Filmin sonu... - Fotolar
Milli
kinomuzun tarixində öz sözünü demiş ustad Aydın Dadaşov martın 14-də ürək
çatışmazlığından dünyasını dəyişdi. Onun bu vaxtsız ölümü hər kəsi sarsıtdı. Vida
mərasimi mərhumun evində keçirildi. Kinoşünas Xırdalan qəbiristanlığında, həyat
yoldaşının yanında dəfn olundu, özünün də arzuladığı kimi.
Mən kino
aləmində onun kimi səmimi və maraqlı ikinci bir insan tanımıram. Aydın Dadaşova
xərçəng diaqnozu qoyulmuşdu. Ancaq o bunu hamıdan gizlədirdi. Maraqlısı da
orasındadır ki, kinoşünas məhz xərçəngdən deyil, ürək çatışmazlığından
dünyasını dəyişdi. Belə ki, sən demə, bu diaqnoz ona səhvən qoyulubmuş. Bunu
ona deyəndə, ağlayıb. Özü də elə belə yox, hönkürtü ilə. Ürək də buna tab
gətirməyib... Ölüm öz sözünü acizanə şəkildə deyib. Bir bayram gecəsi onu itirdik.
Qismət deyilən bir şey İlaxır çərşənbəni sənətkara çox gördü. Və beləliklə, bayram
səhərini ağır xəbərlə açdıq. O, artıq bizimlə deyil...
"Bir də gəlmə mənim dərsimə”
Aydın Dadaşov
bu gün jurnalistika, kino, mədəniyyət sahəsində çalışan və sözünü demiş
insanların əksəriyyətinin müəllimi olub. Onun ölümü əlbəttə ki, bizləri çox sarsıtdı.
2 həftə bundan əvvəl müəllimin 65 yaşı tamam olmuşdu. A.Dadaşov əməkdar
incəsənət xadimi, Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru,
professor idi. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və
televiziya” fakültəsinin "Kinoşünaslıq” kafedrasına rəhbərlik edib. Tanınmış
kinoşünas, yaxşı ssenarist idi. Aydın Dadaşov 1980-ci ildə Leninqrad Dövlət Teatr,
Musiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr
Akademiyası) dram sənəti üzrə təhsil alıb. 1982-ci ildə Moskvada iki illik ali
rejissorluq və ssenari kurslarını bitirib.
Mən Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil olarkən o, "Kinoşünaslıq”
fakültəsinə rəhbərlik edirdi. Tələbələr onu çox sevirdi. Yaxşı xatırlayıram,
bir çox dərsləri buraxıb, Aydın müəllimin başqa kurslara keçdiyi dərslərdə
gedib oturar, onunla müasir kinodan, teatrdan danışardıq. O, öz tələbələrinə
həyatda lazım olan ən incə məqamları öyrədirdi. Yaratmağın, qurmağın,
mübarizənin düsturunu açmağa çalışırdı. Bizim bütün diskussiyalarımızın sonu
dava-dalaşla qutarardı. Çünki Aydın müəllim həmişə sözünü sərt deyirdi, ağına-bozuna
baxmırdı. Gələcəkdə tənqidçi olacağımı və hər zaman da həqiqəti yazacağımı, heç
bir mübaliğə etməyəcəyimi deyirdim. O isə "həqiqət hərdən o qədər darıxdırıcı
olur ki, onu uydurmaq lazım gəlir - deyirdi - Uydurmasan, heç nə yaza
bilməyəcəksən. Zaman da səni buna məcbur edəcək, özün də bilmədən”. Bəzən
səsimizə kafedradan müəllimlər tökülüb gələrdilər. Tələbəlik illərində çox
inadkar idim, elə müəllimim də. "Bir də gəlmə mənim dərsimə, gələcəksənsə, o
fikirlərini dəyiş gəl” desə də, hər dəfə koridorda, küçədə, redaksiyada məni
görəndə, "məsələ sənin düşündüyün kimi deyil” deyib məni qınayırdı. Hər
uğurumda ilk olaraq məni Aydın Dadaşov təbrik edib. Magistraturaya qəbul olanda
da "təhsilini davam etdir” deyə çox inad göstərmişdi. Ancaq bu dəfə mən
müəllimimin sözünə baxmadım. Nəticədə peşmançılığını çəkdim də...
Onun yazdığı
"Dramaturgiya”, "Ekran dramaturgiyası”, "Ssenari yaradıcılığı”, "Ekran
publisistikası”, "Televiziya reklamı”, "Televiziya reklamı demokratiya və bazar
iqtisadiyyatı kontekstində”, "Kinoşünaslıq”, "Rejissorluğun üslub problemləri”,
"Müasir Azərbaycan dramaturgiyası” dərslikləri, "İran kinosunun inkişaf
təmayülləri” monoqrafiyalarını dərs prosesində istifadə edir və ondan çox
yararlanırdıq. Bu gün də o kitablar mənim stolüstü kitablarımdandır.
"Atam xəstə
deyildi”
1975-ci ildən
Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayan Aydın
müəllimin onlarla filmin ərsəyə gəlməsində əvəzsiz xidmətləri olub.
A.Dadaşov
dünyasını dəyişən gün oğlu Orxan Dadaşzadə "Facebook” səhifəsində "Sən həmişə
mənə deyirdin... möhkəm ol... Mən də oldum. Allah sənə rəhmət eləsin, Ata” -
deyə bir status yazdı. Bu sözlər mənə çox toxundu. Çox keçmədi ki, oğlunun ilk
açıqlamasını da mətbuatdan oxuduq: "Atam xəstə deyildi, qəfildən infarkt
keçirdi. Gecə halı pisləşibmiş, mənə zəng elədi ki, tez yanıma gəl. Özümü
çatdırdım... Bu barədə danışmaq mənə çox ağırdır. Anam onu dalınca apardı.
Yeddi ay əvvəl anamı itirmişdik. İndi də atam getdi. Anam rəhmətə gedən
ərəfələrdə atam qəza keçirtmişdi. O ağır günlərində anam bir dəqiqə də olsun
onun başı üzərindən çəkilmədi. Anam həkim idi, atamı sağaldıb ayağa qaldırdı,
özü dünyasını dəyişdi. Təsəvvür edin, atam ayağa qalxan gün onu son mənzilə
yola saldı. Elə deyirdi ki, mən onsuz yaşamayacam. Dediyini də elədi. Atam
anamı həddən artıq çox sevirdi və həyatını onsuz təsəvvür etmirdi. Yeddi ayın
içində iki ağır itki yaşamaq dəhşətdir...”
Onun ölümü
tələbələrini də məyus etdi. Dünəndən "Facebook” sosial şəbəkəsində mərhum
sənətkarın dostları, həmkarları, tələbələri onunla bağlı xatirələrini bölüşür,
kədərləndiklərini bildirirlər. Onlardan bir neçəsini istəyirəm ki, sizlərə
təqdim edim.
Tələbələrin
xatirələri...
Jurnalist Ümidə Həsənli yazıb ki,
Aydın Dadaşov iki il ona dərs deyib: "Həmişə deyirdi ki, sən mənim xüsusi
tələbəmsən, çünki müharibə görmüsən, atan da müharibə veteranıdır. Bir dəfə
soruşdum ki, müəllim, bunlara görə mənə hörmət edirsiniz, bunlara görə məni çox
istəyirsiniz? Dedi, "niyə narahat olursan ki? Elə bunlar sənin özünsən”. Bir
neçə dəfə məni müharibə xatirələrimlə bağlı danışdırmışdı, atamla da
görüşmüşdü. Bu barədə yazacağını deyirdi. Bu illər ərzində ha deyirdim ki,
Aydın müəllimləgörüşüm, soruşum ki, müəllim, nə oldu, söz verdiyiniz
yazını yazdınızmı?
Elə bilirdim
ki, onunla hələ görüşməyə çox vaxt var. Həyat belədir, elə insanlar var ki,
gərək onlarla görüşü heç vaxt təxirə salmayasan. Aydın müəllimin tələbələri
bilir ki, o, sıradan müəllim kimi auditoriyaya girib, dərsini deyib çıxmırdı.
O, bizimlə bütün mövzularda söhbətlər edirdi. Bir dəfə də mən dərsə tez
getmişdim, auditoriyada ikimiz idik, yenə söhbət etməyə başladıq. Mənə həyatı
haqqında çox ibrətamiz bir hadisə danışdı. Ondan sonra mənim bəzi mövzular
haqqında fikrim tamamilə dəyişdi. Bax belə idi Aydın müəllim. Bütün
müəllimlərim kimi onun da üzərimdə haqqı var. Müəllim, halal et haqqını”.
Gənc rejissor Elvin Abdullayev yazır ki,
onunla yenicə zəngləşiblərmiş: "Təsəvvür edə bilməzsiniz ki, Azərbaycan
incəsənəti kimi itirdi. O elə bir müəllim idi ki... Mən tələbə vaxtı öz
dərslərimdən qaçıb, onun dərsində oturmaq üçün tələsirdim. Ekran sənətini
dibinə qədər izah edirdi. O danışanda, ağzıaçıq dinlədiyim müəllimlərimdən biri
idi. Yüzlərlə elmi işin müəllifi. Xətrimi çox istəyirdi, dəstəkləyirdi.
Azərbaycan kinoşünaslığının atası idi. Allah rəhmət etsin. Çox pis oldum, çox.
Hələ ondan öyrənəcək çox şeyimiz var idi”.
İctimai Televiziya və Radio Yayımları Şurasının
əməkdaşı Bəhruz Niftəliyev müəllimini itirdiyini belə ifadə edib: "Neçə saat
keçib bu xəbəri eşitdiyimdən... İnana bilmirəm və uzun müddət bəlkə də qəbul
etməyəcəm. Sevimli müəllimim, bunu sizə heç yaraşdırmadım... Bir neçə gün öncə
Attestasiya blankını təqdim edəndə, mənə müsbət rəyinizi elə coşğu ilə
vermişdiniz ki, bütün kafedra eşitmişdi. İndi məni bu çətin yolda tək qoydunuz.
Bu necə elmi rəhbərlik, bu necə müəllimlikdi. Xatirələrim o qədər çoxdur ki...
və o qədər yaxşı tanıyırdım sizi, hələ də belə bir gediş etdiyinizi ağlıma
gətirə bilmirəm. 6 illik tələbəlik vaxtımda yeganə "4” -ü sizdən almışam və bu
mənim üçün çox "əla”lardan yüksək qiymət oldu. Çünki Sizdən "5” almaq o qədər
də asan məsələ deyildi. Amma buna da nail oldum. Sizin dissertantınız oldum və
dönə-dönə "sən mənim ən yaxşı tələbəmsən” sözlərini eşitdim. Mən sizi bir
müəllim kimi örnək göstərdiyim kimi, siz də məni tələbələrinizə nümunə
çəkirmişsiniz. Bircə təsəllim var ki, elmi işimin ilk variantı ilə tanış olub
müəyyən tövsiyələrinizi vermisiniz və indi onlarla məşğul oluram.
Məsləhətlərinizin ömrü həyatınızdan uzun oldu, müəllimim. Qürurla deyirəm və
həmişə də səsləndirəcəm... MənAydın Dadaşovun tələbəsiyəm. Sizdən
öyrəndiklərim çoxdur və bu biliklər yolumda işıq olacaq. Tez-tez sual
verirdiniz, müxtəlif təriflər barədə. Məsələn "xarakter nədir?” Mən də tez "ideyası
uğrunda ölümə gedən” - cavabını verərdim. "Afərin” deyərdiniz. Axı sizin
xarakterinizdə sözündən qaçmaq, dostunu yarıyolda qoymaq yox idi. Axı siz həm
də bir dost idiniz mənim üçün. Bilirsiniz, ən çox da mübahisələrimiz üçün
darıxacam. Siz təkcə bir tələbə, alim yox, həm də bir vətəndaş yetişdirirdiniz.
Mənə verdiyiniz söz hələ də xatirəmdədir, sonuncu təbəssümünüz kimi”.
Əslində
ustadımızın ölümü hamımızı sarsıtdı. Hər zaman bizimlə zarafatlar edir,
incidiyimizi görüb könlümüzü alırdı. Ancaq bu dəfəki "zarafat”ından sonra
könlümüzü alan olmayacaq... Bir nağıl idi, bitdi. Yerin behişt olsun, ustad!
Xəyalə Rəis