• cümə, 26 Aprel, 04:48
  • Baku Bakı 16°C

Axtardılar, axtardılar, tapdılar

14.01.20 18:25 485
Axtardılar, axtardılar, tapdılar
Paşinyan üçün əsas hədəf paytaxtda tualet çatışmazlığına son qoymaqdır

Nikol Paşinyan nəhayət ki, baş nazirliyinin ikinci ilinə az qalmış prioritetlərini müəyyənləşdirə bilib. Sosial durumu ağır olan, işsizlik və mühacirətin baş alıb getdiyi Ermənistan üçün sən demə, əsas problem paytaxt və ətrafında tualetlərin azlığı və zibil yığımının ən aşağı həddə olması imiş. Hökumətin son iclasında çıxış edən baş nazir bəyan edib ki, hər iki məsələ onların qarşısında duran başlıca problemdir. Onun sözlərinə görə, ölkə zibil tullantıları içində itib batıb və tullantılar məsələsi ilə erməni xalqı az maraqlanır. Zibil tullantılarının bir yerdən başqa yerə aparırlar - bu da onların daşınmasını həyata keçirənlərin başlıca problemidir. Əlavə edib ki, müasir dünyada dövləti tullantıları necə idarə etməsi ilə sivilizasiyalı olub-olmadığını müəyyən etmək olar: "Axı zibil - çox ciddi resursdur və onu iqtisadiyyata, eləcə də, ümumdaxili məhsula daxil etmək olar. Biz bunun üzərində fikirləşməli və problemin həll üçün uzunmüddətli perspektiv tapmalıyıq”. Baş nazir bildirib ki, 500 min dollara restoran tikənlər 200-300 dollarından keçib bir tualet inşa etmək istəmirlər.
Qeyd edək ki, ərazi idarəetməsi və infrastruktur üzrə nazir Suren Papikyan bildirib ki, paytaxtın mərkəzi hissəsində bu il yeni müasir zibilxana yaradılacaq. Bundan əvvəl də baş nazir Ermənistanın başlıca problemi kimi tualetlərin olmamasını göstərmişdi. Bu bəyanatın ardınca ictimai tualetlərin təmizliyi həyata keçirilib, onları çirkli saxlayanların cərimələnməsi baş versə də, ortaya problemlər çıxmışdı. Bəlli olmuşdu ki, tualetlərin təmirindən sonra, məsələn, qazdoldurma məntəqələrində onların qapısını bağlayırlar. Bildirilir ki, vətəndaşlar ora daxil ola bilmir, yalnız müxtəlif yoxlamalar gələndə həmin yerlər açılır.
Yeri gəlmişkən, erməni mediasında Nikola qarşı məqalələrin də sayı-hesabı yoxdur. Baş nazir mətbuat xidmətinin rəhbərini işdən qovduqdan sonra onların sayı xeyli artıb. Məsələn, "tert.am” saytı yazır ki, N.Paşinyan ən çox ifşa olunmaqdan qorxur: "İnsanlıqdan kənar, mənəvi dəyərləri olmayan bir kəs sadə kütləni idarə etmək bacarığı sayəsində krallıq qurdu, özü də taxta əyləşdi. Hamının gözünü yummağı bacardı. Sadə, gözütox, dürüst insan imicini yarada bildi”. Saytın yazdığına görə, məhz yuxarıda göstərilən "saf insan” mifi bu günə qədər Paşinyan və ailəsini dəbdəbəli hökumət evində saxlamağa və həyatdan zövq almağa kömək edir. Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru ətrafındakı mövzuya toxunan sayt yazır ki, Vanetsyan çox şey bilir və Paşinyanı asanlıqla ifşa edə bilər. "Vanetsyanın çox şey bilməsi Paşinyan üçün açıq təhlükədir. Əgər Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru danışsa və ya heç olmasa işdən ayrılma səbəbini dilə gətirsə, Paşinyan tərəfindən tikilmiş qum qalası bir dəqiqədən sonra yoxa çıxar. Krallıq batar", - deyə məqalə müəllifi yazır.
"168.am” isə yazır ki, N.Paşinyan güc strukturlarına istefaya getmək istəməyən Konstitusiya Məhkəməsinin hakimləri barədə kompromat toplamaq tapşırığını verib. Qəzet yazır ki, əldə etdiyi informasiyanın mənbəyi dəqiqdir.
Öz növbəsində politoloq Stepan Danielyan "Ter.am”a müsahibəsində bildirib ki, Paşinyanın sayəsində Ermənistanda siyasi nitq ən aşağı məişət səviyyəsinə düşüb. Paşinyanın sanitar qovşaqları barədə açıqlamasına münasibət bildirən politoloq "baş nazirin fanatlarının çoxu məhz bu mədəniyyətin daşıyıcılarıdır və onun da çıxışı məhz onlara həsr olunub. Bu hökumətin populizminin sərhədi yoxdur və özünü ən aşağı həddə nümayiş etdirir” deyib. Ermənistan rəhbərliyinin xarici və daxili siyasətini analiz edən politoloq bildirib ki, belə bir mövqe ortaya qoymaq çox çətindir: "Çünki, bu siyasət mövcud deyil. Xarici və daxili siyasət konsepsiyası mövcud deyil. Hətta buna cəhd belə mövcud deyil – hər sahədə qeyri-peşəkarlıq hökm sürür”.
"Politik.am” saytının redaktoru Boris Murazi isə N.Paşinyan və onun xanımı Anna Akopyanın yüksək səviyyədə himayəsi ilə ona qarşı təzyiq siyasəti aparılmasından danışıb. Bildirib ki, sosial şəbəkədə səhifəsi dağıdılıb və bununla da ona təzyiq göstərməyə cəhd göstərilir. Baş verənləri isə özünün jurnalist fəaliyyəti ilə əlaqələndirir.
"Qraparak” qəzeti isə yazır ki, N.Paşinyan parlamenti buraxmağa hazırlaşır: "Son vaxtlar Nikol partiyadaşlarından məsafə saxlamağa üstünlük verir. Onu yeni ildə təbrik etmək hüququnu yalnız "seçilmiş” 3 deputat qazanıb”. Qəzet yazır ki, Nikolun parlamenti buraxmaq arzusu güclənib: "Buna əsas da var - fraksiya hər dəfə onu pis vəziyyətə qoyur.
"ABŞ hakimiyyəti Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini və davranışını yaxından izləyir”. Bu barədə isə Ermənistanın "Hraparak" qəzeti yazıb. Məlumata görə, ABŞ-ın Ermənistandakı səfirliyi tərəfindən Paşinyanın reytinqinə dair aylıq araşdırma aparılır. Amerika tərəfi Paşinyanın reytinq göstəricilərinin azalmasından narahatdır: "Xüsusilə, Vaşinqton bu azalma nəticəsində Ermənistanda onlar üçün proqnozlaşdırılmayan hadisələrin qeydə alınacağından, hakimiyyətdə arzuolunmaz bir fiqurun olacağından narahatdır. Buna görə məqbul variantlar müzakirə olunur”, - deyə "Hraparak” yazıb. Qeyd edilib ki, Amerika tərəfi üçün baş nazirin müavini Tiqran Avinyanın namizədliyi ən məqbul seçim hesab olunur.

Azər
banner

Oxşar Xəbərlər