ATU-nun Tədris Cərrahiyyə Klinikasında pulsuz müayinə aparılıb
25 may "Dünya Tiroid günü" ilə əlaqədar Azərbaycan Tibb
Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında iki gün ərzində
endokrinoloji şikayəti olan pasiyentlərin pulsuz konsultasiya və ultrasəs (USM)
müayinəsi keçirilib.
25-26 may 2016-cı il tarixlərində
keçirilən aksiyada 140
nəfər iştirak edib. Onlar pulsuz USM və laborator müayinələrdən keçiblər.
Müraciət edənlərin 10 nəfərində qalxanabənzər vəzin heç bir patologiyası,
hansısa digər problem aşkarlanmayıb. 50 nəfərə yaxın vətəndaşda kiçik kolloidal
düyünlər, 30 nəfərdə qalxanabənzər vəzin xroniki iltihabı prosesi, 8 nəfərdə ressidiv zob, o
cümlədən böyük həcmli düyünü olan xəstələr də müəyyənləşib.
ATU-nun I cərrahi xəstəliklər kafedrasının tibb üzrə fəlsəfə doktoru,
Azər Hümmətovun sözlərinə görə, aksiya zamanı aparılan müayinələr nəticəsində ən çox qalxanabənzər vəzin
düyünlü urları və haşimote tiroidinə
rast gəlinib. Bundan başqa, USM müayinəsi zamanı bəzi insanlarda kolloidal
düyünlər (yəni kistoz düyünlər) bəlli olub.
Azər
Hümmətov bildirib ki, digər klinikalarda əməliyyat olunan bəzi xəstələrdə
sonradan müəyyən problemlər yaranıb: "Müayinə əsasında onlara müvafiq təyinatlar
verildi. Bəzi xəstələrdə düyündə müəyyən
patologiya əlamətlərinə dair şübhələr
yarandığına görə, onlara biopsiya tövsiyə
olundu. Onların əksəriyyəti elə həmin gün biopsiyadan keçdilər və bəzilərinə əməliyyat
məsləhət görüldü. Bu xəstələrdə düyün böyük olduğundan, onlarda tənəffüs çətinliyi
müşahidə olunurdu. Onlara da müvafiq müayinələrdən sonra müalicə üsulları təyin
ediləcək”.
Ümumilikdə
aksiya iştirakçıları ATU Tədris Cərrahiyyə Klinikasına belə kampaniyanın təşkilinə
görə təşəkkürlərini bildiriblər. Onlar klinikada göstərilən xidmətin səviyyəsi,
həkimlərin yanaşma metodlarından çox razı qaldıqlarını söyləyiblər.