AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir - Spiker

Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir - Spiker

Cəmiyyət
26 Oktyabr 2020, 19:24 186

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin "Milliyet” qəzetinə müsahibə verib.

Parlamentdən Trend-ə verilən məlumata görə, müsahibədə Milli Məclisin Sədri bildirib ki, 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı növbəti dəfə hərbi təcavüzünün başladığı ilk anlardan etibarən Türkiyənin həm rəsmi şəxsləri, həm də xalqı açıq və birbaşa olaraq ölkəmizə dəstək verib:
"Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya tərəfindən Azərbaycanın haqlı davasına verilən dəstək də ölkəmiz üçün çox dəyərlidir. Bütün bu dəstəyə görə Milli Məclisin Sədri həm öz adından, həm də Milli Məclisin deputatları adından Türkiyə Cümhuriyyətinə, TBMM-ə və parlament üzvlərinə minnətdarlığını bildirib.

Sədr diqqətə çatdırıb ki, hər bir azərbaycanlı Türkiyə vətəndaşlarının qəlbinin burada, Azərbaycanda olduğunu bilir. Və hər bir Azərbaycan vətəndaşının da qəlbi çətin günlərdə qardaş Türkiyə ilə bərabər döyünür”.
S.Qafarova bildirib ki, Ermənistanın hərbi təcavüzü başlayandan sonra Azərbaycan parlamentinin rəhbəri və üzvləri tərəfindən Milli Məclisin fəal əməkdaşlıq etdiyi 80-dən çox ölkədəki tərəfdaşlarına məktublar göndərilərək bu təcavüz barədə məlumat verilib.

Müsahibəsində Ermənistanın mülki şəxslərə qarşı müharibə cinayəti törətdiyini xatırladan spiker S.Qafarova deyib ki, Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir: "Terror yalnız Gəncəyə təcavüzlə başlamadı. Terror ilk Qarabağlının ermənilər tərəfindən yurdundan didərgin salındığı gündən başlayıb".
Sədr onu da vurğulayıb ki, Ermənistan təkcə Azərbaycana qarşı deyil, qonşuları olan 4 ölkədən 3-nə qarşı torpaq iddiası irəli sürür. Bəzi güclər Türkiyə və Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə qarşı Ermənistandan istifadə edirlər. Ermənistan isə bir xidmətçi olaraq bu güclərə xidmət edir.
S.Qafarova əlavə edib ki, hal-hazırda dünyada beynəlxalq hüququn təmin olunmasında ciddi problemlər var və beynəlxalq hüquqda ikili standartlar hökm sürür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bəzi qətnamələri 2 saat ərzində icra edildiyi halda Azərbaycanla bağlı qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. Milli Məclis Sədrinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsində də "Ermənilər Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmalıdır” deyilir. Amma bu qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. Azərbaycan isə öz gücü hesabına BMT TŞ-nin 4 qətnaməsinin icrasını təmin edir.