Su borcunu hissə-hissə ödəmək mümkün olacaq

Bunun üçün vətəndaşlar yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini və abonent kodunu təqdim etməlidirlər. Ekspertlər bu qərarı yerində verilmiş hesab edirlər.
Yeni qərarla su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə maddi imkanı olmayan abunəçilər borclarını hissəli qaydada ödəyə biləcəklər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, bunun üçün vətəndaşlar yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini və abonent kodunu təqdim etməlidirlər. Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır. Protokola əsasən, borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu halda su təchizatı dayandırılmır. “Yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər”, - deyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı məlumatda bildirilir.
Bəs digər kommunal ödənişlər üçün də bu güzəşt tətbiq edilə bilərmi?
Digər qurumların cavabları
“Azərişıq” ASC-dən sualımıza cavab olaraq bildirildi ki, qurumun külli miqdarda borcu olan problemli abonentləri yoxdur: “Çünki bizdə sayğaclar əsasən smart tiplidir. Vətəndaş nə qədər ödəniş edirsə, o qədər də işıq sərf edir. O səbəbdən bu sistem bizdə tətbiq edilməyəcək”.
"Azəriqaz" İB-dən verilən məlumata görə, onlarda da vətəndaşlar üçün müəyyən güzəştlər mövcuddur: “Borclu olan vətəndaşın debitor borcu sistemə düşür. Abonentlərə debitor borca görə 30 gün zaman veririk. Hətta bir ay keçəndən sonra da qaz kəsilmir. Bir neçə gün də əlavə güzəşt edilir. Çünki ola bilər ki, vətəndaş evdə yoxdur, yaxud borcunu hələ verə bilmir. Amma sonra məcburi qaydada Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq abonentə verilən qazın verilişi dayandırılır”.
Vətəndaşlar üçün böyük güzəşt
Bəs hissəli ödənişin vətəndaşlar üçün müsbət və mənfi cəhətləri nələrdir?
Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, bu güzəşt təkcə suda deyil, digər kommunal xidmətlərdə də olmalıdır: “Bu, əslində təqdirəlayiq addımdır. Çünki vətəndaşların bu istiqamətdə böyük problemləri ortaya çıxırdı. Aztəminatlı insanların da həyat şəraitini nəzərə almalıyıq. Belə qaydaların tətbiqi vətəndaşlar üçün böyük güzəştdir. Bundan sonra da müvafiq qurumlar vətəndaşların rifahı, faydası üçün lazım olan bütün addımları atmağa can atmalıdırlar. Suya tətbiq edilən güzəşt elektrik enerjisi və qaza da tətbiq edilməlidir. Ona görə ki, hər hansısa gecikmə vətəndaşın kommunal xidmətdən məhrum edilməsinə gətirib çıxarmamalıdır”.
“Hər hansı bir arxayınlıq yaranacağını da düşünmürəm”
Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov da düşünür ki, bu qərarın vətəndaşlar üçün heç bir mənfi tərəfi yoxdur: “Hər hansı bir arxayınlıq yaranacağını da düşünmürəm. Çünki ödənilmirsə, üzərinə əlavə faiz də gələ bilər. Mənim fikrimcə, bu addım əhaliyə olunan güzəştdir. İnsanlara imkan verilir ki, susuz qalmasınlar. Dövlət aztəminatlı ailələrin qayğısına qalır ki, yığılan borclarını hissə-hissə ödəyə bilsinlər. “Azərişıq” da, “Azəriqaz” da vətəndaşlara kifayət qədər güzəşt edir”.
“Ən az borc su sərfiyyatındadır”
Sosioloq İlqar Hüseynlinin fikrincə isə kommunal ödənişlərdə ən çox borc su üzrə deyil: “Ölkəmizdə vətəndaşlarımızın kommunal sərfiyyatı daha çox elektrik enerjisi və qaz üzrə olur. Xüsusən də qış aylarında istilik sistemlərinin işlədiyi dövrdə qaz və işıq borcları yığılır. Amma kommunal ödənişlər arasında ən az sərfiyyat yükü su üzrədir. Şəhərdə dörd nəfərlik bir ailənin maksimum su sərfiyyatı 20 manat ola bilər. O səbəbdən də vətəndaşlar su ilə bağlı gələn borcları ödəməkdə elə də çətinlik çəkmirlər. Yalnız fərdi yaşayış sahələrində yaşayan, həyəti, bağçası olan vətəndaşların yaşıllıqlara qulluq üçün su sərfiyyatı artıq ola bilər. Amma ümumilikdə vətəndaşların əksəriyyəti çoxmərtəbəli binalarda yaşayır və onların da külli miqdarda borcları olmur. Həmçinin bütün kommunal ödənişləri üzrə qəbzlərin üzərində müəyyən vaxt qeyd olunur. Vətəndaş həmin vaxta qədər ödəyə bilmədikdə suyu, qazı, işığı kəsilir. Bu zaman onsuz da vətəndaş məbləği tapıb aparıb ödəyir ki, kommunal bərpa olunsun. Borcları yığmaq üçün elə də çətinlik yaşamırdılar”.
İ.Hüseynlinin sözlərinə görə, bu qərarda bir sıra diqqət edilməli məqam mövcuddur: “Amma ümumilikdə götürdükdə vətəndaşlar üçün faydalı qərardır. Düşünürəm ki, vətəndaşlar borclarını bir ay ərzində hissəli şəkildə ödəsələr, artıq gələcək aylar üçün onlara elə də böyük problem yaranmayacaq. Əgər əhalini arxayınlaşdırıb borcu aylarla davam etdirsələr, bu zaman İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin maliyyə imkanlarında ciddi böhran yarana bilər. Yaxşı olar ki, hissə-hissə bölünən pulların üzərinə əlavə faiz gəlməsin”.
Zərif Salmanlı
