Ağır və qısa sənət yolu
Ötən həftə xalq artisti, baletmeyster Mədinə Əliyevanın
Azərbaycan Opera və Balet Teatrında işdən çıxması böyük rezonans doğurdu. Yanvarın
11-də rəsmi şəkildə teatrdakı işindən ayrılan baletmeysterlə bağlı məsələ
sosial şəbəkələrdə də böyük müzakirələrə səbəb oldu. Məsələ öz məcrasından
ayrılaraq tamam başqa istiqamətə doğru yol aldı.
Bəs görəsən, uzun illər
opera səhnəsində balet artisti kimi fəaliyyət göstərən, yaşlanmış
baletmeysterləri işdən azad olduqdan sonra hansı tale gözləyir? Opera və Balet
Teatrında baletmeystlər 20 ilə qədər səhnədə fəaliyyət göstərmək imkanına
sahibdirlər. Ən çətin peşə növü olan bu sənətdə artistlərin yaş həddi başa
çatdıqdan sonrakı taleyi bizim də diqqətimizdən yayınmadı. Məsələ ilə bağlı araşdırmalar
apardıq. Görünən mənzərə bir qədər fərqlidir.
Səhnə gənclik tələb edir
Azərbaycan
Dövlət Opera və Balet Teatrının mətbuat xidmətinin
rəhbəriŞükufəAğamirzəyeva bizimlə söhbətində bir çox
məsələlərə aydınlıq gətirdi. İlk olaraq teatrın adının belə qalmaqalda
hallanmasına təəssüf hissimizi bildirdik. Çünki Opera və Balet Teatrı böyük
tarixə malik bir teatrdır və bu teatrda indiyə qədər belə halların baş
verdiyinin şahidi olmamışıq. Söhbətimiz zamanı aydın oldu ki, hər zaman öz
imici və tamaşaçı kütləsi ilə seçilən teatrla bağlı bu məsələdə o qədər də
şişirdiləcək heç nə yoxdur. Daha sonra mövzumuzla bağlı Şükufə xanımın da
təcrübəsindən yararlandıq. Uzun müddətdir ki, bu teatrda çalışan, teatrda baş
verən bütün proseslərin mərkəzində olan müsahibimiz deyir ki, Opera Teatrında tamaşalarda
daha çox gənc balet artistlərinə müraciət edirlər: "Teatrda çalışan balet
artistlərimizin əksəriyyətini gənclər təşkil edir. Yaşlı nəslin nümayəndələri isə
daha çox pedaqoji fəaliyyətlə məşğuldurlar. Səhnədə çıxışlarını başa vurandan sonra
pedaqoji fəaliyyətə başlayırlar. Bəziləri də teatrda çalışa-çalışa düşünürlər ki,
ömürlərinin sonuna qədər bu sənətdə qala bilməyəcəklər. Ona görə də başqa istiqamətlərdə
ali təhsil alırlar. Misal üçün, bizdə Dillər Universitetində, Bakı Dövlət
Universitetində və digər təhsil ocaqlarında təhsil alıb, ikinci ixtisas kimi
çalışan rəqqaslar da az deyil. Onları cəlb
edən istiqamətlərdə təhsil almaqdan çəkinmirlər. Bizim truppamız 1990-cı illərin
sonu, 2000-ci illərin əvvəllərində formalaşmış truppadır. 35 yaşı ötən artistlərimiz
var. Onlar özləri istəsələr belə, fiziki qüvvələri çatmır ki, səhnədə fəaliyyətlərini
davam etdirsinlər. Digər tərəfdən də səhnə gənclik tələb edir. Onun üçün səhnədə
gənclər çıxış etməlidirlər”.
Sovet dönəmində yaşından asılı
olmayaraq, balet artisti kimi səhnədə fəaliyyət göstərənlərə 20 il müddət
qoyulurdu. Ondan sonra rahat şəkildə pensiyaya çıxa bilərdilər. Şükufə xanım
qeyd edir ki, Azərbaycanın müstəqillik illərində pensiya haqqında qanun qəbul olunandan
sonra bu limit ləğv olundu: "İndi bizim balet artistlərimiz bu limitə yaxınlaşıblar.
20 illik əmək stajı, hətta bundan o tərəfə keçən artistlərimiz də var. Bəzən görürük
ki, onlar çox böyük çətinliklərlə üzləşirlər. Yaş həddini keçdikdən sonra balet
artistlərinin oynaqlarında, dizlərində müxtəlif zədələr meydana gəlir. Bununla əlaqədar
fəaliyyətlərini davam etdirməyib, baletdən ayrılanlar da var. Öz yaşlarından qat-qat
cavan görünsələr də, fiziki qüvvələri tükənir. Belə bir çətinliklərlə üzləşirlər.
Balet truppasında ən yaşlı aktyorun 37 yaşı var. Hansı ki, biz onları 17
yaşlarından teatra dəvət etmişik”.
Təhsil təcrübənin ən gözəl
tətbiq metodudu
Bakı
Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri, kulturoloq Əbülfəz Babazadə istənilən sahədə peşəkarın
öz karyerasının davam etdirə biləcəyini dedi: "Prezidentimiz İlham Əliyev Bakı
Xoreoqrafiya Akademiyasını yaradanda
məhz bu kimi amilləri nəzər almışdı. Belə ki, bizim nizamnamədə yüksək
ixtisaslı kadrların hazırlanması kimi xüsusi bir qayda var. Hansı ki, bu
nizamnaməyə əsasən, Akademiya hal-hazırda təhsilin bütün pillələrini özündə
ehtiva edir. Sənətdə sözlərini demiş balet mütəxəssisləri burada öz səhnə
fəaliyyətləri ilə bərabər, təhsillərini də davam etdirə bilərlər. Bu da o
deməkdir ki, bu günün artisti sabahın müəllimidir. Onlar səhnədə əldə etdikləri
bütün nailiyyətləri sabah öz tələbələri ilə bölüşə bilərlər. Əslində bu ən
gözəl tətbiq metodudur. Ancaq məsələ burasındadır ki, hər artist müəllim ola
bilməz. Bunun üçün xüsusi qabiliyyət lazımdır. Bizim savadlı kadrlara çox böyük
ehtiyacımız var. Savadı əldə etmək üçün ən gözəl metod isə təhsildən
yararlanmaqdan ibarətdir”.
Ə.Babazadə Akademiyanın
məzunlarının çox olması və onların gələcəkdə işlə təmin olunması haqqında da
danışdı: "Doğrudur, tələbələrimizin hamısının işlə təmin olunması bəlkə də
mümkün deyil. Amma düşünürəm ki, hazırda ölkədə mədəniyyət sahəsində gedən
islahatlar təkcə paytaxtda deyil, bölgələrdə də həm bu sahənin təbliğ olunması,
həm də iş yerlərinin açılması, truppaların fəaliyyətə başlaması, kollektivlərin
yaranması, özfəaliyyət səviyyəsində də olsa peşəkar kadrlarımızın işlə təmin
olunması deməkdir. Nazirlik sistemində keçən ildən başlamış struktur
dəyişiklikləri yanvarın 1-dən qüvvəyə mindi. Regional mədəniyyət və turizm
idarələri yarandı. Bununla yanaşı, həmin regional idarələrin yerləşdiyi
məkanlarda yeni incəsənət məktəblərinin yaradılması nəzərdə tutulur. Bu da
uşaqlar üçün asudə vaxtın təşkili, yüksək ixtisaslı kadrların hazırlanması,
digər tərəfdən, xoreoqrafiya məktəbinin məzunlarına iş yerlərinin açılmasıdır”.
Hər adam bu işlə məşğul ola
bilməz
Opera və Balet Teatrında
balet truppasını müdiri YuriLobaçov bildirdi ki, ən çətin peşə
bizim sənət hesab olunur: "Bizim sənətimiz çətin olduğu qədər də ağırdır. Hər
bir adam bu işlə məşğul ola bilməz. Əslində bu bizim öz seçimimizdən irəli
gəlir. Bu sənətə gəlmək üçün ilk növbədə rəqqasın dözümlülüyünə, onun bu sənətə
olan sevgisinə baxırlar. Bu sənətdə həyatımız qısa olsa da, çox maraqlı bir
peşəyə sahibik. O ki qaldı səhnə fəaliyyətimizin sona çatmasından sonrakı
prosesə, bu, insanın özündən asılı olan bir şeydir. Sənətdə səhnəni bitirəndən
sonra kimsə pedaqoji fəaliyyətə başlayır, kimsə repetitor kimi fəaliyyət
göstərir. Müəllimlik də çətin işdir. Hər adam bunu bacara bilmir. Çoxları
ikinci ixtisas seçirlər. Bu onların öz istəklərindən asılıdır. Hər adam öz
yolunu öncədən seçir. Ölkəmizdə fəaliyyət göstərən Xoreoqrafiya Akademiyasında
bizim sənətə məxsus bir çox ixtisaslar var. Bu sənəti seçən gənclər seçdikləri
ixtisasa dərindən yiyələnirlər”.
Y.Lobaçov deyir ki, bəzən 6-7 saat məşq edirlər: "Hər adam ona dözə
bilmir. Elə vaxtlar olur ki, durmadan çalışırıq. Bizim sənət həyatımız çox
qısadır. Zaman keçdikcə sümüklərdə zədə almalar da olur. Balet artisti cavankən
zədə alanda önəm vermir, ancaq bir qədər yaşlı olanda, bu, təsirsiz ötüşmür”.
Xəyalə Rəis