beynəlxalq Forum keçirilib
Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat
Nazirliyinin (İN) dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı
ilə "Azərbaycanın biznes ictimaiyyətində
menecerlərin ixtisasının artırılması: Azərbaycan-Almaniya əməkdaşlığı”
mövzusunda III Beynəlxalq Forum keçirilib. İN mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki,Nazirlik ilə Almaniya Federativ Respublikasının İqtisadiyyat və Enerji Nazirliyinin "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin
ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində keçirilən
tədbirdə İqtisadiyyat Nazirliyinin, Almaniyanın
Federal İqtisadiyyat və Enerji Nazirliyinin, Almaniya Federativ
Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin, Almaniyanın Beynəlxalq
Əməkdaşlıq Agentliyinin (GİZ), eləcə də 2009-2016-cı illərdə Almaniyada
"İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçmiş 100-dən çox sahibkar və
menecerlər iştirak edib.
Forumda çıxış edən İqtisadiyyat Nazirliyi
aparatının rəhbəri Samir Vəliyev və Almaniyanın
Federal İqtisadiyyat və Enerji Nazirliyinin idarə rəisinin müavini
Andreas Oberşteller Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən
iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış əməkdaşlıq
haqqında Anlaşma Memorandumlarına uyğun olaraq, 2009-cu ildən başlayaraq Bakı
Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə
birlikdə "Azərbaycanın biznes
ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan
birgə Proqramı"nı həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif
sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq
tədris mərkəzlərində və müəssisələrində "İqtisadi kooperasiya" üzrə 1
ay müddətində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir,
işgüzar əlaqələr yaradırlar. Çıxışlarda həmçinin, Proqramın davam etdirilməsinin
Azərbaycan gənclərinin menecment sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, iş
adamları arasında əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli olduğu diqqətə
çatdırılıb.
Almaniyanın ölkəmizdəki səfiri Michael Kindsgrab Almaniya-
Azərbaycan iqtisadi əlaqələri və inkişaf perspektivləri barədə məlumat verib, "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması
üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın əlaqələrin inkişafında
rolunu qeyd edib.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov,
GİZ-in layihələr üzrə rəhbəri Ronald Şulz və digərləri isə çıxışlarında "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin
ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" və
ixtisasartırma kurslarının uğurlu nəticələri barədə məlumat veriblər. Qeyd
edilib ki, Proqram icra olunduğu müddət ərzində iqtisadiyyatın müxtəlif sahələrində
fəaliyyət göstərən 299 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq,
Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim, Berlin, Bonn və s. şəhərlərindəki
müəssisələrdə təcrübə keçiblər. Bununla yanaşı, Proqram çərçivəsində
Almaniyanın müvafiq şirkətləri ilə yeni işgüzar əlaqələr yaradılıb və biznes
müqavilələri imzalanıb.
Tədbirdə çıxış edən sahibkarlar və gənc menecerlər "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin
ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində
Almaniyada ixtisasartırma kurslarında əldə etdikləri nəticələr, yaradılmış
işgüzar əlaqələr və biznes müqavilələri barədə məlumat verib, ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə,
göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.