• cümə, 26 Aprel, 01:53
  • Baku Bakı 16°C

“Təhlükə yaradan başlıca amil məsuliyyətsizlikdir” - MÜSAHİBƏ

29.04.23 04:00 2731
“Təhlükə yaradan başlıca amil məsuliyyətsizlikdir” - MÜSAHİBƏ

İlkin Behbudov: “İstənilən qaz avadanlığının quraşdırılması üçün texniki tələblər var. İlk növbədə həmin cihazların özü standartlara cavab verməli, uyğunluq sertifikatı olmalıdır”.

Biləsuvar şəhərində aprelin 24-də beşmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verməsi qazla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət olunması məsələsini yenidən gündəmə gətirib. Mövzunun aktuallığını nəzərə alaraq, “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin müdiri İlkin Behbudovla görüşüb bir sıra suallara aydınlıq gətirməyə çalışdıq.

Qazdan istifadəyə dair texniki tələblərin pozulması halları çoxdur

- Biləsuvardakı kimi hadisələrin təkrarlanmaması üçün vətəndaşların və “Azəriqaz”ın üzərinə düşən məsuliyyət nədən ibarətdir?
- Qazdan istifadə qaydaları Nazirlər Kabinetinin 80 saylı qərarı ilə tənzimlənir. Qərarda göstərilib ki, mənzil daxilində qazdan istifadə, qaz cihazları ilə davranmaya görə məsuliyyət birbaşa abonentə aiddir. “Azəriqaz” mənzil daxilində qaz cihazlarından və qazdan istifadəyə görə hər hansı məsuliyyət daşımır. “Qaz təchizatı haqqında qanun”da da bəzi dəyişikliklər edilib. Həmin qanunla “Azəriqaz” üzərinə düşən vəzifə və səlahiyyət mənzil daxilində müayinələrin keçirilməsidir. Bu qanunda müayinələrin keçirilməsi qaydalarının işlənib hazırlanması müvafiq icra hakimiyyəti orqanına həvalə edilib. Burada müvafiq icra hakimiyyəti orqanı Nazirlər Kabineti və aidiyyəti nazirliklərdir. Hazırda həmin qaydaların üzərində iş gedir. “Qaz təchizatı haqqında qanun”un tələbinə görə, “Azəriqaz” il ərzində bir dəfə müayinələr keçirir. 2,5 milyona yaxın abonentin qazdan istismar vəziyyəti noyabrın 1-dən gələn ilin noyabrın 1-ə qədər müayinə edilir. Təəssüflər olsun ki, qazdan və qaz avadanlıqlarından istifadəyə dair texniki tələblərin pozulması halları kifayət qədərdir. Aşkar olunmuş nöqsanları qeyd edir, abonentin diqqətinə çatdırır, müvafiq tədbirlər görməsini, ixtisaslaşmış podratçı təşkilatlar tərəfindən həmin nöqsanların aradan qaldırılmasını tövsiyə edir, təlimatlandırırıq. Eyni abonentin qaz təchizatının növbəti dəfə yoxlanılması bir ildən sonra baş verir. Bu müddətdə həmin mənzildə təkrar olmaq qanun-qaydalara görə, “Azəriqaz”ın məsuliyyətində deyil. 

Biləsuvardakı mənzildə kifayət qədər qaz sızması olub

-  Eyni zamanda dəm qazından boğulma halları da yaşanır, vətəndaşlar həyatlarını itirirlər... 
- Qapalı şəraitdə olan məkanda 5-15 faiz arası qaz yığılırsa, orada “ideal” partlayış həddi yaranır. Biləsuvardakı partlayışın miqyası, vurduğu zərər onu göstərir ki, həmin mənzildə kifayət qədər qaz sızması olub. Qanuna görə, mənzil daxilində metana həssas qaz detektorlarının quraşdırılması birbaşa istehlakçının üzərinə düşən məsuliyyətdir. Yeni yaşayış binalarının qazlaşdırılması ilə bağlı layihələrdə biz qaz detektorlarının quraşdırılmasını qanunvericiliyə istinad edərək əsas tələb kimi qoymuşuq. Amma əvvəlki illərdə tikilmiş yaşayış binalarında, fərdi evlərdə qaz detektorlarının quraşdırılmasına görə məsuliyyət abonentlərin üzərindədir. Detektorun mahiyyəti budur ki, qaz sayğacının qarşısında bir klapan quraşdırılır. Metan müəyyən səviyyədə yığılanda və sızma olanda həm xəbərdarlıq siqnalı verir, həm də sayğacın girişindəki klapanı bağlayır, qazın axınını dayandırır. Bu detektorları istənilən pərakəndə satış mərkəzlərində tapmaq mümkündür. Qaz boru xəttinə rezin şlanqlarla qaz avadanlığının qoşulması hallarını da xüsusi qeyd etmək istərdim. Vətəndaşlar bilməlidirlər ki, müəyyən bir dövr keçəndən sonra rezin şlanqların tərkibində fiziki-kimyəvi proseslər baş verir, onlar quruyur, çatlar, deşilmələr əmələ gəlir. Bu zaman mənzil daxilinə qaz sızması baş verir. Nəzarətsiz qoyulmuş qaz cihazları da problemlərə yol aça bilir. Yəni qaz avadanlığı işlək vəziyyətdə olur, yaddan çıxır, yaxud üzərindəki çaynik qaynadıqdan sonra daşıb odu söndürür, qaz isə açıq olduğundan qapalı məkanda toplanır, sonradan məkan sahibi işığı yandırarkən qığılcım yaranır və partlayış baş verir. Qeyri-standart cihazlardan istifadə, layihə-smeta sənədlərinə və texniki şərtə uyğun olmayan yerlərdə qaz cihazlarının quraşdırılması, həmçinin mətbəxin yerinin sonradan tüstü bacasının, havalandırma kanalının olmadığı yerlərə dəyişdirilməsi, səriştəsiz insanlar tərəfindən kortəbii, qeyri-standart şəkildə qaz cihazlarının quraşdırılması da təhlükəsizlik qaydalarının pozulmasına, xoşagəlməz hadisələrin yaşanmasına yol açır.

İlk növbədə cihazlar standartlara cavab verməlidir

- Məişətdə əsasən qaz sobası, kombi, qaz su qızdırıcısı, “Ceyran peçi”, “İran sobası” kimi avadanlıqlardan istifadə olunur. Bu avadanlıqların hər birindən istifadə üçün konkret tələblər varmı?
- İnsanın həyatına təhlükə yaradan başlıca amil məsuliyyətsizlikdir. İstənilən qaz avadanlığının quraşdırılması üçün texniki tələblər var. İlk növbədə həmin cihazların özü standartlara cavab verməli, uyğunluq sertifikatı olmalıdır. Qazın fiziki-kimyəvi xüsusiyyətinə uyğun olaraq, 1 kubmetr metan qazının yanması üçün 10 kubmetrə qədər hava – oksigen lazımdır. Əgər oksigen çatışmazlığı baş versə, dəm qazının əmələ gəlmə ehtimalı artır. Dəm qazı yanma prosesinin pozulması, natamam yanma səbəbindən yaranır. Əgər vanna otağında qaz cihazı quraşdırılırsa, bunun üçün əsas tələb budur ki, hündürlük minimum 2 metr 20 santimetr olmalıdır. Hamamın giriş qapısının aşağısında dəliklər olmalıdır ki, oksigen axını təmin olunsun. Bu kimi tələblər mətbəx otağına da aiddir. Tüstü bacalarının düzgün quraşdırılıb-quraşdırılmaması da narahatlıq doğuran məsələlərdəndir. Sualınızda sadalanan cihazların hər birinin texniki pasportu var və texniki tələblər orada açıq-aydın göstərilir. Vətəndaşlara tövsiyə edirik ki, bu cihazları quraşdırarkən ixtisaslaşmış podratçı təşkilatlarla, mütəxəssislərlə mütləq məsləhətləşsinlər. 

“Vətəndaşlar işçilərimizi mənzillərinə buraxmırlar”

- Mənzillərə baxış keçirilən zaman “Azəriqaz”ın üzləşdiyi çətinliklər nədən ibarətdir?
- Əsas çətinliyimiz budur ki, bir sıra hallarda vətəndaşlar işçilərimizi mənzillərinə buraxmırlar. İkinci çətinliyimiz budur ki, biz baxış keçirəndən sonra abonenti məlumatlandırır, çatışmazlıqları diqqətə çatdırırıq, lakin o, bizim qeydlərimizə laqeyd yanaşır.

- Bir müddət öncə Bakıdakı gecə klublarından birində partlayış olmuşdu. Həmin hadisədən sonra təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi qərara alınmışdı. 
- Bu hadisədən sonra aidiyyəti dövlət qurumları ilə birlikdə mütəxəssislərdən ibarət xüsusi komissiya yaradıldı. Mən özüm də həmin komissiyanın üzvü olmuşam. Mütəmadi yoxlamalar keçirdik. Təkcə Bakı şəhəri üzrə ümumilikdə mindən artıq qanun pozuntusu aşkar olundu, müvafiq tədbirlər görüldü. Zirzəmidə, yarımzirzəmidə qazdan istifadənin yasaq olduğu fiziki və hüquqi şəxslərin diqqətinə çatdırıldı. İsitmə məqsədi ilə abonentə qaz verildiyi halda ondan başqa məqsədlər, misal üçün, mətbəxdə istifadə üçün əlavə xətlərin çəkilməsinə dair faktlar da üzə çıxdı, qarşısı alındı.

Rufik İSMAYILOV

Fotolar: Rüfət Mikayılov

banner

Oxşar Xəbərlər