• cümə, 26 Aprel, 13:02
  • Baku Bakı 23°C

“Avtovağzal” stansiyası yaxınlığında avtobus dayanacağı yoxdur

21.04.16 14:17 6940
“Avtovağzal” stansiyası yaxınlığında avtobus dayanacağı yoxdur
Hər birimizin uzun müddətdir ki, həsrətlə gözlədiyimiz “Avtovağzal” metro stansiyası bir neçə gün öncə istifadəyə verildi. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni metro xəttinin çəkilməsi ilə bağlı tapşırıq dövlət başçısı tərəfindən hələ 2008-ci ildə metronun “Nəsimi” stansiyasının açılışı zamanı vermişdi.
Tikintisinə 2009-cu ilin sentyabrında başlanılan stansiyanın layihə işləri “Bakımetrolayihə” İnstitutu tərəfindən yerinə yetirilib. Layihəyə əsasən, “Avtovağzal” stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Məlumat üçün qeyd edək ki, yeni xətdə yaradılan həm “Avtovağzal”, həm də “Memar Əcəmi” stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün isə burada lift quraşdırılıb.
Yeni metro stansiyasının istifadəyə verilməsi həm də metronun “20 Yanvar” stansiyası ətrafında sıxlığın azalmasına da səbəb olmalıdır. Ən azından, Sumqayıt, Xırdalan, Biləcəri, Masazır istiqamətində hərəkət edən marşrutlar “20 Yanvar”dan deyil “Avtovağzal”dan hərəkət edə bilər. Amma hələlik bu istiqamətdə hər hansı dəyişiklik yoxdur. Üstəlik Avtovağzal Kompleksinə hərəkət edən avtobuslar yeni metro stansiyasının yaxınlığında dayanmır. Çünki burada dayanacaq yoxdur. Bu baxımdan, Sumqayıt, Saray, Masazır, Xırdalan qəsəbələrinin sakinləri marşrut avtobusların metro stansiyasının qarşısında saxlamamağından narazıdırlar. Təbii ki, belə bir dayanacağın olması həm avtobus sürücülərinin, həm də sərnişinlərin ürəyincə olardı. Çünki avtovağzaldan metro stansiyaya piyada gəlmək üçün xeyli vaxt sərf etməlisən. Təbii ki, bu, səhər saatlarında dərsə və işə gecikən sərnişinlər üçün heç də əlverişli deyil. Bundan başqa, belə bir dayanacağın olması həm də avtovağzaldakı avtobusların sıxlığını da aradan qaldırmış olardı. Bəs ümumiyyətlə, yeni metro stansiyasının istifadəyə verilməsi ilə marşrutların hərəkəti necə tənzimlənməlidir? Aidiyyəti qurumlar bu barədə nə isə fikirləşiblərmi?
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı qəzetimizə verdiyi açıqlamada bildirdi ki, bu barədə gələcəkdə bəzi dəyişikliklər ola bilər: “Gələcəkdə təbii ki, müəyyən dəyişikliklər olacaq. Bunun üçün isə tələbat və sıxlıq nəzərə alınmalıdır. Əgər metrostansiyanın qarşısında böyük insan və avtobus sıxlığı müşahidə olunarsa, mütləq dəyişikliklər olacaq və belə bir dayanacaq yaradılacaq. Amma hələ ki, “Avtovağzal” stansiyası cəmi bir neçə gündür açıldığına görə, hesab edirəm ki, bu haqda danışmaq üçün çox tezdir”.
Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli qəzetimizə verdiyi açıqlamada bildirdi ki, burada əsas məsələ avtovağzalda müşahidə olunan avtobus və insan sıxlığının aradan qaldırılmasıdır: “Ölkəyə rayonlardan gələn iri tutumlu avtobusların böyük əksəriyyəti avtovağzaldan dayanacaq kimi istifadə edirlər. Bundan başqa, rayonlardan gələn sərnişinləri qarşılamağa gələn özəl taksi və şəxsi avtomobillərin də hər biri avtovağzala üz tutur. Ümumiyyətlə götürdükdə dayanacaqların da imkanları bir o qədər geniş deyil ki, bütün nəqliyyat vasitələrini avtovağzalda qəbul edib yola sala bilsin. Bu mənada hesab edirəm ki, həmin metro stansiyanın qarşısında genişləndirilmiş dayanacaq olmalıdır ki, istifadə rahat olsun. Metro ilə magistral yol arasında demək olar ki, 25-30 metr məsafə var. Məlum olduğu kimi, həmin yolda hələ də bəzi problemlər var. Avtovağzalın qarşısında avtobus, minik avtomobilləri üçün nəzərdə tutulan dayanacaqların olduğu yerdə çökmə müşahidə olunduğundan, həmin yol təmir üçün bağlanılıb. Yəqin ki, yaxın gələcəkdə dayanacaq tam təmir olunub avtobusların və insanların istifadəsinə veriləcək”.
İ.Hüseynli bildirdi ki, belə bir dayanacağın istifadəyə verilməsi bu problemləri həllinə qovuşduracaq: “Bu dayanacaqdan həm metroya, həm də avtovağzala rahatlıqla getmək mümkün olacaq. Sadəcə, tam olaraq metro ilə üzbəüz olan yol artıq genişləndirilib və infrastruktur imkan verir ki, avtobus sürücüləri üçün burada da dayanacaq yaradılsın və insanların metrodan istifadəsi asanlaşdırılsın. Gələn bütün avtobusların hamısının avtovağzala daxil olması, orada park etdikdən sonra, yenidən dövr edib şəhərə qayıtması uzun vaxt aparır. O nəqliyyat vasitələri təkcə metro istifadəçiləri üçün deyil, şəhərin digər istiqamətlərinə hərəkəti davam etdirir. Bu mənada metrodan istifadə etməyən, lakin şəhərə doğru istiqamət alan digər insanların da mövqeləri və rahatlığı nəzərə alınmalıdır”.
BakuBus” MMC-nin mətbuat katibi Nuridə Allahyarova öz iş rejimləri haqqında məlumat verərək bildirdi ki, şirkətin yeni avtobus xətlərini istifadəyə vermək səlahiyyəti yoxdur. “Avtobus xətləri ilə bağlı yaxın gələcək planında yenilik yoxdur. Çünki yeni avtobusların xəttə buraxılması ilə səlahiyyəti olan qurum deyilik. Bununla bağlı aidiyyəti qurumlar tapşırığı nə zaman versələr, biz də avtobus daşıyıcısı şirkət olaraq xidmət göstərəcəyik. Hələlik bununla bağlı heç bir xəbər yoxdur”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər