• cümə, 29 Mart, 05:27
  • Baku Bakı 7°C

Yeni Daşkənd kəndinin yaranmasının 70 illiyi qeyd olunub - FOTOLAR

22.05.23 15:00 1553
Yeni Daşkənd kəndinin yaranmasının 70 illiyi qeyd olunub - FOTOLAR

Bərdə rayonunun Yeni Daşkənd kəndində bu yaşayış məntəqəsinin yaranmasının və Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindən deportasiyanın 70 illiyi qeyd olunub.

Kaspi.az xəbər verir ki, mayın 21-də təşkil olunan tədbirdə ziyalılar, millət vəkilləri, media nümayəndələri və digərləri iştirak ediblər.

Tədbir Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin çıxışı ilə açıq elan edilib.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, millət vəkilləri Əhliman Əmiraslanov, Zahid Oruc, professorlar Azər Kərimov, Ələddin Allahverdiyev, akademik Abel Məhərrəmov, tədqiqatçı Araz Yaquboğlu çıxışlar ediblər.

Məktəblilərin şair Aqşin Hacızadənin “Biz yenə də qayıdacağıq Göyşəyə” adlı şeiri əsasında hazırladıqları kompazisiya tədbir iştirakçılarının sürəkli alqışlarına səbəb olub.

Sonda Yeni Daşkənd bələdiyyə sədri və Daşkənd icmasının sədri Fəzair Piriyev əməyi keçən və iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, 1953-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində 130 ailəyə “Köçmə bileti” paylanılıb, onlara üç aylıq müvəqqəti vəsiqə verilib. Daşkəndlilərdə deportasiya olunarkən hara köçmək sualı yaranıb. Qabaqcadan Süleyman kişi, Xıdır kişi və Bayram kişi Azərbaycana gəlib bir neçə yerlərə baxıblar. İndiki Yeni Daşkəndin yeri xoşlarına gəlib.

Köçürüləcək daşkəndlilər 1953-cü il may ayının 18-də Basarkeçər rayonunun Daşkənd kəndindən yük maşınları ilə Zəngibasar rayonundakı Uluxanlı stansiyasına gətirilib, ardınca yük vaqonlarında Yevlax dəmiryol stansiyasına, oradan isə yük maşınları ilə Bərdə rayonunun “Yeddi çinar” deyilən ərazisinə gətiriliblər. Günlərlə yük vaqonlarında yol gələn əhali 1953-cü ilin may ayının 25–27-si aralığında qabaqcadan müəyyən olunmuş yerə çatıblar.

1953-cü ildə Bərdə rayon rəhbərliyi əvvəlcə deportasiya olunan 130 ailəni 10–12 kənd arasında bölməklə yerləşdirmək istəyib. Ayrı kənd salınması planı olmayıb. Kəndin yuxarıda adları qeyd olunan üç ağsaqqalı o dövrdə Bərdə Rayon Komitəsinin birinci katibi Xosrov Ağayevin qəbulunda olub, ayrıca kənd və məktəb salınmasını xahiş ediblər. Qəbul zamanı Süleyman kişinin danışdığı ibrətamiz hekayətdən sonra katib onlara ayrıca kəndin və məktəbin olacağına söz verib.

1 sentyabr 1953-cü ildə Yeni Daşkənd kənd orta məktəbi fəaliyyətə başlayıb. Məktəbin açılmasında təşəbbüskar və fədakar fəaliyyət göstərənlərdən biri də Əliyev Tapdıq olub. İlk tədris ilinə qədər kənd sakinlərinin əməyi ilə palçıq-saman qarışığından hazırlanan kərpicdən dörd sinif, bir müəllimlər otağı inşa edilib. Yeni Daşkənd kənd orta məktəbinin birinci buraxılışı 1955-ci ildə olub. Məktəb 1993-cü ildən şəhid Yasif Kərimovun adını daşıyır.

Qeyd edək ki, 1953-cü ildə Yeni Daşkənd kəndi salınarkən kənddə sovetlik olmamış, deportasiya olunan kənd əhalisi qonşu Şatırlı kənd sovetliyinə tabe olmuşdur. 130 ailənin hamısı Şatırlı kənd sovetində qeydiyyata alınmışdır. Təxminən 1955-ci ildə Yeni Daşkənd kəndi Şatırlı sovetliyindən ayrılaraq Yeni Daşkənd kənd sovetliyi yaradılmış, qonşu Zümürxaç, İmamqulubəyli və Dilənçilər kəndləri də yeni yaradılan sovetliyə tabe edilmişdir. Ayrı-ayrı illərdə Kərimov Fəzi, İsayev Əli, Abbasov Allahverdi, Yusifov Bayram, Məmmədov Səyyaf, Abbasov Müslüm, Məmmədhəsənova Xanım, Məmmədov Rövşən, Kərimov Qiyas Yeni Daşkənd kənd sovetinin sədrləri olmuşdur. Hal-hazırda isə Cahangirov Sabir Yeni Daşkənd kənd icra nümayəndəsidir.

Yeni Daşkənd kəndində fəaliyyət göstərən kolxozun adı “Yeni həyat” olmuşdur. Bu kolxoz təxminən 1955-ci ildə yaradılmışdır. Kənd əhalisi 1953-cü ildə deportasiya olunarkən qonşu kəndlərlə birlikdə kolxoz olublar. Həmin kolxoz Teymur Quliyev adına olmuşdur. Təxminən 10–11 kənd həmin kolxozda birlikdə fəaliyyət göstərmişdir. 1955-ci ildə “Yeni həyat” kolxozu yaradılarkən Yeni Daşkəndlə bərabər qonşu Zümürxaç, İmamqulubəyli və Dilənçilər kəndləri də yeni yaradılan kolxoza aid edilmişdir. Dörd kəndi birləşdirən kolxoz 1998-ci ildə ləğv edilmişdir. “Yeni həyat” kolxozunda Dünyamalıyev İsmayıl, Əhmədov Mamed (Xırda oğlu Mamed), Hacıyev Tanrıverdi, Həsənov Vəli, Nuriyev Niftalı, Mamedov Mamed (Qara Mamed), Kərimov Qiyas, Fətəliyev Qiyas, Musayev Suliddin və Əliyev Məhərrəm idarə heyətinin sədri vəzifəsində çalışmışdır.

Yeni Daşkənd bələdiyyəsi 768 hektar əraziyə malikdir. Yaşayış torpaqlarının ümumi ərazisi 130 hektardır. Bələdiyyə torpaqları 98 ha, bələdiyyə ehtiyat fondu isə 11,85 ha təşkil edir. Örüş sahəsi 44 hektardır. Torpaq sahəsinin 544 hektarı əkin üçün istifadə olunur. Hal-hazırda Yeni Daşkənd bələdiyyəsinin sədri Fəzair Piriyevdir.

1953-cü ildə kənddə yerləşdirilən 130 ailə 600 nəfərdən bir az çox olmuşdur. 1980-ci ildə 1280 nəfər, 1999-cu ildə 1964 nəfər (1000 kişi, 964 qadın), 2009-cu ildə 2498 nəfər (1246 kişi, 1252 qadın), 2012-ci ildə 2586 nəfər kənd əhalisi siyahıya alınmışdır. Hal-hazırda kənddə 630 təsərrüfat var. Kənddə 750 ailədən ibarət olmaqla 2768 nəfər əhali yaşayır. Seçicilərin sayı 1497 nəfərdir.

1988-ci ilin noyabr-dekabr aylarında Basarkeçər rayonunun Daşkənd kəndindən təxminən 450 təsərrüfat (2500 nəfər) deportasiya olunmuşdur. Qaçqınlardan 56 ailə Yeni Daşkənd kəndinə gələrək müvəqqəti məskunlaşmışdır. Onlardan 38 ailə (172 nəfər) Yeni Daşkənd kəndində daimi yaşayış üçün yerləşdirilmiş, 18 ailə isə öz istəkləri ilə Azərbaycanın müxtəlif yerlərinə köç etmişdir.

Kənd ölkənin paytaxtı Bakıdan hava yolu ilə 240 km qərbdə yerləşir. Yeni Daşkəndin ətrafı düzənlikdir. Demək olar ki, tarlalarla örtülmüşdür. İqlimi qışda soyuq, yayda isti və qurudur. Orta temperatur 16 °C-dir. Ən isti ay avqustdur – 30 °C, ən soyuq ay isə yanvardır – 2 °C. Orta hesabla ildə 452 millimetr yağıntı düşür. Ən yağışlı ay 75 millimetr yağışla may, ən quraq ay isə 7 millimetr ilə avqustdur.

Dəniz səviyyəsindən 120 m yüksəklikdə yerləşən Yeni Daşkənd kəndinin dünyanın siyasi xəritəsində coğrafi mövqeyi (koordinatı) belədir: uzunluq dairəsi – 40023'9"N, en dairəsi – 4702'10"E.

Yeni Daşkənd hal-hazırda ən müasir kəndlərdəndir.

banner

Oxşar Xəbərlər