• şənbə, 05 Iyul, 22:03
  • Baku Bakı 26°C

Xankəndidə tarixi ECO Zirvəsi 

05.07.25 05:13 191
Xankəndidə tarixi ECO Zirvəsi 

İlham Əliyev: “İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik”.

İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb. Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib.

"Xankəndi seçiminin xüsusi mənası var"

Dövlət başçısı bildirib ki, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilib: “Hazırda işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.

Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxmazsa, biz hərbi yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə, peşman olublar.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktı imzalamağa məcbur oldu”.

Ermənistan Azərbaycana 150 milyard dollar ziyan vurub

Dövlət başçısı qeyd edib ki, işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silib: “Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir. Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb”.

“16 şəhər və kəndə qayıdışı təmin etmişik”

İlham Əliyev qeyd edib ki, indi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük qayıdış” proqramı icra edilir: “Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Ermənistandan deportasiya olunmuş qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında bütün 57 üzv ölkənin yekdil qərarı ilə Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin qəbul olunmasını yüksək qiymətləndiririk”.

“Ölkəmizdə çox müsbət sərmayə iqlimi var”

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib: “2026-cı ilin Şuşa şəhərinin ECO-nun Turizm paytaxtı elan edilməsinə görə təşəkkürümü bildirirəm. İqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün bu gün müzakirə ediləcək məsələlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycana gəldikdə, bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə, biz dünyada ön sıralardayıq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir”.

Xankəndi sülh mərkəzi olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inandığını bildirib. "Türkiyə 2024-2030-cu illəri əhatə edəcək proqramla 100 milyon ton karbon tullantılarını azaltmağı hədəfləyir. Azərbaycanda keçirilən COP29 tədbirində qəbul edilmiş sənədlərinin təsdiqlənməsinin ölkəmizdə son mərhələdə olduğunu qeyd etmək istəyirəm. Şuşanın 2026-cı il üçün ECO turizm mərkəzi seçilməsi münasibətilə Prezident İlham Əliyev başda olmaqla azərbaycanlı qardaşlarımızı təbrik edirəm", - dövlət başçısı vurğulayıb.

Liderlərdən maraqlı təkliflər 

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ECO-nun potensialı region ölkələrinin inkişafına, rifahına kömək edə bilər. Onun sözlərinə görə, ECO-ya üzv ölkələr arasında ticarət sazişi nəzərdən keçirilməlidir: “ECO-da Azad Ticarət Zonası yaratmaq hədəflənməlidir”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, əzəli Azərbaycan torpaqlarının inkişaf etməsinə və çiçəklənməsinə görə şaddırlar. O, Daşkənddə ECO ölkələrinin ticarət nazirlərinin görüşünün keçirilməsini təklif edib. 
Qırğız Respublikasının Prezidenti Sadır Japarov bildirib ki, iqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır. İqtisadiyyatların inkişafı da iqlim dəyişikliyi ilə sıx əlaqəlidir: "İqlim dəyişikliyi enerji sektoru da daxil olmaqla həyatın bütün sahələrinə yenidən baxmağı vacib edir. Bərpa olunan enerji sahələrinin artırılması və digər istiqamətlərdə səylərimizi artmağa çağırıram".

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif qeyd edib ki, Zirvə görüşü Azərbaycanın tarixi şəhəri - Xankəndidə yüksək səviyyədə təşkil olunub. 

Tacikistan Prezidenti Emoməli Rəhmon bildirib ki, ölkəsi ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır.  
Zirvə görüşünün sonunda yekun bəyanat qəbul edilib.

 

banner

Oxşar Xəbərlər