• cümə, 26 Aprel, 17:49
  • Baku Bakı 23°C

ABŞ-ın erməni sevgisinin tarixi

22.01.15 09:09 1503
ABŞ-ın erməni sevgisinin tarixi
Bu günlərdə ABŞ dövlətinin ölkəmizə qarşı qərəzli münasibətinin müstəqilliyə qədəm qoyduğumuz ilk illərdən başladığını təsdiq edən məlumat yayılıb. Belə ki, hazırda ABŞ dövlət katibi vəzifəsini icra edən Con Kerri və digər bir neçə senatorun 1990-cı il yanvarın 18-də SSRİ rəhbəri Mixail Qorbaçova ünvanladığı inanılmaz müraciət ortaya çıxıb. “Karabakhrecords.info” saytının yaydığı müraciətin mətnində amerikalı senatorların həmin dövrdə son 6 gün ərzində azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni əhalisinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət edilməsindən ciddi narahatlıq ifadə olunur.
Bildirilir ki, öldürülən 60 nəfər və yaralanan 156 nəfərin əksəriyyəti ermənidir. Habelə, son hadisələr nəticəsində 4000-dək erməninin qaçqın vəziyyətinə düşdüyü iddia edilir və Qorbaçovdan bütün zəruri tədbirlərin görülməsi istənilir: “Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün Sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, Siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-nı təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz Sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz”.
Diqqət çəkən məqam bu müraciətə imza atan şəxslər arasında o zaman senator olmuş, hazırda isə ABŞ dövlət katibi vəzifəsini icra edən Con Kerrinin də olmasıdır. O da qeyd olunub ki, yanvarın 19-da Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pell SSRİ xarici işlər naziri Eduard Şevardnadze ilə görüşüb. Söhbət əsnasında Pell deyib ki, Sovet rəhbərliyi Azərbaycana erməni Qarabağı üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir: “Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Dağlıq Qarabağ üzərində gələcək nəzarəti Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir.
Bu sənəd ölkə ictimaiyyətində şok effekti yaradıb və birmənalı olaraq, etiraz doğurub. Politoloq Elman Nəsirov da bizimlə söhbətində bunun ermənipərəst qüvvələrin ölkəmiz əleyhinə atdığı ilk addımlardan olduğunu, böhtan xarakteri daşıdığını və beynəlxalq hüquq prinsiplərinə zidd olduğunu dedi: “Biz Con Kerrinin ermənipərəst olduğunu ilk dəfə 1992-ci ilin iyul ayının 18-də görmüşdük. O, senator olaraq “Azadlığı müdafiə aktı”na "907-ci düzəliş” layihəsinin hazırlanması ilə tanındı. Belə ki, həmin tarixdə Konqresdə bu sənədi təqdim edərək Azərbaycana qarşı iqtisadi qadağa tətbiq edilməsini tələb etdi. Müəllifi olduğu bu sənəd 1992-ci il oktyabrın 24-də Konqresdə təsdiqləndi və ölkəmizə dövlət səviyyəsində iqtisadi yardımlara qadağa qoyuldu. Məlumdur ki, ABŞ o zaman bu sənəd çərçivəsində yeni müstəqillik qazanmış dövlətlərə 460 milyon dollar yardım ayırmışdı. Azərbaycana isə məhz Con Kerrinin bu “fəaliyyəti” nəticəsində bir sent belə verilmədi. Təəssüf ki, bu günə qədər də “907-ci düzəliş” tamamilə ləğv edilməyib, sadəcə dondurulub. İndi məlum olur ki, Kerrinin ölkəmiz əleyhinə fəaliyyəti və erməni sevgisinin tarixi “Kerri düzəlişi”ndən əvvələ gedib çıxır. Bu gün dövlət katibi olan və digər bir neçə senator SSRİ-nin birinci və sonuncu prezidenti Qorbaçovun adına müraciət hazırlayıblarmış”.
E.Nəsirov müraciətin başdan-başa cəfəngiyatdan ibarət olduğunu bildirdi: “Guya azərbaycanlıların ermənilərə qarşı qətliam törətdiklərini qeyd ediblər. Halbuki deyilənin tam əksi olduğu bütün dünyaya məlumdur. Deyirlər ki, guya 60-dan çox insan öldürüblər, 156 nəfəri yaralayıblar, 4 mindən çox insan isə didərgin düşüb. Qorbaçovdan tələb edirlər ki, azərbaycanlılara qarşı sərt addımlar atsın. Ən dəhşətlisi isə odur ki, Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi tələb olunur. Elə təsəvvür yaratmaq istəyirlər ki, sanki Qarabağ Ermənistana verilməsə, orada ermənilərə qarşı talan siyasəti həyata keçiriləcək və bu gedişat hadisələri daha dərinə aparacaq. Əks təqdirdə, bütün məsuliyyət sovet rəhbərliyi üzərinə düşəcək. Onların bu şəkildə yanaşma ortaya qoymaları təsdiqləyir ki, faktiki olaraq, fövqəldövlət olan ABŞ qlobal deyil, erməni maraqlarından çıxış edir. Onlara xidmət edən qüvvələr və onların da içərisində xüsusi fəallığı ilə seçilən Con Kerri Azərbaycana qarşı Sovet İttifaqının güc tətbiqi və torpaqlarımızın parçalanıb Ermənistana verilməsi siyasətinin önündə gedib. Təəssüf ki, həmin şəxslər hazırda ABŞ xarici siyasətini həyata keçirirlər. Əvvəllər ermənipərəst siyasətçi olaraq məşhur olanlar hazırda tutduqları vəzifəyə görə bunu açıq-aydın şəkildə ifadə etmək imkanına malik deyillər. Amma yenə də bir qədər gizli və qeyri-leqal şəkildə ermənilərin maraqlarına xidmət göstərirlər”.
Politoloq düşünür ki, yəqin elə bu kimi halların nəticəsidir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret mövqe ortaya qoymur, məsələnin həllinə təşəbbüs göstərmir, görüş təşkiletmə təklifində bulunmur: “2001-ci ildən sonra ABŞ rəhbərliyi səviyyəsində prezidentlərin görüşü keçirilməyib. Yalnız keçən il sentyabrın 4-də NATO-nun Uels sammiti zamanı Kerrinin vasitəçiliyi ilə prezidentlərin görüşü baş tutdu. Amma bu da xüsusi, əlahiddə görüş deyildi. Onsuz da hər iki prezident sammitə qatılmışdı və Kerri bu fürsətdən istifadə edib onlar arasında görüş təşkil etdi. Nəticə isə sıfıra bərabər oldu. Ona görə də sözügedən müraciətin ortaya çıxması məni təəccübləndirmədi. Onu da deyim ki, Kerri və onun kimi ermənipərəst qüvvələr, müxtəlif lobbi və diaspor təşkilatları üçün Azərbaycanda kimin hakimiyyətdə olması önəmli deyil. Onlar üçün əsas odur ki, Azərbaycanda ermənilərin maraqları təmin olunsun və ölkədə ABŞ-ın diktəsi ilə fəaliyyət göstərən hakimiyyət olsun”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər