• cümə, 26 Aprel, 22:32
  • Baku Bakı 22°C

33 saat açıq kosmosda qalan xanım - Fotolar

11.12.17 18:57 5212
33 saat açıq kosmosda qalan xanım - Fotolar
"Azərbaycana ilk səfərimdir. Yeni ölkələr görmək insana həmişə maraqlıdır. Keçən həftə Gürcüstanda səfərdə idim. Oradan Bakıya avtomobillə gəldik. Yol boyu məndə müəyyən təəssüratlar oyandı”. Amerikalı astronavt və Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli kapitanı Haydi Stefanişin-Payperin Azərbaycana səfəri çərçivəsində Bakıdakı Amerika Mərkəzində keçirdiyi mətbuat konfransında səsləndirdiyi bu fikirlərlə, təkcə ölkəmiz haqında təəssüratlarını bölüşmədi, həm də fəzanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan bəhs etdi.

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən görüşdə uğurlarının sirrindən söz açan NASA-nın kosmonavtı çalışdığı sahədə qadınların kişilərə nisbətən az olmasının səbəbini izah etdi: "Tarixən qadın kosmonavtları çox görməmişik. Bunun səbəblərindən biri NASA-nın kosmonavt olmaq üçün irəli sürdüyü tələblərdir. Belə ki, ilk növbədə ali təhsil lazımdır. Üstəlik, qadınlar tarixən bu sahəyə o qədər də can atmayıblar. Ona görə də kosmonavtika sahəsində qadınların sayı kişilərə nisbətən həmişə az olub. Amma son illər NASA seçim apararkən, qadınlara daha çox üstünlük verir. Son illərdə seçilən 12 kosmonavtdan 5-i qadındır. Sözsüz ki, onların nisbəti yarıbayarı olmalıdır. Bunun üçün də ilk növbədə qadınların texniki sahələrə üz tutmaları vacibdir”.

33 saata yaxın açıq kosmosda qaldığını deyən kosmonavt həmin an yaşadığı hissləri bölüşdü: "Biz 33 saat gəmidən çıxaraq açıq kosmosda müəyyən işləri həyata keçirmişik. Bizim çox sıx cədvəlimiz var. Biz tərəfə baxanda səmanı, geriyə baxanda isə kosmik stansiyanı görürük. Fəzada belə bir stansiyanın olması qürurvericidir. Artıq texnologiyaları o qədər inkişaf etdirmişik ki, səmada belə bir stansiya inşa etmişik və orada insanlar yaşayır”.

Kosmonavt qadın kosmosdan hərbi məqsədlər üçün istifadə olunmasına və oradan insanların izlənməsi, həyatlarına müdaxilə edilməsi məsələlərinə də münasibət bildirdi: "NASA hərbi təlimlər üçün yaradılıb. Amma biz müharibəyə xidmət etmirik. Hərbiçi olsaq da, NASA-ya həmişə hərbi formada getmirik. Orda hərbi işi bir kənara qoyub, əlimizdən gələn işi layiqincə həyata keçirməyə çalışırıq. Təbii ki, insanların müharibələr yaratmaq, üstünlüyə malik olmaq kimi istəkləri həmişə olub. Ümid edirik ki, bu tendensiyalar NASA və digər təşkilatların fəzanı öyrənməsi istiqamətində aparıcı amala çevrilməyəcək. İnanırıq ki, bir gün müharibələr sona çatacaq. Biz hazırda kosmosdan yerdəki vəziyyəti, iqlim və ya digər sahələrin yaxşılaşdırılması üçün istifadə edirik. Fəza öyrənmək, tədqiqat aparmaq, kəşflər etmək üçündür. Ümid edirəm ki, Hollivud kinolarında gördüyümüz fəza müharibələri baş verməyəcək”. Kapitan Payper kosmonavt olmaq istəyən gənclərə öz tövsiyələrini verdi: "İlk növbədə çalışqanlıq lazımdır. Orta məktəbdə, ali məktəbdə yaxşı oxumaq, xüsusən texniki biliklərə yaxşı yiyələnmək lazımdır. NASA-nın kosmonavtlar qarşısında qoyduğu ilk şərt ali təhsildir. Çünki kosmonavt olmaq üçün müraciət edənlərin sayı ildən-ilə artır. Son seçimlərdə 12 min namizəddən 12 kosmonavt seçilib”. NASA-nın astronavtı, arzusunun Marsa uçmaq olduğunu bildirdi: "Mənim arzum Marsa uçmaqdır. Bütün kosmonavtlara, o cümlədən azərbaycanlı kosmonavtlara da bunu arzu edirəm. Duzdur, uzaq bir yoldur, ancaq hər bir kosmonavt üçün maraqlı olardı!”

Kapitan Payper ölkəmizdə olduğu iki gün müddətində həmçinin yerli gənclərlə görüşmək üçün Kürdəmir şəhərindəki Amerika Guşəsinə səfər edəcək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təqdimat keçirəcək və Azərbaycan Milli Elmlər Akademiyasında, ADA Universitetində, Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasında görüşlər təşkil edəcək.
Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər