• bazar ertəsi, 07 oktyabr, 19:09
  • Baku Bakı 23°C

Şəkərli diabetin aşkarlanması üçün diaqnostik metod

27.05.23 08:00 5166
Şəkərli diabetin aşkarlanması üçün diaqnostik metod

Son statistikaya görə, dünyada şəkərli diabet xəstələrinin sayı 537 milyona çatıb. Azərbaycanda isə həmin diaqnoz qoyulanların sayı 280 min nəfəri keçib. Təəssüf ki, aparılan statistikaya görə, əhalinin xeyli hissəsi həmin xəstəliyin prediabet mərhələsində olduğunu bilmir. Onların böyük bir qrupu 2-ci tip şəkərli diabet xəstələrinə aiddir.

AZƏRTAC xəbər verir ki, həkim-endokrinoloq Yeganə Sultanova uşaqlarda diabetin əlamətləri barədə məlumat verib: “Uşaqlarda əsasən 1-ci tip şəkərli diabet olur. Artıq diaqnoz qoyulanda mədəaltı vəzdə insulin hasılatı demək olar ki, tam dayanır, ona görə də insulin çatışmazlığı fonunda əlamətlər daha qabarıq olur. Uşaqlarda tez-tez sidiyəgetmə, gecə enurezi, susuzluq, kəskin arıqlama, halsızlıq, ürəkbulanma, qusma, iştahasızlıq, ağız və ifrazatdan aseton iyi (ketoasidoz) müşahidə edilir. Vaxtında əlamətlərə fikir verilmədikdə, diaqnoz qoyulub uyğun tədbir görülmədikdə uşaq subkomatoz və ya komatoz vəziyyətə düşə bilər. Əfsuslar olsun ki, nadir hallarda olsa da, həmin vəziyyət baş verəndə uşağın huşu gedir və onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirirlər. Valideyn övladının diabet olduğunu bilmədiyindən reanimasiyada ilkin yardım başqa istiqamətdə gedə bilər. Diabetin təyin edilməsi yalnız analizlər vasitəsilə mümkündür”.

Həkim-endokrinoloqun dediyinə görə, diabet xəstəsi olmaqla əlaqədar şübhə yaranarsa, ucuz və keyfiyyətli müayinə metodu qlükozaya qarşı tolerantlıq testinin müayinəsi aparıla bilər: “Həmin sadə metodu laboratoriya şəraitində venoz qanda yüklənmədən əvvəl və 1- 2 saat sonra qlikemiyanın səviyyəsi yoxlanılmaqla aparılır. Onun üçün bir gün əvvəl adi qaydada qida qəbul etmək və gecədən səhərə 10 saat aclıq etməklə - yalnız su qəbul etmək olar - səhər acqarına laboratoriyaya getmək lazımdır. Laboratoriyada acqarına qlikemiya venoz qandan yoxlanılır, əgər qlikemiya normadan yuxarı deyilsə, 75 qram quru qlükoza məhlulu 5 dəqiqə müddətində içilir. 1 və ya 2 saatdan sonra yenidən venoz qanın səviyyəsi yoxlanılır. Həmin müddətdə fiziki aktivlik, qida qəbul etmək və siqaret çəkmək olmaz. 3 dəfə yoxlanılan qlikemiyanın nəticələri diaqnoz qoymağa imkan verir”.

Hamilələrdə həmin yoxlanış 24-28-ci həftədə aparılır, onun vaxtında aşkarlanmaması hamilə qadında və körpədə fəsadlar yarada bilər.

banner

Oxşar Xəbərlər