AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AŞPA komitəsinin onlayn iclasında gender bərabərsizliyi müzakirə olundu

AŞPA komitəsinin onlayn iclasında gender bərabərsizliyi müzakirə olundu

Cəmiyyət
06 İyun 2020, 13:37 184
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin iyunun 5-də onlayn formatda iclası baş tutub.
"Report” xəbər verir ki, pandemiya dövründə qadın hüquqlarının qorunmasının vacibliyinə həsr olunan virtual toplantıda "Qadınların səlahiyyətlərinin artırılması, Avropada arzuolunmaz hamiləliyə qarşı xidmətlərin təşviqi”, "Xarici siyasətin gender ölçüsü”, "Süni intellektin istifadəsi nəticəsində yaranan ayrı-seçkiliyin qarşısının alınması” kimi aktual mövzuları əhatə edən məruzələr dinlənilib.
Uzunmüddətli perspektivdə pandemiyanın qadınların səhhətinə, hüquq və azadlıqlarına təsirinin bütün cəmiyyətlərə zərər verə biləcəyi vurğulanıb.
İclasda ölkəmizi təmsil edən deputat, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva "Böhran və pandemiya dövründə insan haqlarının qorunması: bərabərlik və ayrı-seçkilik hüququ”nun müzakirəsi zamanı fikirlərini bölüşüb. 
O bildirib ki, "COVİD-19” gender bərabərliyi kimi aktual mövzunu ən azı 50 il geriyə atıb: "Təəssüflər olsun ki, mövcud təcrid və məhdudlaşdırma siyasəti bəzi cəmiyyətlərdə qadınlar üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olub”.
Azərbaycanın pandemiya dövründə gender əsaslı zorakılığa dair BMT Baş Katibinin çağırışına qoşulan 146 ölkədən biri olduğunu qeyd edən deputat vurğulayıb ki, bu gün bütün dövlətlər mövcud böhranın daha da böyüməsinin qarşısını almaq istiqamətində çalışmalıdır. K.Nurullayeva
"Aİ BMT Məlumatlandırma Təşəbbüsü”nün (EU-UN Spotlight Initiative) bu məsələyə reaksiya baxımından vacib əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb.
"Ayrı-ayrı ölkələrdə investisiyaların miqyasını genişləndirmək üçün daha çox maraqlı tərəflərə, o cümlədən özəl təşkilat və vətəndaş cəmiyyəti üzvlərinə çağırış etməyin vaxtıdır” deyən K.Nurullayevanın qənaətincə, bu təşəbbüs qadınların bacarıqlarını nümayiş etdirmək, yeni iş yerlərinin yaranması, eyni zamanda qadınların müdafiəsini təmin edəcək digər qlobal fəaliyyətlərin yerinə yetirilməsi üçün zəruri maliyyə təminatı ola bilər. Bu isə nəticə etibarı ilə zərif cinsin nümayəndələrinin cəmiyyətdəki mövqeyinin müdafiəsinə ən böyük dəstəkdir.