AZE | RUS | ENG |


Avtobus sürücüsünü döymək olarmı? - Video

Avtobus sürücüsünü döymək olarmı? - Video
Əməkdaşımız şahidi olduğu hadisə ilə bağlı müvafiq orqanlara müraciət etdi

İctimai nəqliyyatda sürücü-sərnişin münasibəti, sərnişin və sürücülərin davranışı ilə bağlı dəfələrlə maarifləndirici məqalələr yazılmasına, problemlə bağlı telekanallarda müxtəlif süjetlər yayımlanmasına, sosial şəbəkələrdə insanları nəzakətli davranışa dəvət edən statuslar paylaşılmasına, bu yöndə çoxsaylı fikirlər səsləndirilməsinə baxmayaraq, problem həllini tapmır. Əksinə, məsələ bəzən sürücü-sərnişin kontekstindən çıxaraq daha geniş dairəni əhatə edərək ictimaiyyətə sirayət edir. Avtobusların qrafik üzrə hərəkətlərinin stabil olmaması, avtobusların iştirakı ilə baş verən qəzalar və ölüm halları və s. kimi hallar ümumilikdə ictimai nəqliyyatın bu növünə qarşı cəmiyyətdə bəzən sərt münasibət yaradır. 

Baş verən hadisələr onu göstərir ki, bu tip hadisələrin qarşısının alınması üçün təbliğati işlərin dərinləşməsinə ehtiyac var. Ancaq bəzən "yüz dəfə imam üçün ağlayanda, bir dəfə də yezid üçün ağlamaq lazımdır” məsəlini yada salan hadisələr baş verir. O mənada ki, cəmiyyətin müəyyən nümayəndələrini hüquqi çərçivədə davranmağa, özlərindən böyüklərə hörmət etməyə, münasibətləri fiziki güclə deyil, məntiqlə, səbir və ən əsası, qanunla tənzimləməyə dəvət etmək gərəkir.

Elə iki gün öncə şahidi olduğumuz bir hadisə ictimaiyyət arasında davranış qaydalarına əməl olunması məsələsini bir daha gündəmə gətirdi. Belə ki, Beynəlxalq Avrovağzalın qarşısındakı dayanacaqdan yola çıxan 96 saylı marşrut avtobusu Azərbaycan Nəşriyyatı istiqamətində hərəkətdə olarkən biz sərnişinlər Şərifzadə küçəsində, "İnşaatçılar” metro stansiyasının qarşısındakı dayanacaq yaxınlığında – yolun hərəkət hissəsində dayanan KİA markalı avtomobilin sürücüsünün qışqırığına və təhqirlərinə boylandıq. Şəxsi avtomobilin sahibi avtobus sürücüsünün avtobusu onun avtomobilinə çox yaxın sürdüyünü, az qala, avtomobilini "sürtdüyünü” əsas gətirərək, onu küçə söyüşləri ilə təhqir etdi və avtobusdan enməyə çağırdı. Sürücü məsələyə aydınlıq gətirmək üçün avtobusu tərk etdikdə, KİA-nın sahibi yanındakı dostu ilə onun üzərinə hücum çəkib, yumruqlamağa və təpikləməyə başladılar. Həmin iki nəfər bütün sərnişinlərin, oradan keçən digər insanların gözü qarşısında, heç kimdən çəkinmədən açıq-aşkar xuliqanlıq etməklə, vəzifə borcunu yerinə yetirən, insanlara xidmət göstərən avtobus sürücüsünü döyməklə yanaşı, onun ünvanına təhqiramiz ifadələr səsləndirdilər. Daha sonra avtobusun qapılarını təpikləməyə başladılar. Yalnız sərnişinlərin, xüsusən də avtobusdakı qadınların prosesə müdaxiləsindən sonra avtobus sürücüsünün zorakılığa daha çox məruz qalmasının qarşısı alındı.  
 
İnsidentlə bağlı Bakı Nəqliyyat Agentliyinə, Daxili İşlər Nazirliyinə və Baş Dövlət Yol Polisi İdarəsinə günahkarların məsuliyyətə cəlb edilməsi, avtobus sürücüsünə hücum çəkib ona qarşı fiziki zorakılıq göstərənlər barəsində qanun çərçivəsində lazımi tədbir görülməsi ilə bağlı müraciət ünvanladıq. DİN və DYPİ-dən ötən iki gün ərzində hər hansı reaksiya olmasa da, müraciət etdiyimiz günün sonuna yaxın96 saylı marşrut xəttinin sahibi "Xaliq Faiqoğlu” MMC-dən redaksiyamıza telefon açaraq vətəndaşlıq mövqeyi sərgilədiyimizə görə təşəkkür etdilər. Şirkətin nümayəndəsi insidentlə bağlı görüntüləri müşahidə kamerasının qeydə aldığını bildirərək onlar tərəfindən də hüquq mühafizə orqanlarına müraciət ediləcəyini dedi: "Sürücünün səhvi onda olub ki, avtobusu saxlayaraq yerə düşüb. Bununla belə, ona qarşı zorakılıq edənlərlə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət edəcəyik. Günahkarlar öz cəzasını alacaq”. 

Yaranan problemlərin və ya hər hansı anlaşılmazlıqların hüquqi çərçivədə həlli mümkün olduğu halda, insanların öz davranış sərhədlərini aşıb fiziki zorakılıq nümayiş etdirməyə çalışmaları  təbii ki, cəmiyyət üçün mənfi örnəkdir. Xüsusən gənc oğlanların az qala, ataları yaşında insana əl qaldırmaları, onu təhqir etmələri bu tip gənclərin mənəvi deqradasiyasının göstəricisidir. Məgər ictimai nəqliyyatda və ya yolda hərəkət edərkən, kimləsə münasibətlərdə anlaşılmazlıq yaranırsa, hər kəs öz problemini fiziki güc göstərməkləmi həll etməlidir? Elə isə ölkənin qanunları kimin üçündür? 
 
 

Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb bu tip hadisələr baş verdiyi təqdirdə hansı addımlar atıldığını öyrənməyə çalışdıq. BNA İctimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev bu cür məsələlərin həlli ilə birbaşa polis orqanlarının məşğul olduğunu bildirdi: "Dediyiniz hadisədə sürücü döyülüb və təhqir edilib. Əgər bu məsələdə sürücü sərnişinə qarşı belə hərəkətə yol versəydi, o zaman həmin sürücü barəsində biz də tədbir görərdik. Biz sərnişindaşımaya nəzarət edən dövlət qurumu olaraq mütəmadi şəkildə həm daşıyıcılar, həm sürücülər, həm də sərnişinlərimizlə maarifləndirici tədbirlər aparırıq. Biz maarifləndirmə işinə önəm veririk. Bunun ucun də bu sahədə mütəmadi işlər aparılır”. 

İnsidentə münasibət bildirən ekspert Azər Allahverənov, ümumiyyətlə heç kimin bir-birini təhqir etməyə ixtiyarı və hüququnun olmadığını bildirir. Yəni kiməsə qarşı fiziki gücün tətbiq edilməsi yolverilməzdir və bu, cinayət tərkibli əməl hesab olunur. O cümlədən, əgər avtobus sürücüsünə qarşı bu kimi formada davranış sərgilənirsə, hadisəni törədən insanlar cəzalandırılmalıdır: "Avtobus sürücüsü müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Avtobus sürücüsü xidməti borcunu yerinə yetirən zaman zorakılıq hallarına məruz qalırsa, bunu törədən şəxsin cəzalandırılması yükü bir qədər də artıq olur. Çünki sürücü xidməti borcunu yerinə yetirən şəxsdir, gün ərzində yüzlərlə insanın daşınması ilə məşğul olur. Həmin anda şübhəsiz ki, avtobusda müəyyən sayda insan olub. Belə vəziyyətdə sürücüyə qarşı törədilən zorakılıq halı onun xidməti borcunu dəqiq və daha təhlükəsiz şəkildə yerinə yetirməsinə maneçilik törədir. Çünki artıq o, psixoloji təsir altındadır, zorakılıqla üzləşib. Həmin məqam üçün onun avtobusda daşıdığı insanların həyatı bir növ təhlükə altına düşür. Bu baxımdan, xidməti borcunu yerinə yetirən avtobus sürücülərinə qarşı bu formada davranan şəxsin məsuliyyəti artmış olur”. 
 
 

Zor tətbiq edən tərəfin əksər vaxtlarda özünü haqlı saydığını qeyd edən ekspertin fikrincə, belə zorakılıqla üzləşən şəxs mütləq şiayət etməlidir: "Düşünürəm ki, Dövlət Yol Polisi, Bakı Nəqliyyat Agentliyi və digər strukturlar insidenti araşdırmalı və müvafiq rəylərini verməlidirlər. Hətta səhv sürücüdə olsa belə, heç kimin ona qarşı zor tətbiq etməyə haqqı yoxdur. Avtobuslarda müəyyən müşahidə kameraları var və onların vasitəsilə müəyyən qeydlər aparılır. Həmin görüntülər kimin haqlı olub-olmadığını üzə çıxarır və bununla da müvafiq qurumlar tərəfindən cavabdeh tərəfin inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı rəy verilir». Ekspertin fikrincə, belə məqamlar üçün insanların hüquqi maariflənməsinə ehtiyac var: «Hüquqları bilən şəxs qarşı tərəfin də hüquqlarına hörmətlə yanaşar. Bu baxımdan, hüquqi maarifçilik olduqca vacib amildir. Eyni zamanda, hansısa hüquqi xətaya yol verildikdə, ondan irəli gələn cəzanın da nədən ibarət olması ilə bağlı məlumatlı olmaq lazımdır”. 

A.Allahverənov, həmçinin KİV-in, sosial medianın üzərinə də müəyyən vəzifə düşdüyünü qeyd edir: "Media vasitələri insanları bu istiqamətdə maarifləndirəcək videoçarxlar yaymalı, məqalələr dərc etməli, vizual əyani vəsaitlərlə hüquqi maarifləndirmə mesajlarını cəmiyyətə çatdırmalıdırlar”. 

Göründüyü kimi, istəməsək də, belə bir seçim qarşısındayıq: hüquqi maariflənmək, yoxsa fiziki zorakılıq? Baş verən insidenlə bağlı son sözü hüquq-mühafizə orqanları desə, yaxşıdır...
 
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9483
USD 1 ABŞ dolları 1.8311
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6879
GBP 1 İngilis funt sterlinqi 2.2482
TRY 1 Türk lirəsi 0.4811
KWD 1 Küveyt dinarı 5.9941
SEK 1 İsveç kronu 0.2047
CHF 1 İsveçrə frankı 1.8186