• bazar, 13 Oktyabr, 10:32
  • Baku Bakı 18°C

Türkiyə nəhənglərinin transfer sərgüzəştləri

07.09.24 01:03 1393
Türkiyə nəhənglərinin transfer sərgüzəştləri

Yay transfer dövrü Türkiyə Super Liqasının səviyyəsinin getdikcə yüksəldiyini göstərir. Transfer olunan ulduz futbolçular liqanın keyfiyyətini artıraraq azarkeşlərə daha maraqlı və rəqabətli bir mövsüm vəd edir.

Yay transfer dövrü Türkiyə Super Liqasında kifayət qədər hərarətli keçdi. Düzdür, qonşu ölkədə “pəncərə” hələ açıqdır. Lakin Avropanın əksər liqalarında transfer dövrünün başa çatması və Super Liqa təmsilçilərinin keçidlər üçün əsasən böyük klublara üz tutması heyət quruculuğunda əsas addımların həyata keçirildiyini deməyə əsas verir. Bundan sonra yalnız klubsuz oyunçuların cəlbi gündəmdə ola bilər ki, bu da ulduz adların gəliş ehtimalını azaldır. Ümumən, klub rəhbərləri komandalarını gücləndirmək üçün ciddi addımlar atdılar. Xüsusilə İstanbul nəhənglərinin transfer savaşları həyəcanlı alındı. Bu yazıda Azərbaycanda da çoxlu izləyicisinin olduğu Super Liqada baş verən əsas hadisələrə və diqqətçəkən transferlərə nəzər salacağıq.

Son gündə partlayan “transfer bombası”

Şübhəsiz, Super Liqada yayın əsas sürpriz keçidi “Qalatasaray”ın payına düşdü. Son çempion Avropada transfer dövrünün son günündə “Napoli”dən Viktor Osimheni heyətinə qatmağı bacardı. Yay ərzində nigeriyalı forvardın adı gah “Çelsi”, gah ərəb klubları ilə çəkildi. Lakin yekunda o, “Qalatasaray”a qismət oldu. Super Liqaya daha çox formasında eniş yaşayan və nisbətən yaşlı oyunçuların üz tutduğunu nəzərə alsaq, Osimhenin “sarı-qırmızılılar”a qoşulması sürpriz oldu. Cəmi 25 yaşı olan Osimhen hazırda dünyada ən yaxşı mərkəz hücumçularından hesab edilir və formasının zirvəsindədir. Onun mövcud qiyməti 100 milyon avrodur. Son gündə partlayan bu “transfer bombası” ilə “Qalatasaray” əsas rəqiblərinə gözdağı vermiş oldu.

Qorxulu görünən hücum xətti

İstanbul klubu bu yay, həmçinin, əsas rəqibi “Fənərbağça”dan Miçi Batşuayini azad agent kimi heyətinə cəlb etdi. Osimhen, İkardi, Batşuayi və Hakim Ziyeş ilə komandanın hücum xətti qorxulu görünür. Yarımmüdafiə xəttinə isə Qabriel Sara cəlb olunub. Braziliyalı üçün İngiltərə “Norviç”inə 18 milyon avro ödənib. Komandanı tərk edənlər də var. Kerem Aktürkoğlu “Benfika”ya, Tete “Panatinaikos”a satılıb. Nikolo Zaniolo “Atalanta”ya, Üilfrid Zaha isə “Lion”a icarəyə verilib. Ümumilikdə yeni transferlərə 28 milyon avro xərcləyən “Qalatasaray” satışlardan daha çox - 33 milyon avroya yaxın vəsait əldə edib.

“Xüsusi biri” ilə böyük hədəflər

“Fənərbağça” adına yayın əsas hadisəsi Joze Mourinyonun adı ilə bağlıdır. İstanbul nəhəngi baş məşqçi postuna dünyanın ən yaxşı məşqçilərindən birini gətirməklə hədəflərinin nə qədər böyük olduğunu sübuta yetirdi. “Xüsusi biri” ləqəbli Mourinyonun gəlişindən sonra bir neçə diqqətçəkən transfer də həyata keçirilib. Mərkəz hücumçusu Yussef En-Nesirinin keçidi üçün “Sevilya”ya 20 milyon avroya yaxın məbləğ ödəndi. Bu, daha əvvəl hücumda demək olar ki, yalnız Edin Cekodan asılı olan komandanın imkanlarını artıracaq. Bundan başqa, “Əl-Əhli”dən icarəyə götürülən Alan Sen-Maksimin də ön xətti gücləndirməyə hesablanmış addımdır. “Fiorentina”dan Sofian Amrabat və “Milan”dan Rade Krunyiç orta xəttə cəlb edildi ki, hər ikisi yarımmüdafiəyə keyfiyyət qatacaq.

Yayın əsas gedişi

“Fənərbağça” adına yayın əsas gedişi isə Ferdi Kadıoğlunun adı ilə bağlıdır. Türkiyə millisinin də üzvü olan müdafiəçi İngiltərənin “Brayton” klubuna 30 milyon avroya satıldı. Bu, klubun maliyyə imkanlarını artırıb. Lakin “Qalatasaray”dan fərqli olaraq, “Fənərbağça” yay transfer dövrünü defisitlə başa vurur. Klub yeni oyunçulara 50 milyon avroya yaxın xərcləyib və ümumi qazancı 30 milyon avrodan bir qədər artıqdır.

İddiası artan “qara qartal”

Son illər “Qalatasaray” və “Fənərbağça” ilə rəqabətdə geri qalan “Beşiktaş” bu yay vəziyyəti dəyişməyi bacardı. Baş məşqçi postuna “Reyncers”dəki fəaliyyəti ilə məşhurlaşan Covanni van Bronxorstu gətirən “qara qartal” hücum xəttini gücləndirməsi ilə diqqət çəkdi. “Latsio”dan ulduz forvard Çiro İmmobile cəmi 2 milyon avroya transfer edildi. “Benfika”nın hücumçusu Rafa Silva isə komandaya pulsuz qoşuldu. Dayaq yarımmüdafiəçisi Əl-Musrati üçün isə “Braqa”ya 11 milyon avro ödənib. Eyni zamanda “Atletiko”dan müdafiəçi Qabriel Paulista və PSJ-dən potensiallı orta xətt oyunçusu Şer Ndur icarəyə götürülüb. Komandanı tərk edənlər arasında ciddi adın olmaması “Beşiktaş”ın güc itirmədən gücləndiyini deməyə əsas verir. Komandanın yay ərzində ümumi maliyyə itkisi isə 19 milyon avroya yaxındır.

Artan keyfiyyət, yüksələn rəqabət

Yay transfer dövrü Türkiyə Super Liqasının səviyyəsinin getdikcə yüksəldiyini göstərir. Transfer olunan ulduz futbolçular liqanın keyfiyyətini artıraraq azarkeşlərə daha maraqlı və rəqabətli bir mövsüm vəd edir. Düzdür, Türkiyə klubları Çempionlar Liqasında uğursuzluğa düçar oldular. Lakin hər üç İstanbul nəhənginin Avropa Liqasında irəli getmək üçün yaxşı oyunçu “arsenalı” var. Super Liqada mövsümün əvvəlində isə “Qalatasaray” və “Beşiktaş” itkisiz irəliləyirlər. “Fənərbağça” isə daha çox oyunla əsas rəqiblərini bir xal üstələyir və hazırda liderdir. Ümumən, bu mövsümün Super Liqada daha baxımlı alınacağı ehtimal edilir. “Fənərbağça” və “Qalatasaray”a “Beşiktaş” da qoşulub və “qara qartal” artıq Super Kuboku qazanmaqla iddiasını ortaya qoyub. Türkiyə futbolu azarkeşlərini olduqca gərgin və maraqlı mövsüm gözləyir.

banner

Oxşar Xəbərlər