• bazar, 16 Iyun, 02:46
  • Baku Bakı 25°C

Ulduzlarsız Belçika qarşısında nəyə ümid etmək olar?

09.09.23 03:35 6447
Ulduzlarsız Belçika qarşısında nəyə ümid etmək olar?

De Bruyne və Kurtua kimi adlar Bakıda meydana çıxmayacaqlar. Azərbaycan millisinin evdə oynadığını, rəqibin artıq əvvəlki qədər qorxulu olmadığını nəzərə alsaq, Belçikanı növbəti dəfə büdrətmək mümkündür.

Azərbaycan millisi sentyabrın 9-da AVRO-2024-ün seçmə qrup mərhələsində növbəti oyununu keçirəcək. Yığma komanda Mərdəkandakı “Dalğa Arena”da qrupun favoriti Belçika millisi ilə qarşılaşacaq.

Üç oyundan sonra sonuncu pillə

Yığmamız üç turdan sonra yer aldığı F qrupunda sonuncu pillədədir. Cəmi bir xal toplayan komanda iki qol vurub, öz qapısında isə səkkiz top görüb. Milli ilk oyununda səfərdə Avstriyaya 1:4, ikinci matçda rəqib meydanında İsveçə 0:5 məğlub olub. Canni De Byazinin yetirmələri yeganə xalı Bakıda Estoniya ilə görüşdə qazanıb. 1:1 hesablı heç-heçə başa çatan matçda millimizin heyətində Anton Krivotsyuk fərqlənib. Seçmə mərhələdə komandanın digər qoluna Emin Mahmudov imza atıb. Əslində, Azərbaycanla birgə Estoniyanın da bir xalı var. Lakin onlarda top fərqi daha yaxşı (-4) olduğu üçün komanda dördüncü, Azərbaycan beşincidir.

Belçikanın böyük hesablı qələbələri

Növbəti rəqib Belçika isə üç oyunda yeddi xal toplayıb. Komanda ilk matçda səfərdə İsveçi, üçüncü oyunda rəqib meydanında Estoniyanı eyni hesabla - 3:0 yenib. Lakin “Qırmızı iblislər” evdə Avstriyanın müqavimətini qırmağı bacarmayıblar - 1:1. Ümumilikdə, F qrupunda Avstriya 10 xalla liderdir. Komanda rəqiblərindən bir oyun çox keçirib. Belçika ikincidirsə, İsveç üç oyunda topladığı eyni sayda xalla üçüncü pillənin sahibidir.

Heyətlər və mövcud durumlar

Belçika millisi Bakıya yenilənmiş heyətlə gəlib. Komandanın baş məşqçisi Domeniko Tedesko bu qarşılaşma üçün 24 futbolçuya ehtiyac duyub. Onların arasında zədədən əziyyət çəkən iki lider oyunçu yoxdur. Söhbət “Real Madrid”in qapıçısı Tibo Kurtua və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruynedən gedir. Heyətdə Yan Vertongen kimi illərin təcrübəsinin olmasına baxmayaraq, oyunçuların bir çoxu gənclərdir.

Belçika Bakıya bu heyətlə gəlib: Amen Əl-Dahil, Arnaud Bodart, Olivye Deman, Tomas Kaminski, Orel Manqala, Mats Sels, Yuri Tilemans, Yohan Bakayoko, Yannik Karrasko, Şarl de Ketelare, Jeremi Doku, Romelu Lukaku, Amadou Onana, Uqo Siqe, Leandro Trossard, Mişi Batşuayi, Timoti Kastan, Zeno Debast, Vout Faes, Dodi Lukebakio, Lois Openda, Artur Teat, Yan Vertongen, Kun Kastels.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi isə 26 oyunçuya dəvət göndərib. İtalyan mütəxəssisin seçim imkanlarının az olması səbəbindən seçimlərini anlayışla qarşılamaq olar. Ancaq bəzi oyunçuların zəif performansa baxmayaraq yığmada olması birmənalı qarşılanmayıb. Bununla belə, zədə üzündən heç kimin kənarda qalmaması müsbət məqamdır.

Millimizin Belçika ilə oyun üçün futbolçu siyahısı bu cürdür: Şahrudin Məhəmmədəliyev, Səlahət Ağayev, Yusif İmanov, Amin Seydiyev, Anton Krivotsyuk, Bəhlul Mustafazadə, Toral Bayramov, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Höccət Haqqverdi, Elvin Bədəlov, Yusif Nəbiyev, Elvin Cəfərquliyev, Coşqun Diniyev, Elvin Camalov, Emil Səfərov, Emin Mahmudov, Filip Ozobiç, Rüstəm Əhmədzadə, Qismət Alıyev, Ozan Can Kökçü, Aleksey İsayev, Mahir Emreli, Ramil Şeydayev, Renat Dadaşov, Musa Qurbanlı

Milli 12 il əvvəl Belçikanı büdrədib

Azərbaycan və Belçika milliləri indiyə qədər dörd dəfə üz-üzə gəliblər. Bunların hamısı rəsmi oyunlar olub. İlk qarşılaşma AVRO-2008-in seçmə mərhələsində baş tutub. Brüsseldə keçirilən oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. Bakıdakı ikinci qarşılaşmada isə millimiz rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Tərəflərin yolu bir də AVRO-2021-nin seçmə mərhələsində kəsişib. Belçikada keçirilən ilk oyunda meydan sahibləri yenə böyük hesabla qalib gəliblər - 4:1. Yığmamızın qolunu Ruslan Abışov vurub. Bakıdakı cavab oyununda isə, nəhayət, bu rəqibdən xal almaq mümkün olub. Müdafiəçi Timmi Simonsun hesabı açdığı qarşılaşmada Rauf Əliyev 86-cı dəqiqədə fərqlənərək komandamızı məğlubiyyətdən xilas edib.

Ulduzlarsız Belçikadan xal almaq mümkündür!

Belçika qrupun favoriti hesab edilsə də, hazırkı heyət əvvəlkindən xeyli zəif görünür. Ümumiyyətlə, ölkə futbolunun “qızıl nəsli” demək olar ki, uğur qazanmadan futbol səhnəsindən çəkilib. Hazırda komanda daha çox gənclərdən qurulub. Üstəlik, daha əvvəl qeyd etdiyimiz kimi, De Bruyne və Kurtua kimi adlar Bakıda meydana çıxmayacaqlar. Azərbaycan millisinin evdə oynadığını, rəqibin artıq əvvəlki qədər qorxulu olmadığını nəzərə alsaq, Belçikanı növbəti dəfə büdrətmək mümkündür. Seçmə mərhələdəki öncəki oyunlarda qeydə alınan uğursuz nəticələrə baxmayaraq, milli toparlanmalı, meydanda sona qədər döyüşərək güclü rəqibinə “diş göstərməli”, sürpriz nəticə üçün çalışmalıdır. Belə Belçika millisi bir də ələ düşməyəcək.

banner

Oxşar Xəbərlər