• şənbə, 27 Aprel, 10:16
  • Baku Bakı 12°C

Səsyazma studiyası axtarışında

04.11.23 04:00 5438
Səsyazma studiyası axtarışında

 Ölkədə maddi-texniki bazası yüksək olan, peşəkar səs rejissorları, təhsil almış musiqişünasların çalışdığı səsyazma studiyasına böyük ehtiyac var. Amma təəssüf ki, hazırda bu standartlarla çalışan səsyazma studiyaları yoxdur.

Bakıda keçirilən Musiqi Forumu bu sahədəki mövcud problemlərin gündəmə gəlməsi ilə yadda qaldı. Ölkədəki musiqi studiyalarının vəziyyəti bu problemlərdən biri oldu. Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin “Azərbaycan himni İngiltərədə yazılıb. O üç dəqiqəlik səsyazmaya görə Azərbaycan İngiltərəyə 200 000 funt sterlinq pul ödəyib. Məgər Azərbaycanda lazımi studiya yaradıb onu burada etmək olmaz? Biz studiyasız heç yerə çıxa bilmərik, bilməyəcəyik” sözləri, əslində, bu sahənin əhatə etdiyi, ayrı vaxt fikirlərini çatdırmaq üçün platforma tapa bilməyən çoxsaylı insanların ürəyindən xəbər verdi.

Əlbəttə, söhbət hazırda hər tində fəaliyyət göstərən həvəskar səsyazma studiyalarından deyil, peşəkar musiqi studiyasından gedir. Vaxtilə  bizim tanınmış sənətkarların işlədiyi və dünyaya səs salan əsərlərin yazıldığı belə studiyamız olub. Söhbət Fioletov-9 ünvanında yerləşən və AzTV-nin Səsyazma Evi kimi tanınan studiyadan gedir. Bu studiya musiqiçilər arasında daha çox “Fioletov studiyası” kimi məşhurdur.

1926-cı ildə Radio Komitəsinin fəaliyyətə başladığı həmin ünvanda 1931-ci ildə Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə şərqdə ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi adına simfonik orkestri yaradılıb. Səsyazma Evində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı, Cahangir Cahangirov adına xor, Niyazi adına Dövlət simfonik orkestri, Vaqif Mustafazadə adına “Sevil” vokal-instrumental ansamblı, “Qaytağı” instrumental ansamblı, Uşaq Musiqili Teatrı, Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı və s. kollektivlər fəaliyyət göstərib.

Qızıl Fonda gedən mahnı və əsərlər

Vaxtilə studiyanın direktoru işləmiş Xalq artisti Mübariz Tağıyev təəssüf hissi ilə səsyazma studiyasının fəaliyyətini dayandırdığını bildirdi: “Qızıl Fonda gedən mahnı və əsərlərin hamısı o studiyada yazılırdı. Görkəmli sənətkarlar, musiqiçilər o studiya ilə əlaqəli çalışırdı. İndi studiya fəaliyyətini faktiki olaraq dayandırıb. Ola bilər nə üçünsə işləyir, amma daha o səviyyədə deyil. Studiyada çalışan kollektivlər Mədəniyyət Nazirliyinin tabeliyinə verilib”.

M.Tağıyev bildirir ki, özünə mahnı yazdırmaq lazım olanda dostlarının studiyasına üz tutur: “Studiyalar çoxdur, amma müasir tutumlu, yüksək standartlara uyğun gələni yoxdur. Yəqin, müəyyən müddətdən sonra bu haqda düşünəcəklər”.

Bazanı gücləndirməyə ehtiyac var

Bəstəkar Nazim Quliyev də ölkədəki səsyazma studiyalarının qənaətbəxş vəziyyətdə olmadığını təsdiqləyir: “Səsyazma studiyaları müasir olmalıdır. İndi texnika inkişaf edir. Bizdə o səviyyədə səsyazma studiyaları yoxdur”.

N.Quliyev xatırlayır ki, əvvəllər “Fioletov studiyası”nda səs rejissorları kimi bəstəkarlar çalışıb. Adil Bəbirov, Aydın Əzimov kimi bəstəkarlar səs rejissoru işləyib: “Sonradan onlar hansı səbəbdənsə uzaqlaşdılar. Onlar yüksək səviyyədə yazılan əsərlər təqdim edirdilər. İndi orada lazım olan avadanlıq yoxdur. Son illər televiziyanın Xalq çalğı alətləri və Simfonik orkestri, Xor Kapellası Mədəniyyət Nazirliyinin balansına verilib. Bu kollektivlər televiziyanın tabeliyində olanda tez-tez çıxış edir, yeni əsərlərini səsləndirirdilər. Hamı da bu əsərləri eşidirdi. Bu kollektivlərin nazirliyin tabeliyinə verilməsi nə qədər düzgündür? Onsuz da nazirliyin eyni kollektivləri vardı. O kollektivlərdə ştat vahidi azaldıldı, halbuki artırmaq lazım idi. Bu kollektivləri dahi Üzeyir bəy yaradıb. Buna diqqət vermək lazım idi. Hesab edirəm ki, həmin kollektivlər yenidən televiziyaya qaytarılmalıdır”.

Bəstəkarın fikrincə, ölkədə maddi-texniki bazası yüksək olan, peşəkar səs rejissorları, təhsil almış musiqişünasların çalışdığı səsyazma studiyasına böyük ehtiyac var: “Həmçinin studiyanın Bədii Şurası olmalı, yazılan əsərlərin keyfiyyətinə və kadr seçiminə nəzarət etməlidir”.

Bəstəkar oxşar problemin Dövlət Filarmoniyasının səsyazma studiyasında da mövcud olduğunu bildirir: “Mən 2000-ci illərdə Filarmoniyada işləyəndə yeni avadanlıqlar alınmışdı. Amma indi müasir avadanlıqlar yaranıb. Onları da dəyişmək lazımdır”. Bəstəkar son illər yazdığı “Naxçıvan şikəstəsi”, “İrəvan şikəstəsi” və “Xocalı şikəstəsi”ni Filarmoniyada yazdırıb: “O əsərlərə qulaq assanız, səslənmənin necə olduğunu hiss edərsiniz. Hesab edirəm ki, dövlətin balansında olan səsyazma studiyalarının bazasını gücləndirmək lazımdır”.

Beşinci dərəcəli iş?

Ali dərəcəli səs rejissoru Məmmədağa Dadaşov uzun illər “Fioletov studiyası”nda çalışıb. İndi təqaüddədir: “Studiyanın yerləşdiyi bina Azərbaycan Televiziyasının yox, Bakı Şəhər İcra hakimiyyətinin balansında idi. Ona görə o zamankı AzTV rəhbərliyi binanın təmirinə diqqət göstərmirdi. Bina uçulub tökülürdü, yeni avadanlıqlar verilmirdi. Lentlə yazırdıq. Sonra Ramin Qasımov rəhbər təyin olundu. O da nəsə etmək istəyirdi. Öz hesabına kompüter avadanlığı aldı. Ancaq bunlar kustar üsullar idi. Sonradan bir çox kollektivləri, həmçinin orkestrin üzvlərini ixtisar etdilər. Xor və ya simfonik orkestr nəyə lazımdır?” - deyə ixtisarlar başladı. Mən təqaüdə çıxdım. Daha sonra çoxu işdən çıxdı, ixtisarlar oldu. Beləcə studiya dağıldı. Bizdə həmişə səsyazma studiyasına beşinci dərəcəli iş kimi baxıblar”.

Rejissorun sözlərinə görə, hazırda AzTV-nin nəzdində fəaliyyət göstərən səsyazma studiyası böyük orkestrin, xorun əsərlərini yazmaq üçün deyil: “Böyük həcmli əsərləri balaca otaqda yazmaq olmaz. İndi studiyalar çoxdur, hamısı da bir otaqlı evlərdir. Birini studiya edirlər, birində də avadanlıq qoyurlar. 40-60 nəfərlik kollektivin ifasını harada yazmaq olar? Bu işi ancaq dövlət studiyası yerinə yetirə bilər”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər