• çərşənbə, 24 Iyul, 18:43
  • Baku Bakı 30°C

“Təhsil bütün qapıları açır” - MƏKTƏBDƏ

09.12.23 05:45 6447
“Təhsil bütün qapıları açır” - MƏKTƏBDƏ

Fərrux Rüstəmov: “Bu gün Azərbaycan valideyni məktəb üçün ən böyük problemdir. Hamı məktəbin üstünə düşür. Məktəb günahkar hesab edilir, məktəb söyülür...”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin reallaşdırdığı “Məktəbdə” layihəsinin növbəti qonağı pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov idi. Professor şəxsi təcrübələri əsasında maraqlı nümunələrlə şagirdləri düşündürən suallara aydınlıq gətirdi, əhəmiyyətli mövzularla bağlı məktəblilərlə fikir mübadiləsi apardı. Paytaxtdakı 258 nömrəli orta məktəbdə reallaşan görüşdə elmi və pedaqoji fəaliyyəti ilə bağlı məktəblilərə məlumat verən qonaq söhbətini Qərbi Azərbaycan torpaqlarına qayıdışla davam etdirdi: “Dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biri Qərbi Azərbaycana qayıdışdır. O torpaqlar bizə babalarımızdan qalıb. İndi biz o torpaqlara qayıtmalıyıq. Qərbi Azərbaycanın təhsil və mədəniyyət mühiti Azərbaycana böyük ziyalılar bəxş edib. Biz necə ki “Qarabağ bizimdir, bizim olacaq” - deyib əzəli torpaqlarımıza qayıtdıq, eləcə də Qərbi Azərbaycana qayıdacağıq”. 

“Məktəb təkcə öyrənmək yeri deyil” 

Professor şagirdlərin formalaşmasında məktəbin roluna da toxundu: “İndi proqramlar ağırdır. Şagirdlər dərsdən sonra repetitor yanına tələsirlər. Sosial şəbəkələrdən asılılıq yaranıb. Məktəb təkcə öyrənmək yeri deyil. Məktəbdə insan ruhu, şəxsiyyəti formalaşır. Bunlar repetitor yanında yoxdur. Biz indi daha çox intellektə fikir veririk. Amma bizə insan lazımdır. Çalışmalıyıq ki, ilk növbədə yaxşı insan olaq, sonra intellektli mühəndis də, alim də, həkim də olmaq olar. Məktəbin funksiyası da insan yetişdirməkdir. Biz nə üçün yaxşı oxumalıyıq? Artıq müharibə mərhələsini keçdik. İndi biz ermənilərlə, dünya ermənizmi ilə öz elmimizlə, təfəkkürümüzlə mübarizə aparmalıyıq. Biz indi Nobel mükafatı qazanan alimlər yetişdirməliyik”. Qonaq şagirdlərə çoxlu mütaliə etməyi tövsiyə etdi.

“Hamı məktəbin üstünə düşür”

Şagirdlərdən biri: “Sizin oxuduğunuz illərdəki uşaqlarla indiki məktəblilərin həyatı arasında hansı fərqlər var?” - deyə qonağa sual ünvanladı: “Mən kənd məktəbini bitirmişəm. O zaman məktəb məbəd idi. Polis rəisi də, rayon rəhbəri də, kolxoz sədri də məktəbin qapısını döyməmiş içəri daxil ola bilməzdi. Hamı məktəbə ibadətgah kimi baxırdı. Bu gün Azərbaycan valideyni məktəb üçün ən böyük problemdir. Hamı məktəbin üstünə düşür. Məktəb günahkar hesab edilir, məktəb söyülür...”. Professor son illər müəllim nüfuzunun aşağı düşməsini də narahatlıqla dilə gətirdi: “Müəllim milləti qaranlıqdan işığa çıxaran insandır. O zaman kənddə iki-üç nəfər yaxşı yaşayırdısa, onlardan biri müəllim idi. Müəllimə böyük hörmət qoyulurdu. İndi də müəllimə dövlətin dəstəyi var. Cənab Prezident dedi ki, mənim dövrümdə məktəbə gələn uşaqlar yetişdilər və Qarabağı aldılar. Biz buna görə məktəbə, müəllimə borcluyuq. Bu gün məktəbin bazası, strukturu əvvəlkindən qat-qat yüksəkdir. Valideyn-məktəb münasibətləri düzəlsə, yaxşı bir məktəb modeli qura bilərik”. 

“Elə ixtisaslar seçməlisiniz ki...”

“Dünya sürətlə inkişaf edir. Biz yeniyetmələr müasir dünya ilə ayaqlaşmaq üçün nə etməliyik?”, - deyə soruşan şagirdə professor “yaşlı nəsil gənc nəsildən həmişə narazı olub”, - deyə cavab verdi: “Sokrat “bu necə zəmanədir?” - deyə narazılığını ifadə edib. Biz Ana dilimizlə yanaşı, bir-iki xarici dil də öyrənməliyik. Hər kəs öz mədəniyyətini, tarixini bilməlidir. Müasir kommunikasiya sisteminə yiyələnməlisiniz. İxtisas seçiminə düzgün etməlisiniz. “Avropaya hansı ixtisasla gedəcəyəm?” sualı sizi düşündürməlidir. Dünyanın əmək bazarında lazım olan ixtisaslara üstünlük verməlisiniz. Bunun üçün rasional, məntiqi düşüncəyə sahib olmalısınız”. 

“Siz də bu silahdan istifadə edin”

“Böyük elmi kəşflər savadla bağlıdır, ya gendən gəlir”, - deyə soruşan şagirdə professor Nobel mükafatçısı Əziz Sancarı nümunə gətirdi: “Əziz Sancar aldığı nişanı Atatürk muzeyinə bağışladı. “Ata, bu sizə çatmalıdır, məni ora siz göndərmişdiniz”, - dedi. Qazanılan uğurlarda istedad cəmi bir faiz rol oynayır, qalanı 99 faiz zəhmətdən asılıdır. Zəhmət çəkmədən heç nəyə nail ola bilməzsiniz. Böyük alimlərin tərcümeyi-halını oxuyun. Əksəriyyəti heç yemək tapmayıblar. Millətin yeganə nicatının maariflənmə olduğunu bilib böyük əziyyətlərə qatlaşıblar. Təhsil bütün qapıları açır. Afrikanın böyük siyasətçisi Nelson Mandela “Dünyada təhsildən güclü silah yoxdur”, - deyirdi. Siz də bu silahdan istifadə edin”.

“Repetitorluğu məktəbə gətirməliyik”

“Təhsilin gələcəyini necə görürsünüz?”, - deyə məktəbin müəllimlərindən biri sual ünvanladı:“Bu, hamımızı narahat edən sualdır” - deyə professor cavab verdi: “Təhsil kütləvi sahədir. Müəllimlik də kütləvi peşədir. Bu gün Azərbaycan təhsilində sürətli inteqrasiya baş verir. Xaricdən kifayət qədər ideyalar idxal etmişik. Fikrimcə, daha ehtiyac yoxdur. İndi o təcrübələri təhlil edib ona uyğun milli konsepsiya formalaşdırmalıyıq. Məktəbdə təmayülləşmə olmalıdır. Repetitorluğu məktəbə gətirməliyik. Hamı hər şeyi bilə bilməz. Ona görə 10-11-ci siniflər üzrə təmayül sinifləri yaradılmalıdır. Şagirdlər peşə məktəblərinə də yönəldilməlidir. Ali təhsil almadan da yaxşı peşələrə yiyələnmək olar. Valideynlər bunu dərk eləsələr, övladlarını düzgün istiqamətləndirə bilərlər”.

F.Rüstəmov Azərbaycan təhsilinin gələcəyindən naümid olmadığını da bildirdi: “Mən təhsilimizin gələcəyinə inanıram. Bu gün parlaq Azərbaycan gəncliyi yetişib. Gənclərimiz bizdən çox bacarıqldırlar”.

Təranə Məhərrəmova

 

 

banner

Oxşar Xəbərlər