Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə
Komissiyasının iclası keçirilib. Toplantını açan MŞ sədrinin müavini,
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli gündəlikdə duran
məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda müzakirə edilən ilk məsələ Azərbaycan
Respublikasının Milli Məclisinin bir qrup deputatının «Hürriyyət» qəzetinə
qarşı şikayəti olub. Bildirilib ki, cavabdeh tərəf satirik təqdimatın yol verilən
hədlərini aşıb. Bu isə haqlı narazılıq yaradıb. Hər bir kütləvi informasiya vasitəsi mövcud səpkili material
təqdim edərkən diqqətli olmalı, onun ictimai rəydə doğuracağı reaksiyanı mütləq
şəkildə hesablamalıdır. «Hürriyyət» qəzetinin isə bu
məqama diqqətsiz yanaşdığını,
müvafiq olaraq peşə
prinsiplərini pozduğunu
söyləmək üçün əsaslar var. Buna görə də komissiya qəzetə
xəbərdarlıq edilməsi barədə rəyə gəlib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər
Cəfərovun «Rubrika.az», «Cumhuriyyet.az» və «Qlobal.az» saytlarına qarşı
şikayəti ilə bağlı bildirilib ki, «Rubrika.az» saytında ADPU ilə bağlı
yayımlanmış, «Cumhuriyyet.az» və «Qlobal.az» saytlarında faktiki olaraq
təkrarlanmış materialda qarşı tərəfin mövqeyi öyrənilməyib, yalnış rəy
yaradılıb. Buna görə də «Rubrika.az» saytına xəbərdarlıq edilib,
«Cumhuriyyet.az» və «Qlobal.az» saytlarına isə istinad materialını təqdim
edərkən diqqətli yanaşmaq, gələcəkdə belə yanlışlıqlara yol verməmək tövsiyə
olunub.
İclasda müzakirə edilən növbəti məsələ Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti
Xidmətinin «Qanunxeber.az» saytına qarşı şikayəti olub. Şikayətçi tərəfin
təmsilçisinin iştirak etdiyi toplantıda bildirilib ki, komissiya üzvlərinin
cavabdeh kimi göstərilən saytla ilkin müzakirə cəhdləri uğursuz alınıb. Belə ki
«Qanunxeber.az»da göstərilən telefon nömrələri fəaliyyətdə deyil, doğru ünvan
da yoxdur. Bu isə kütləvi informasiya vasitəsi kimi nəzərdə tutulan qanuni fəaliyyətlə
uyğunsuzluq təşkil edir. Məsələnin hüquqi müstəvidə mübahisələndirilməsi üçün
əsaslar da var. Komissiya bütün bunları nəzərə alaraq «Qanunxeber.az» saytı ilə
bağlı materialların Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə
Komissiyasında araşdırılmasına dair rəyə gəlib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi
filialının direktoru Mətanət Fərzəliyevanın «obyektiv.org», «azertaym.az»,
«cumhuriyyet.az» saytlarına qarşı şikayətinin müzakirəsində bildirilib ki,
cavabdeh tərəflərin dəqiqləşdirilməmiş bilgiləri qabartdıqları üçün
yanlışlıqlarını etiraf etmələri vacib şərtdir. Komissiya bunu əsas götürüb,
eyni zamanda sözügedən saytlara gələcəkdə belə hallara yol verməməyi tövsiyəsi
edib.
«Azərbaycan Uşaqları» İctimai Birliyinin sədri Kəmalə
Ağazadənin «Ulu zirvə», Sumqayıt şəhər sakini Cümşüdov Mahir Fehruz oğlunun
«Dərələyəz» qəzetlərinə qarşı şikayətləri müzakirə edilərkən müraciət
müəlliflərinin iddialarında doğru olmadıqlarına dair rəy çıxarılıb.