2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
Cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edən dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətdə vətəndaşların mənafeyi öndə gəlir
Son
illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, sosial sahədə uğurla
davam etdirilən dövlət siyasəti və "kölgə iqtisadiyyatı"nın
miqyasının azaldılması nəticəsində əhalinin rifahı, güzəranı xeyli yüksəlib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahələrin inkişafı
istiqamətində həyata keçirilən çoxşaxəli islahatlar ölkəmizin daha da qüdrətlənməsinin,
dinamik inkişafının əsas leytmotivini təşkil edib. Əhalinin maddi gəlirlərinin
davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də, büdcədən ödənilən
vəsaitlərin vaxtaşırı artırılması ölkədə sosial sferada vəziyyətin daha da
yaxşılaşmasını xarakterizə edən mühüm amillərdir.
Azərbaycanda köklü sosial-iqtisadi
islahatların davam etməsinə yönəldilən 2020-ci ilin dövlət büdcəsi ölkənin
makroiqtisadi proqnozlarına əsasən sosial-iqtisadi hədəflər nəzərə alınaraq tərtib
olunub. Milli Məclisin bu gün keçirilən iclasında, birinci oxunuşda qəbul edilən
2020-ci ilin dövlət büdcə layihəsi 2020-ci ilin
büdcəsinin investisiyayönümlü və sosialyönümlü olması ilə diqqəti çəkir.
Belə
ki, icmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd
488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya
7,7% çoxdur. İcmal büdcənin kəsiri 1 mlrd 955 mln manat və ya proqnozla nəzərdə
tutulan Ümumi Daxili Məhsulun 2,3%-nə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin
gəlirləri Ümumi Daxili Məhsulun 29%-i həcmində olmaqla nominal ifadədə 24 mlrd
135 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 mln manat və
ya 4,2% çoxdur. 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln
manat səviyyəsində proqnozlaşdırılır.
Gəlirlərin
10 milyard 605 milyon manatı, yəni, 43,9 faizi qeyri-neft sektoru üzrə
daxilolmaların, 13 milyard 530 milyon manatı, yəni, 56,1 faizi isə neft gəlirlərinin
payına düşəcək. Vergi orqanlarının xətti ilə büdcəyə 7 milyard 875 milyon
manat, gömrük orqanlarının xətti ilə isə 4 milyard manat daxilolmalar
proqnozlaşdırılır. Hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli
şəkildə mənzil əldə edilməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də
maliyyənin ayrılması nəzərdə tutulub. Bu tədbirlərin maliyyələşdirilməsi üçün
245 milyon manat vəsait ayrılacaq 2020-ci ilin dövlət büdcəsində sosialyönlü xərclərin
dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi ilk dəfə olaraq 38,5 faizə
çatacaq.
Bu
rəqəmlər onu deməyə əsas verir ki, həqiqətən də ölkəmizdə həyata keçirilən
siyasətin mərkəzində vətəndaş, onun maddi-rifah halının daha da yaxşılaşması
dayanır. Bunu təsdiq edən əsas göstəricilər isə əsas kapitala yönələn
investisiya və sosial yönümlü xərclərin artırılmasıdır.
Hər
bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində vacib
faktorlardan biri də dövlət büdcəsidir. Dövlət
büdcəsi ölkə iqtisadiyyatının və bütövlükdə ölkənin necə idarə olunduğunu əks
etdirən güzgüdür və hər bir vətəndaşın, eləcə də dövlətin güvən yeridir.Dövlət
büdcəsinin gəlirləri artdıqca, ölkənin maliyyə imkanları genişləndikcə bu vəsaitlər
birinci növbədə sosial istiqamətə, vətəndaşların sosial rifah halının yüksəldilməsinə
yönəldildiyinin dəfələrlə şahidi olduq. Bu ilin əvvəlindən ölkə Prezidenti
İlham Əliyevin sərəncamı ilə böyük sosial paret öz həllini tapdı.Təkcə
minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə qaldırılaraq 130 manatdan 250 manata çatdırıldı,
minimum pensiya 70 faiz artırılaraq, 116 manatdan 200 manata qaldırıldı, iki sosial paketin əhatə
dairəsi 4,2 milyon vətəndaşı əhatə etdi. Bu sosial tədbirlərin həyata
keçirilməsi üçün 4 milyard manata yaxın vəsait ayrıldı.
Möhkəm təməl üzərində qurulan iqtisadi inkişaf strategiyasının
Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə aparılması nəticəsində bu qədər böyük vəsait ayrılmasına baxmayaraq,
ciddi inflyasiya baş vermədi. Bu da bir daha təsdiq edir ki, cəmiyyətin
sosial sifarişinə uyğun çevik qərarlar qəbul edən dövlət başçısı İlham Əliyevin
yürütdüyü siyasətdə vətəndaşların mənafeyi öndə gəlir. 2020-ci ilin dövlət büdcəsində
edilən yeniliklər əvvəlki illərdə olduğu kimi gələn ildə də büdcənin
sosialyönümlülüyü təmin edəcək, əhalinin sosial rifah halının daha da
yaxşılaşdırılmasına xidmət edəcək.
Naqif HƏMZƏYEV
YAP Gəncə Şəhər Təşkilatının sədri, Milli Məclisin deputatı