• şənbə, 27 Aprel, 00:23
  • Baku Bakı 14°C

Ancelina Colidən nümunə götürülsünmü?

21.05.13 09:20 2557
Ancelina Colidən nümunə götürülsünmü?
Dünyanın birinci gözəli, BMT-nin xoşməramlı səfiri Ancelina Colinin xərçəng riskinin arta biləcəyi ehtimalı üzündən hər iki süd vəzisini əməliyyat etdirərək götürtməsi hamını şoka saldı. Aktrisa «The New York Times» qəzetinə yazdığı məqalədə «Mənim anam Marşlin Bertran bu xəstəliklə 10 il mübarizə aparandan sonra 56 yaşında vəfat edib. Mən onda başa düşdüm ki, bu, reallıqdır. Mən yalnız bu yolla xəstəliyə mane ola və riski bacardığım qədər azalda bilərəm»- deyə yazıb. Aktrisa klinikada 3 ay qalıb. Onu təkcə əməliyyat etməyiblər, həmçinin süd vəzilərinin əvvəlki görkəmini saxlamasından ötrü implantant qoyublar. Hazırda aktrisanın süd vəzisi xərçəngi ilə xəstələnmək riski 87 faizdən 5 faizə enib. Ancelina Coli bildirib ki, orqanizmində BRSA1 genlərində dəyişiklik yarandığı üçün bu addımı atıb. Onun sözlərinə görə, bu genlərdəki mutasiya süd vəzisində xərçəng riskini təxminən 80 faiz artırır. Aktrisa gələcəkdə yumurtalıqlarında da xərçəng yaranmasının qarşısını almaq üçün eyni əməliyyatı keçirmək fikrindədir. Belə ki, BRCA1 genində dəyişiklik yumurtalıqlarda xərçəng riskini 56 faiz artırır. Ancelina Coli ümid edir ki, öz nümunəsilə başqa qadınları xərçəng əleyhinə mübarizəyə ruhlandıra biləcək: «Mən ümid edirəm ki, bu sətirləri oxuyan qadınlar başa düşəcəklər ki, onlar üçün çıxış yolu var».
İstər-istəməz belə bir sual yaranır: süd vəzilərinin və yumurtalıqların götürülməsi bu orqanlarda xərçənglə mübarizədə effektli üsuldurmu? Və ya Ancelina Colinin nümunəsini davam etdirmək lazımdırmı? Artıq ABŞ-da populyar əməliyyata çevrilən, həmçinin iradə və cəsarət tələb edən bu riskə qadınlar getməlidirmi?
Hərçənd bir neçə il bundan əvvəl xərçəng riskindən qorxan rusiyalı jurnalist Maşa Qessen eyni əməliyyatı keçirib, sonradan internetdə paylaşdığı fikirlər ingilis dilinə tərcümə olunub dünyaya yayılanda, məşhur türk müğənnisi Nilufər riski gözünə alıb “Əgər o şiş mənə lazım deyilsə, onu niyə daşıyım?”-deyə eyni əməliyyata keçirəndə və qadınlara nümunə olmaq istədiyini bəyan edəndə bu çağırışlara səs verən olmadı. Baxmayaraq ki, risk faktoru olduğu kimi qalır - dünyanın hər yerində milyonlarla qadın bu xəstəliklərdən əziyyət çəkir və dünyasını dəyişir...
Dilemma
Bu gün isə bəzi onkoloqlar Ancelina Colinin riskli addımını düzgün hesab edirlər. Məsələn, deyirlər ki, onun 3 övladı və qəyyumluğa götürdüyü daha 3 uşağı var. Yəni 37 yaşlı aktrisa bundan sonra dünyaya uşaq gətirmək fikrində deyil və övladları üçün yaşamaq istəyir. Bundan əlavə, müasir texnologiyalar onun süd vəzilərinin gözəlliyini qoruyub saxlayacaq.
Bəzi onkoloqlar isə xəbəri eşidərkən dəhşətə gəliblər: «Bu, dəhşətdir. Heç bir halda bu nümunəni təkrarlamaq lazım deyil»- deyə Rusiya həkimləri bildiriblər. Moskva şəhər onkoloji xəstəxanasının şöbə müdiri Daniil Stroyakovski qadınlarda xərçəng riskinin müxtəlif səbəblərdən yarandığını bildirib: “BRSA1 geninin mutasiyası süd vəzisində xərçəng yaranması üçün ən aqressiv variantlardan biridir. Təəssüf ki, qadınlarda xərçəngin yaranması ilə bağlı səbəblərin çoxu elmə hələ məlum deyil. Təkcə onu demək olar ki, xərçəng xəstəliklərinin artmasının 30 faizi onların həyat tərzi ilə bağlıdır. Buna görə hormonal kontrovseptiv maddələr, menopauza zamanı hormonların qəbulu, xoşagəlməz hadisələrdən qaçmaqla riski azaltmaq olar. Çəkinin həddən artıq artması, alkoqollu içkilər şişlərin inkişafı üçün şərait yaradır. Bir çox hallarda isə şişlərin əksəriyyətinin genetik kökləri olur”.
Genetik yoxlanmadan sonra
Qeyd edək ki, hər il dünyada süd vəzisi xərçəngi ilə xəstələnən qadınların sayı 3 faiz artır. Onkoloji xəstələr sırasında süd vəzisi xərçəngi birinci yerdə durur. Hər 8 qadından biri bu risklə üzləşir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, süd vəzisi xərçəngi dünyada qadın ölümünün əsas səbəblərindən biridir. Hər il bu xəstəliyə bir milyona yaxın qadın tutulur, yarım milyona yaxın qadın isə dünyasını dəyişir.
Qonşu Rusiyada son 20 ildə süd vəzisi xəstələrinin sayı 64 faiz artıb. Ölkədə hər il 50 min qadına bu diaqnoz qoyulur.
Azərbaycan da dünyada süd vəzisi xərçənginin geniş yayıldığı ölkələrdən biridir. Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımovun sözlərinə görə, dünyada hər 10-cu onkoloji qadın süd vəzisi xərçənginin daşıyıcısı olduğu halda, Azərbaycanda hər 8-9-cu onkoloji xəstə süd vəzisi xərçəngindən əziyyət çəkir. Ölkəmizdə hər il təqribən 7500-8000 xəstəyə ilk dəfə onkoloji diaqnoz qoyulur. “Azərbaycanda daha çox süd vəzisi xərçəngi yayılır. Ölkəmizdə süd vəzisi xərçənginin daha çox yayılmasının əsas səbəbləri qadınların təhsil imkanlarının artması səbəbindən onların vaxtlarının çatışmazlığı, bu səbəbdən də onların öz uşaqlarını ana südü ilə qidalandıra bilməməsi, ailədə yeni doğulan uşaqların sayının azalması və s. ilə bağlıdır”.
Mərkəzi Klinik Xəstəxananın onkoloqu Azər Quliyev hesab edir ki, qadınlar genetik müayinədən keçməli, risk olduğu halda əməliyyata üstünlük verilməlidir: “Ancelina Coli düzgün addım atıb. Bu əməliyyatı keçirmək üçün qadınlarda xərçəng riskinin olub-olmamasını yoxlamaq lazımdır. Əgər bu risklər varsa, süd vəziləri qabaqcadan götürülə bilər. Məsələn, əgər ana xətti ilə olan qohumlarda bu risk varsa və menepauzadan əvvəlki dövrlərdə qadınlarda bu problem varsa bu cür qadınlar araşdırılmağa namizəddirlər. Onlar irsən araşdırılmalı, gen testi yoxlanmalıdır ki, onlarda konstitutsional olaraq bu xəstəliyə yaxınlığın olub-olmaması üzə çıxsın. Qabaqcadan əməliyyat olunması isə onları müəyyən qədər xəstəlikdən qoruyur”. A.Quliyevin fikrincə, dünyada qadınların xərçənglə xəstələnməsi riski nə qədər yüksəkdirsə, Azərbaycan da bu təhlükədən geri qalmır. “Qadınlarda süd vəzi xərçəngi birinci yerdədir. Yalnız genetik yoxlanmadan sonra qadınlar bu əməliyyatı keçirməlidirlər».
Tibb elmi qadınların bir çox orqanlarında xərçəngin yaranma səbəbini araşdıra bilməsə də, əldə olan təcrübəyə istinad edərək hesab edir ki, ana xətti ilə süd vəzisi və yumurtalıq xərçənglərinə rast gəlinən qadınlar 30-35 yaşından sonra və uşaqları olduğu halda bu əməliyyat barədə düşünməlidirlər. 30 yaşdan sonra hər bir qadın BRSA1 gen mutasiyasının olub-olmaması ilə bağlı qan analizi verməlidir. Əgər bu dəyişiklik üzə çıxarsa, çıxış yolu xəstənin daim mütəxəssislərin ciddi nəzarəti altında olması, 6 aydan bir maqnit rezonans tomoqrafiyadan (MRT) keçməsidir. Mammoqrafiya və USM burda artıq o qədər də rol oynamır. Bu variant Avropada qəbul olunub. Digər variant isə hər iki süd vəzisinin əzələ toxumasının götürülməsidir. Bu, riskin 100 faiz aradan qalxmasına təminat verməsə də, onu minimuma endirir.
Digər bir məsuliyyət isə həkimin üzərinə düşür. O, pasiyenti risklə bağlı məlumatlandırmalıdır. Əgər belə bir risk varsa, təcili olaraq müalicə başlanmalıdır. Baxmayaraq ki, xərçəngin bu növü hətta şiş ən kiçik ölçülü olanda belə çox aqressivdir, vaxtında həkimə müraciət edəndə riskin qarşısının alınması şansı daha böyükdür. Həkimlərin fikrincə, süd vəzisi xərçənginin müalicəsində müvəffəqiyyət şansı və bu xəstəliyin sağalmasının əsas şərti erkən diaqnozdur. Xərçəng daha bir neçə mm diametrə sahib olduğu zaman belə mammoqrafiyada görülə bilər. Bu vəziyyətdə müalicənin nəticələri çox müvəffəqiyyətli olur. Buna görə də tez-tez süd vəzisi müayinələrinə gələn xəstələr çox şanslıdırlar.
Onkoloqlar həmçinin ana olmayan cavan qadınlara məsləhət görürlər ki, onlarda ana xətti ilə süd vəzisində və yumurtalıqlarda xərçəng riski varsa, dərhal bəd xassəli BRSA1 geni ilə bağlı analiz verməyə, psixoloji dəyişikliyin qurbanı olmağa tələsməsinlər. O mənada ki, risk varsa, onunla mübarizə yolları da var.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər