AZE | RUS | ENG |


Amerika Azərbaycanla hərbi sahədə əməkdaşlığı genişləndirir

Amerika Azərbaycanla hərbi sahədə əməkdaşlığı genişləndirir
Bakıda səfərdə olan amerikalı diplomatın keçirdiyi görüşlər, verdiyi açıqlamalar nikbinlik üçün əsas verir

ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində o, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Amerikalı qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur, Cənubi Qafqazda sabitliyə təhlükə yaradır, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayaraq Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayır, destruktiv siyasət yürüdərək müxtəlif təxribatlara əl atır. M.Karpenter isə ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu, bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyinə əminliyini bildirib. Azərbaycan Ordusunun döyüş hazırlığına yüksək qiymət verən qonaq şəxsi heyətin müasir və yeni silahlarla təchiz edildiyini, istənilən təhdidə çevik cavab vermək imkanına malik olduğunu xüsusi qeyd edib. Hər iki görüşdə Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər də müzakirə olunub. 

Rəsmi görüşlərdən sonra mətbuata açıqlama verən M.Karpenter ABŞ-ın Azərbaycanla mövcud əməkdaşlığı yüksək qiymətləndirdiyini söyləyib. O, ABŞ Müdafiə Departamenti və Azərbaycanın təhlükəsizlik institutlarının uzunmüddətli əməkdaşlığını müzakirə etdiyini, Azərbaycan hökuməti ilə təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Deyib ki, bu, iki ölkə arasında əsas əməkdaşlıq sahələrindən biridir. M.Karpenter Azərbaycanla terrorizmə, zorakı ekstremizmə qarşı mübarizədə,  həmçinin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edildiyini də dilə gətirib. O, Azərbaycanın dəstək məqsədi ilə sülhməramlılarını Əfqanıstana göndərməsinə görə minnətdarlığını da ifadə edib. Bildirib ki, Azərbaycan 11 sentyabr hadisəsi zamanı ABŞ-a dəstək verən ilk ölkələrdən olub və həmin vaxtdan etibarlı tərəfdaş olaraq qalır. M.Karpenter onu da əlavə edib ki, ABŞ regionda təhlükəsizlik və sülhün təminatında maraqlıdır. Onun sözlərinə görə, bu, ABŞ-ın uzunmüddətli marağıdır.

Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, antiterror əməliyyatlarının başladığı gündən indiyə qədər Azərbaycan antiterror koalisiyası ilə sıx əlaqədə olub, bu koalisiyaya imkanları daxilində hərtərəfli dəstək nümayiş etdirib. Millət vəkili qeyd edib ki, belə yanaşma Azərbaycanın strateji mövqeyindən irəli gəlir. Onun fikrincə, Azərbaycan qarşılıqlı maraqlar çərçivəsində, bərabərhüquqlu müstəvidə əməkdaşlıq etdiyi bütün ölkələrlə münasibətlərdə hər zaman öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib: "Əgər hər hansı əməkdaşlıq varsa, ölkəmiz tərəfindən bu əməkdaşlıq yüksək səviyyədə həyata keçirilib. ABŞ eyni zamanda, ATƏT-in həmsədr ölkələrindən biridir. Bizim üçün onların fikri, mövqeyi önəmlidir bu baxımdan ki, onlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını bəyan edir, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyirlər. ABŞ Dağlıq Qarabağ probleminin danışıqlar vasitəsilə ilə, sülh çərçivəsində həllinə tərəfdardır. Ona görə də ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenterin Azərbaycanda səfərdə olarkən səsləndirdiyi fikirləri müsbət dəyərləndirirəm. Hesab edirəm ki, Amerikanın Azərbaycanla hərbi sahədə əməkdaşlığı daha da genişləndirmək niyyətində olması vacib məsələlərdən biridir. Bu niyyətin praktiki olaraq hansı səviyyədə həyata keçiriləcəyini isə zaman göstərəcək”.

F.Muradov xüsusi olaraq vurğulayıb ki, ümumiyyətlə, Azərbaycan hər hansı ölkə ilə əməkdaşlıq edən zaman məhz ikitərəfli əməkdaşlığı nəzərdən keçirir, bu zaman milli və dövlətçilik maraqlarını düşünür. Deputatın sözlərinə görə, Azərbaycanın regionda bir neçə dövlətlə strateji əməkdaşlığı mövcuddur ki, ABŞ da belə ölkələrdən biridir: "Düzdür, son dövrlərdə baş verənlər, o cümlədən ABŞ Dövlət katibi Con Kerri tərəfindən irəli sürülən fəlsəfə, xüsusən də Dağlıq Qarabağ münaqişəsi barədə səsləndirilən fikirlər bizə uyğun deyil, lakin ümumilikdə Amerikada praqmatik, Azərbaycanla əlaqələri yüksək dəyərləndirən və əməkdaşlıq etmək istəyən siyasi qruplar var. Zaman-zaman erməni lobbisi tərəfindən irəli sürülən strategiyaya uyğun olaraq Azərbaycana qarşı mənfi fikirlər səsləndirilir. Amma buna baxmayaraq, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri inkişaf edir. Bu inkişaf tempini daha da artırmaq olar. Bu baxımdan, ABŞ-ı təmsil edən şəxslərin, o cümlədən Maykl Karpenterin səfəri əhəmiyyətlidir və belə səfərlər Amerikanın Azərbaycanı dayanıqlı və stabil tərəfdaş kimi qəbul etməsi istiqamətində işlərini davamlı edəcək”.

Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun digər üzvü, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə də qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan ABŞ ilə uzun illərdir əməkdaşlıq edir. Deputat bildirib ki, Azərbaycan antiterror koalisiyasının ən fəal üzvlərindən biridir: "Azərbaycan özü də terrordan əziyyət çəkdiyinə, dəfələrlə ölkəmizə qarşı terror aktlarının həyata keçirilməsinə görə rəsmi Bakı terrorla mübarizədə əməkdaşlığını bilavasitə ortaya qoyub. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Əfqanıstanda hal-hazırda da antiterror əməliyyatlarında iştirak edirlər. Bundan başqa, Azərbaycan ABŞ ilə NATO-nun hərbi qüvvələrinə çox ciddi logistik dəstək verir. Bu dəstək həm Amerika, həm də NATO qüvvələri tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan bilavasitə Amerika və NATO ilə əməkdaşlığı çərçivəsində ölkəmizin Silahlı Qüvvələrinin müasir istiqamətdə inkişafı üçün də çalışır. Bu istiqamətdə də əməkdaşlıq əlaqələri davam etdirilir. Bu çərçivədə bir uğurlu layihə barədə də fikrimi çatdırmaq istəyirəm. Amerikanın Oklahoma ştatının Milli Qvardiyasının Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə əməkdaşlığı da öz müsbət nəticəsini verməkdədir. Düşünürəm ki, bütün sahələrdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələri daha da güclənməlidir. Əvvəla bunun üçün böyük potensial var. Digər tərəfdən, bu, Azərbaycan dövlətinin də maraqlarına xidmət edir”.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001