• çərşənbə, 16 Oktyabr, 01:53
  • Baku Bakı 16°C

Türkiyə nəhənglərinin davası alovlanır 

10.04.24 00:18 5616
Türkiyə nəhənglərinin davası alovlanır 

Türkiyə futbolunda mövcud durum olduqca gərgindir. Bəzi mütəxəssislər Super Kubokda yaşananların nümunəsində, ümumiyyətlə, mövsümün başa çatmama ehtimalının olduğundan bəhs edirlər.

Türkiyə gündəminin əsas mövzusu yenidən futboldur. Təəssüf ki, bu dəfə də idmanın şahı qonşu ölkədə neqativ çalarlarla gündəmdədir. Bazar günü “Qalatasaray”la “Fənərbağça” arasında keçirilməli olan Super Kubok matçı başlasa da, bitmədi.

Başı bəlalı Super Kubok

Super Liqanın son qalibi “Qalatasaray”la Türkiyə Kubokunun hazırkı sahibi “Fənərbağça” arasında keçirilməli olan sözügedən qarşılaşma hələ ötən ilin sonunda baş tutmalı idi. Oyunun dekabrın 29-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi planlaşdırılmışdı. Türkiyə Futbol Federasiyasının rəhbərliyi bu qərarın daha çox gəlir əldə etmək niyyəti ilə qəbul edildiyini açıqlamışdı. Hər iki klub, hakimlər bu məqsədlə Ər-Riyada yollanmışdılar. Lakin oyunun startına saatlar qalmış matçın baş tutmama ehtimalı yarandı. Bun səbəb Səudiyyə Ərəbistanı hökumətinin komandalara meydana Atatürk pankartı və tişörtləri ilə çıxmasına, matçdan öncə Türkiyə himninin səslənməsinə icazə verməməsi olmuşdu. Danışıqlar nəticə vermədi və qarşılaşma baş tutmadı. Martın 24-də TFF Super Kubok oyununun aprelin 7-də Şanlıurfada oynanılağını açıqladı.

“Fənərbağça” nədən narazıdır?

“Fənər” aprelin 11-də UEFA Avropa Konfrans Liqasında ¼ final qarşılaşmasına çıxacaq. Klub Yunanıstan “Olimpiakos”una qarşı çətin səfər matçı öncəsi Super Kubok görüşünün keçirilməsinin əleyhinə idi. Klubdan verilən açıqlamalarda TFF-nin mövsümdən öncə təqdim olunan təqvimə riayət etmədiyi və oyunun vaxtı açıqlanarkən klubun mövqeyini nəzərə almamasından narazılıq ifadə olunub. “Fənərbağça” avrokuboklarda mübarizəni dayandıran “Qalatasaray”dan fərqli olaraq, əhəmiyyətli qarşılaşma öncəsi belə bir matçın keçirilməsinin qəti əleyhinə idi. Son zamanlar klubun keçirdiyi iki iclasda məsələ ilə bağlı konkret açıqlama verilmişdi. İstanbul təmsilçisi Super Kubok oyununun daha münasib tarixə təxirə salınmayacağı halda ya ümumiyyətlə meydana çıxmayacaqlarını, ya da klubun U-19 komandası ilə oynayacaqlarını açıqlamışdı. Nə TFF, nə də “Fənərbağça” geri addım atdı.

Ötən həftənin bazar günü Şanlıurfada Super Kubok matçı təşkil olundu. “Qalatasaray” əsas, “Fənərbağça” U-19 komandası ilə meydana çıxdı. Startdaca “sarı-qırmızılar” Mauro İkardinin qolu ilə hesabı açdılar. Ardınca ikinci dəqiqədə “Fənərbağça” futbolçuları meydanı tərk etdilər. Bu boykotun yekununda TFF-nin “bülbüllər”ə texniki məğlubiyyət verəcəyi və “Qalatasaray”ın Super Kubokun qalibi elan olunacağı gözlənilir.

Trabzon hadisələri

“Fənərbağça” ilə TFF arasında bağların qopmasında son həlledici məqam Super Liqanın XXX turunda “Trabzonspor”la səfər qarşılaşması oldu. Sözügedən oyunda 3:2 hesabı ilə qalib gələn “bülbüllər” oyundan sonra meydan sahiblərinin azarkeşləri tərəfindən hücuma məruz qalmışdı.

“Trabzonspor”la matçın ardınca “Fənərbağça” rəhbərliyi Türkiyə Super Liqasından çıxmağı belə, müzakirə etmişdi. Hakimlərdən, haqsız rəqabətdən və təzyiqlərdən narazılığını dilə gətirən klub rəhbərliyi, xüsusən prezident Ali Koç federasiya əleyhinə sərt ittihamlar səsləndirdi. Hətta “Fənərbağça”nın başqa liqaların birində çıxış etmək variantı da müzakirə olunurdu. Yekunda klub Super Liqada mübarizəni davam etdirmək qərarına gəldi. Lakin Super Kubokla bağlı qərar dəyişmədi.

“Trabzonspor”la oyunda yaşananlara görə “Fənərbağça”dan müdafiəçilər Brayt Osayi-Samuel Brayt, Ceyden Ostervolde və qapıçı İrfan Can Eğribayat və klubunun rəsmiləri Kürşat Çiftlik və Okan Özkan da intizama cəlb edildilər.

Super Liqada mübarizə davam edir

Super Kubokda baş verənlərin fonunda Super Liqada “Fənərbağça” ilə “Qalatasaray”ın çempionluq mübarizəsi son sürətlə davam edir. 31 turdan sonra “sarı-qırmızılar” 84 xalla liderdirlər. “Fənərbağça” isə 82 xalla ikinci pillədə qərarlaşıb. Qarşıdakı 7 matçın biri bu komandaların öz arasındadır. Mayın 19-da XXXVII tur çərçivəsində “Qalatasaray” öz meydanında əzəli rəqibini qəbul edəcək. Məhz bu görüşün çempionluğun taleyini müəyyənləşdirəcəyi ehtimal edilir. Düzdür, hər iki komandanın digər çətin oyunları da var, lakin belə bir məqamda onların itki ilə üzləşəcəyi inandırıcı deyil.

Super Liqanın həlledici mərhələsinə “Fənərbağça” TFF ilə münasibətləri həddən artıq pis daxil olur. Ümumiyyətlə, Türkiyə futbolunda mövcud durum olduqca gərgindir. Bəzi mütəxəssislər Super Kubokda yaşananların nümunəsində, ümumiyyətlə, mövsümün başa çatmama ehtimalının olduğundan bəhs edirlər. Qarşıdakı turlarda xüsusən “Fənərbağça”nın oyunlarında baş verə biləcək hər hansı gərginlik belə, bu qığılcımı alovlandıra bilər.

banner

Oxşar Xəbərlər