• bazar, 13 Oktyabr, 11:10
  • Baku Bakı 18°C

Şəhidlərimizi ehtiramla anırıq

28.09.24 05:51 1281
Şəhidlərimizi ehtiramla anırıq

Cəmi 44 gün ərzində düşmən darmadağın edildi, işğal faktına son qoyuldu, sərhədlərimizin bütövlüyü təmin edildi. Bu hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu üç minə yaxın şəhid verdi. Onların yazdıqları qəhrəmanlıq dastanları bu gün də dillər əzbəridir.

Uzun illər işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsinin başlamasından dörd il keçir. 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimizin qəhrəman mənsubları Ali Baş Komandan İlham Əliyevin əmri ilə dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün əks-hücum əməliyyatlarına başladı. Cəmi 44 gün ərzində düşmən darmadağın edildi, 30 illik işğal faktına birdəfəlik son qoyuldu, sərhədlərimizin bütövlüyü təmin edildi. Bu hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu üç minə yaxın şəhid verdi. Onların yazdıqları qəhrəmanlıq dastanları bu gün də dillər əzbəridir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur, xalqımız şəhidlərini, torpaq uğrunda canlarından keçən ölməz qəhrəmanlarını qürurla anır. 

Qəhrəmanların xatirəsini yaşadacaq Zəfər muzeyi

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Prezidenti İlham Əliyev də Bakıda inşası davam etdirilən Zəfər parkında olub. Dövlət başçısı parkın girişində xatirə daşının önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşası davam etdirilən layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində Zəfər muzeyi də yaradılır. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.
Sentyabrın 27-də bütün ölkə ərazisində də, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

İnsanlar şəhid əsgər və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

Dünya hərb tarixinin görmədiyi qələbə

Qeyd edək ki, bizi bu tarixdən dörd illik qısa zaman ayırsa da, hər keçən gün Vətən müharibəsinin əhəmiyyəti, əldə olunan şanlı qələbəni şərtləndirən amillər hələ də geniş təhlil edilir, araşdırılır. Dünyanın əksər aparıcı hərb məktəbləri qəhrəman ordumuzun həyata keçirdiyi əməliyyatları xüsusi diqqətlə öyrənir. Bu nəticə, nümayiş etdirilən peşəkarlıq təbii ki, uzun illər ərzində dövlətin ali rəhbərliyinin ordu quruculuğu, gənc vətənpərvər nəslin yetişməsi istiqamətində yürütdüyü siyasətin təzahürüdür. Azərbaycanda əldə olunmuş ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, ən başlıcası isə xalq-iqtidar birliyi Vətən müharibəsi zamanı hər birimizin eyni amal və məqsəd uğrunda dəmir yumruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyimizlə nəticələndi. Prezident İlham Əliyevin 44 gün ərzində nümayiş etdirdiyi qətiyyət, əzm, dəmir siyasi iradə bütün dünyaya xalqının sarsılmaz Lideri olduğunu, gücünü xalqının ona olan inam və etimadından aldığını göstərdi. 

Qalib ölkənin qalib xalqı

İndi biz qalib ölkənin qalib xalqıyıq. Artıq şəhidlərimizi torpaqları işğal altında qalan dövlətin yox, suveren, müstəqil və ərazi bütövlüyü tam təmin edilmiş bir ölkənin vətəndaşları olaraq anırıq. Bu gün Azərbaycan regionun ən güclü ordusuna malik ölkədir. Azərbaycan ordusu istənilən müdaxilənin qarşısını almaq iqtidarındadır. Vətən müharibəsi ilə əldə olunan qələbə dövlətimiz, bölgəmiz hətta hər birimiz üçün yeni reallıqlar, imkanlar yaradıb. Bu qələbənin nəticəsi olaraq işğaldan azad ərazilərimizi qururuq, yaradırıq. Bu işləri görərkən isə daim ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizi ehtiram və qürurla anırıq. Müstəqil Azərbaycan var olduqca, onlar da yaşayacaqlar. 

F.Abasoğlu 

banner

Oxşar Xəbərlər