• cümə, 26 Aprel, 21:54
  • Baku Bakı 22°C

Onminlərlə gənci birləşdirən hərəkat

07.01.20 18:50 2952
Onminlərlə gənci birləşdirən hərəkat
Ekspertlərin fikrincə, 2020-ci ilin "Könüllülər ili” elan edilməsi, könüllülük hərəkatının təşviq edilməsinə, könüllülərin cəmiyyətdə daha fəal şəkildə iştirakına əhəmiyyətli təsir göstərəcək

Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar. Prioritet istiqamət olaraq müəyyən edilən gənclər siyasəti, öz növbəsində, ölkədə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb, könüllülüyü gənclərin yeni inkişaf modeli kimi təqdim edib. Bunun məntiqi nəticəsi olaraq, Prezident 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında" Sərəncam imzaladı.
Bu ilin gənclərin inkişafına, xüsusilə də könüllülük fəaliyyətinin genişlənməsinə necə təsir edəcəyini öyrənməyə çalışdıq.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyevbildirdi ki, Prezident İlham Əliyevin xeyir-duası ilə yaranan "ASAN" könüllülük hərəkatı digər könüllülük fəaliyyətlərinin də yaranmasına stimul oldu: ""Bir" Tələbə-Könüllü” proqramı, "Aqrar İnkişaf Könüllüləri", prokurorluq orqanlarında "ictimai köməkçilər" kimi çoxlu sayda könüllü hərəkatlarının yaranması, dövlətimizə, cəmiyyətimizə təcrübəli, bacarıqlı, müasir düşüncəli Azərbaycan gəncini qazandırdı, kadr ehtiyatını inkişaf etdirdi. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahatların və inkişafın fəal iştirakçısına çevrildilər, "Eurovision" mahnı müsabiqəsi, I Avropa Oyunları, "Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynadılar. Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında ölkədə könüllülük fəaliyyətini yüksək qiymətləndirərək, dövlət qurumlarına və özəl təşkilatlara gəncləri könüllü kimi işə cəlb etməyi və onlara təcrübə qazanmağa fürsət yaratmağı tövsiyə etdi. Dövlət başçısı gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə yeni qədəm qoyduğumuz ilin "Könüllülər ili" elan edilməsi haqqında" Sərəncam imzaladı. 2020-ci ilin ölkəmizdə "Könüllülər ili" elan edilməsi insanların sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsinə, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verəcək”.

"ASAN xidmət”in Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədlinin sözlərinə görə, 15 nəfərlə başlayan könüllülük hərəkat hazırda 22 mindən çox gənci birləşdirir: "2020-ci ilin "Könüllülər ili” elan edilməsi ölkəmizdə mövcud olan tarixi könüllük ənənələrinə, eyni zamanda son dönəmlər genişlənən könüllülük hərəkatlarının fəaliyyətinə verilən ən yüksək qiymətdir. Bu, eyni zamanda könüllülük hərəkatının təşviq edilməsinə, könüllülərin cəmiyyətdə daha fəal şəkildə iştirakına əhəmiyyətli təsir göstərəcək. Könüllülər, cəmiyyətin rifahı naminə asudə vaxtını və əməyini səfərbər edən şəxslərdir. Günümüzdə gənclərimizin könüllülük fəaliyyəti ilə məşğul olması, onların həm sosial məsuliyyətli şəxs kimi formalaşmasına, həm də şəxsi inkişafına xüsusi töhfə verir. Qeyd edim ki, "ASAN xidmət” könüllülük fəaliyyətini 2012-ci ildən təşkil edib. 15 nəfərlə başlayan bu hərəkat hazırda 22 mindən çox gənci ətrafında birləşdirir. Bu, o dəməkdir ki, "ASAN xidmət” ölkəmizdə könüllülük hərəkatının aparıcı qüvvəsi hesab edilir. Cənab Prezident də öz çıxışlarında qeyd edir ki, Azərbaycanda könüllülük hərəkatı "ASAN xidmə”in adı ilə bağlıdır. Könüllük fəaliyyəti Prezident İlham Əliyevin 2019-cu ildə Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışından sonra daha da genişlənib”.
S. Məmmədli qeyd edib ki, könüllülüyün yaşı yoxdur: "Yəni istənilən yaşda olan şəxs könüllü kimi fəaliyyət göstərə bilər. Bu istiqamətdə də "ASAN xidmət”də gənclərin könüllülük proqramı, yaşlıların könüllülük proqramı və fiziki məhdudiyyətli olan şəxslərin cəmiyyətə inteqrasiya olması üçün fəal inklüziv könüllülük proqramı var. 2020-ci ildə "ASAN xidmət” regionlarda könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsini həyata keçirəcək. Həmçinin könüllülük hərəkatı ilə bağlı yeni innovativ proqramlar icra edəcək.”

"Gənclər üçün Təhsil Mərkəzi”nin icraçı direktoru Fəxrəddin Həsənzadə qeyd etdi ki, ötən il gənclərlə görüşdə cənab Prezidentin könüllü ordusunun bazasının artırılması ilə bağlı verdiyi mesaj, özlüyündə əhali, xüsusən gənclər arasında "vətəndaş məsuliyyəti” ictimai fikrini formalaşdırdı: "2020-ci ilin "Könüllülər ili” elan edilməsi ölkə rəhbərliyi tərəfindən də üçüncü sektora olan diqqətin ifadəsidir. Könüllülük fəaliyyətinin son illərdə ölkəmizdə təşviq edilməsini təkcə gənclər siyasəti sahəsində deyil, bütün dövlət strukturlarının fəaliyyətində aydın sezmək olar. Bu gün demək olar ki, bir çox nazirliklərin, komitələrin öz könüllü təşkilatları mövcuddur. Ötən il gənclərlə görüşdə cənab prezidentin könüllü ordusunun bazasının artırılması mesajı özlüyündə əhali, xüsusən gənclər arasında "vətəndaş məsuliyyəti” ictimai fikrini formalaşdırdı. Bu fikir son zamanlar istər sosial, iqtisadi, ekoloji sahədə özünü doğrultmaqda davam edir. Yəni hər bir vətəndaş bu ideya altında təkcə özünü deyil , başlıca olaraq yaşadığı cəmiyyətə faydalı olmağı düşünür. Ümid edirəm ki, bu il, əsas məqsədi könüllülük prinsipi üzərində qurulan gənclər təşkilatlarının fəaliyyətində önəmli və məsuliyyətli il olacaq. Bu sahədə yerli könüllülük fəaliyyəti ilə yanaşı beynəlxalq könüllülük proqramları ilə produktiv əməkdaşlıq edəcəyik. Rəhbəri olduğum Gənclər üçün Təhsil Mərkəzinin fəaliyyətinə gəlincə isə cari ildə birliyin 6 regionda yerləşən ofisləri ilə yanaşı, bütün regionlarda fəaliyyətimizi əhatə etməyə hədəf götürəcəyik. Bu baxımdan, Mərkəzimiz təkcə könüllü bazasının təkmilləşdirilməsi ilə kifayətlənməyib, həmçinin könüllülük prinsipi əsasında qurduğu "Sosial Xidmət Modeli” proqramını 4 bölgədə həyata keçirəcək”.

Günel Azadə



banner

Oxşar Xəbərlər