• şənbə, 20 Aprel, 03:47
  • Baku Bakı 15°C

AZAL-ın uçan qiymətləri

03.04.21 13:00 1276
AZAL-ın uçan qiymətləri
Mövcud vəziyyət milli aviadaşıyıcının nüfuzunu zədələyir

Uçuş aviabiletlərinin qiymətlərinin "od tutub yanması” hazırda cəmiyyətdə ən çox müzakirə olunan mövzulardandır. Xaricə səfər edənlər qiymət artımını ən çox Türkiyənin və Gürcüstanın aviaşirkətlərti ilə müqayisə edirlər. Belə ki, eyni istiqamətlərə aviabiletləri qonşu ölkələrdən bir neçə dəfə ucuz qiymətə əldə etmək mümkündür. Həmin ölkələrdən eyni istiqamətlərə uçuşların bir neçə dəfə ucuz olması ilə bağlı sosial şəbəkələrdə tez-tez paylaşımlar edilir, insanlar narazılıqlarını bildirirlər. Turizm həvəskarları və bəzən işgüzar görüşlərdə iştirak etməli olanlar biletlərin bahalığı üzündən səfərlərini, istirahətlərini təxirə salmalı olurlar. Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısının isə pandemiyanın yaratdığı iqtisadi çətinliklərin onlara daha çox təsir etdiyini bildirir: "Şirkətin xərcləri çoxdur”. Aviabiletlərin cari tariflərindəki fantastik artım isə insanların büdcələrinə adekvat deyil. Məsələn, Gürcüstandan İstanbula uçuş 110 manat olduğu halda Azərbaycandan uçuş 800 manatdır. AZAL-ın bilet qiymətlərinin bahalığı ilə bağlı narazılıqların gündəmə gəlməsi isə artıq mövsümi xarakter daşımır. Əgər aviadaşıyıcı əvvəllər daha çox yay aylarında və təqvimin bayram tarixlərində qiymətləri qaldırırdısa, indi artım təqvimin bütün gün və aylarına sirayət edir. Pandemiya səbəbindən aviabiletlərindən istifadə edə bilməyən sərnişinlər AZAL-ın törəmə şirkəti olan "Buta”dan aldıqları biletləri isə əlavə ödənişlər etməklə əldə edə bilirlər.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin iclasında AZAL-ın bilet qiymətləri ilə bağlı sərt çıxışı da çoxdankı tarix deyil: "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.

50 faizdən çox

Əvvəlki qiymət siyasətini davam etdirən və pandemiyanı bəhanə edən AZAL-ın qiymətləri isə 50 faizdən çox artırılıb.
ABŞ-da yaşayan azərbaycanlı alim Fariz Hüseynlinin "facebook” profilində aviabiletlərin baha olması ilə bağlı paylaşımı da bahalaşmanı dəqiq ifadə edir: "15 ildir Amerikadan Azərbaycana gedib gəlirəm, hələ bir 50 il də gedib gələrəm inşallah... Amma ki, gediş-gəliş qiymətlərini azaltmağa 50 il gözləyən deyiləm. Elə bu yay üçün baxıram, Azərbaycana gediş-gəliş biletinin qiyməti Gürcüstanla getməyəcəyim qonşu ölkəyə gediş-gəliş qiymətindən azı 500
dollar çoxdur. Dörd nəfərə saysaq əlavə ödəniş 2000 dollar edir. Hələ bir ara daha çox idi, indi yenə yaxşıdır. İndi, çox hörmətli Müşahidə Şurası, İnvestisiya Holdinqi, aidiyyəti nazirliklər və digər qurumlar, sizdən bu qiymətlərin azalmasını istəyirəm! Bölgədə ən aşağı reys qiymətini elə bizim ölkəmizə gəlib-gedən ödəsin. Turistdən əvvəl elə özümüz üçün. Onsuz da uzun yolu bir təhər gedib gəlirik, uşaqlar da darıxır nənə-baba görmək üçün, elə edin lap tez-tez gedək gələk. Heç olmasa reysə verəcəyim pulu gəlim ölkənin kiçik və orta biznesinə xərcləyim...”
Təəssüf ki, insanların narazı rəyləri vəziyyəti dəyişmir. "Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov dəfələrlə "Biz vətəndaşlarımız üçün münasib qiymətə səyahət və işgüzar səfər etmək imkanını saxlamaq istəyirik” – desə də, vəziyyət dəyişmir. Hərçənd, ən populyar istiqamətlərə aşağı büdcəli daşımalar proqramının işə salınması aviaşirkət üçün çox mühüm addım kimi dəyərləndirilsə də, AZAL öz qiymət siyasətində maksimum sərfəli və əlverişli şərtlər təqdim etmək məqsədilə bu istiqamətdə işləməyi planlaşdırsa da, sərnişinlərin yararlanması üçün real güzəştlər gözə dəymir. Aviadaşıyıcının yeni turizm istiqamətlərini özündə birləşdirən marşrut şəbəkəsinin genişləndirilməsi üzrə fəal iş aparmağı qarşıya məqsəd qoyması isə qiymətlərin tənzimlənməsini qaçılmaz edir.
Xaricə uçuş imkanı əldə edən sərnişinlərin "AZAL-ın qiymət strategiyasında nə vaxt hər hansı dəyişikliyin şahidi olacağıq?”- kimi sualları isə aktual və açıq olaraq qalır.
Labirintdə işıq?

Bu günlərdə ölkə başçısının nəqliyyat sektorunda fəaliyyət göstərən iri dövlət müəssisələri - "Azərbaycan Hava Yolları”, "Azərbaycan Dəmir Yolları” və "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətlərində və eləcə də "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətdə müşahidə şuralarının yaradılması ilə bağlı sərəncamı labirintdə işığın görünməsinə ümid yaradıb. Qeyd edək ki, əsas dövlət şirkətləri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləndən sonra həmin qurumlarda müşahidə şuraları formalaşdırılır. Şuralar sözügedən qurumların fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirəcəklər. "Əsas məqsədi həmin qurumların fəaliyyətlərində səmərəliliyin artırılması olan müşahidə şuralarının yaradılması iqtisadi islahatların bir elementi kimi xarakterizə olunmalıdır”- deyə millət vəkili Vüqar Bayramov bildirir. Onun fikrincə, sözügedən müəssisələr nəqliyyat sektorunda aparıcı qurumlardır: "Bu baxımdan, onların fəaliyyətinin daha səmərəli təşkil edilməsi həmin sektorun inkişafının dayanıqlığı baxımdan vacibdir. Bütövlükdə, yeni dövr islahatlarda əsas strateji prioritet məhz dövlət mülkiyyətində olan müəssisələrdə korporativ idarəetmənin formalaşması və inkişafı olacaq”. İqtisadçı hesab edir ki, Azərbaycan Hava Yollarının fəaliyyəti ilə bağlı ən vacib gözləntilərdən biri də təyyarə biletlərinin qiymətinin azaldılmasına nail olunmasıdır: "Təyyarə biletlərinin qiymətinin yüksək olması ölkəyə gələn turistlərin sayına birbaşa təsir edir. Təbii ki, pandemiya dönəmində əcnəbi turistlərin sayı obyektiv səbəblərdən azalıb. Amma post-pandemiya dövründə daha çox istiqamətlərdə büdcə uçuşlarının sayının artırılması, eyni zamanda bilet qiymətlərinin aşağı salınması prioritet məsələlərdən olmalıdır.
Turizmin inkişafı keyfiyyətli və aşağı qiymətli uçuşların sayından da birbaşa asılıdır”.

Alternativ variantlar ehtimalı

Turizmçilər isə ümumən, ölkənin nəqliyyat sektoru ətrafında yaranan dəyişiklikləri müsbət qarşılayırlar. "LunaTravel” Turizm şirkətinin direktoru, hüquqşünas Rəhman Quliyev bildirir ki, Azərbaycan Hava Yollarının həftəlik, aylıq, illik fəaliyyəti ölkə rəhbərliyi tərəfindən izlənilir və qiymət verilir: "Fəaliyyətlərini hansı formada yürütmələrinə dair tövsiyə və tapşırıqlar verilir. Pandemiyadan əvvəl "AZAL” və onun törəmə şirkəti olan "Buta” Hava Yolları normal fəaliyyət göstərirdi. Amma pandemiya dünyada bütün hava yolu şirkətlərini iflic etdi. Azərbaycan Hava Yollarının da xərcləri, işçi heyəti çoxdur. Xərclər böyükdür. Azərbaycanın hüdudlarından kənara gediş-gəliş də o qədər olmadığına görə, AZAL tam gücü ilə işləyə bilmir. Bu da qiymətlərin bahalılığına gətirib çıxarır. Qərarlar təbii ki, vəziyyəti nəzərə alaraq verilir. Çünki xidmət həm təkmilləşdirilməli, həm də modernləşdirilməlidir. Hesab edirəm ki, verilən qərarlar Azərbaycan Hava Yollarını əvvəlki gücünə qaytaracaq, aviadaşıyıcı üçün yeni imkanlar yaradacaq və bəlkə alternativ variantlar ortaya qoyacaq. Hava nəqliyyatı sektoruna və bununla vəhdət təşkil edən bütün sektorlara öz müsbət töhfəsini verəcək”.
Müştərilər isə xidmət standartları üzrə mükəmməl siyasətin işlənib hazırlanmasına ümidlidirlər. Yəni əhalinin vəziyyətinə uyğun olaraq tariflərdə dəyişikliyi zəruri hesab edirlər. Belə ki, əhalinin sosial durumunu, pandemiyanın dövlətdən subsidiya ala bilməyən insanlar üçün yaratdığı çətinlikləri nəzərə alaraq qiymətlərdə dəyişiklik istəyirlər. Ekspertlər də hesab edir ki, xüsusən turizmin inkişafından
danışırıqsa, aşağı büdcəli şirkətlərin fəaliyyətinə şərait yaratmaq, rəqabəti gücləndirmək lazımdır. Bu aviabiletlərin qiymətlərində tənzimlənməni qaçılmaz edəcək.
Qiymətlərin göydə uçması isə milli aviadaşıyıcının gəlirliyini azaltmasa da, nüfuzunun zədələnməsindən yan keçmir...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər