• şənbə, 05 Iyul, 23:54
  • Baku Bakı 26°C

Rusiya ilə münasibətlərdə etimad böhranı

05.07.25 04:39 158
Rusiya ilə münasibətlərdə etimad böhranı

Münasibətlərin normal axara qayıtması rəsmi Moskvanın bundan sonra sərgiləyəcəyi mövqeyə və atacağı addımlara bağlıdır. Azərbaycan güclü, müstəqil dövlətdir və öz milli maraqlarını müdafiə etməyə tam qadirdir.

İyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən basqınlar zamanı qanunazid əməllər nəticəsində iki həmvətənimizin həlak olması, bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması Bakı-Moskva münasibətlərində gərginlik yaradıb. Səbəb isə bəllidir: Moskvanın qanunazid əməllərə görə cavabdehlik daşımaqdan boyun qaçırması, əvəzində isə Bakıya qarşı təzyiq metoduna üstünlük verməsi. 

Qeyri-adekvat mövqe

Rusiyanın mülki təyyarəmizi vurması nəticəsində Aktauda baş verən qəzada çoxsaylı insan tələfatının qeydə alınması faktından keçən müddət ərzində Moskvanın Azərbaycana münasibətdə yürütdüyü siyasətdə məlum dəst-xətt açıq şəkildə özünü göstərir. Rusiya siyasi dairələrində və mediasında Azərbaycanla bağlı sərgilənən qeyri-adekvat mövqe, informasiya resurslarımıza qarşı həyata keçirilən kiberhücumlar, deputatımızın hava limanından buraxılmaması, indi isə Yekaterinburq olayları bu silsilənin çox kiçik bir zərrəsidir. Soydaşlarımızın qətli ilə bağlı Bakının reaksiyasına Moskvanın münasibəti isə dövlətlərarası münasibətlər çərçivəsinə sığmır. Azərbaycanı “daxili işlərə qarışmaqda” ittiham edən Moskva soydaşlarımızın Rusiya vətəndaşları olduqlarını əsas gətirir. O zaman maraqlı bir sual yaranır: Rusiya rəhbərliyinin hər zaman ölkə sərhədlərindən kənarda yaşayan rusdillilərin müdafiəsi adı altında qonşu dövlətlərə müdaxiləsi bu məntiqlə nə dərəcədə uyğunluq təşkil edir? Ukraynada illərdir davam edən, adına “xüsusi əməliyyat” deyilən dağıdıcı müharibənin də başlama səbəbi “rusdillilərin müdafiəsi” tezisi deyildimi? Bunlar nəzərə alındıqda, Azərbaycanın soydaşlarının işgəncə və zorakılıq nəticəsində qətlə yetirilməsini araşdırmaq tələbini “daxili işlərə qarışmaq”la əlaqələndirmək nə dərəcədə məntiqlidir?

  

Bakının haqlı tələbləri

Rəsmi Bakının mövqeyi diplomatik kanallar və notalar vasitəsi ilə dəfələrlə qarşı tərəfin diqqətinə çatdırılıb. Azərbaycanın tələblərinə diqqət edək: 

- Rusiya hüquq-mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı hərtərəfli və obyektiv araşdırma aparılsın, günahkarlar cəzalandırılsın.

- Reydlərlə bağlı Rusiya mediasında müşahidə olunan etnik dözümsüzlük təzahürlərinə, azərbaycanlılara münasibətdə “etnik cinayətkar qrup” kimi ifadələrdən istifadəyə son qoyulsun.

- Uzun müddət keçməsinə baxmayaraq, hələ də təyyarə qəzası ilə bağlı zəruri müvafiq tədbirlər görülməyib, real vəziyyətin təhrif edilməsi cəhdləri müşahidə olunur. Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyası aparılır və s.

Göründüyü kimi, dövlətlərarası münasibətlərin gərginləşməsinin başlıca səbəbkarı biz yox, qarşı tərəfdir - özünü hər bir məqamda haqlı sayaraq Azərbaycanın tərəfdaş və bərabərhüquqlu ölkə kimi tələblərini nəzərə almamaqla prosesi daha da qəlizləşdirir.

Rusiyanın “iradlar”ı tutarlı arqumentlərə əsaslanmır

Öz günahlarını etiraf etməkdən və hüququn aliliyinə əsaslanmaqdan yayınan Rusiyanın da Azərbaycana qarşı “özünəməxsus iradlar”ı var. Məsələn, şimal qonşumuzun əsas təbliğat vasitələrindən sayılan “Sputnik-Azərbaycan”ın fəaliyyəti niyə dayandırılır? Nə üçün konkret cinayət faktları əsasında saxlanılanların konsulluq əməkdaşları ilə dərhal görüşünə şərait yaradılmır?... Bu “iradlar”ın heç biri tutarlı arqumentlərə əsaslanmır. “Sputnik-Azərbaycan”ın fəaliyyətinin milli qanunvericiliyimizin tələblərinə zidd olduğu xeyli müddət əvvəl qarşı tərəfin diqqətinə çatdırılsa da, Rusiya nədənsə keçən müddətdə zəruri addımlar atmadı. Əksinə, saxlanılanlardan ikisinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olmasına dair məlumatlar var. Şimal qonşumuz bununla bir daha Azərbaycan qanunlarına dırnaqarası yanaşdığını nümayiş etdirdi. Saxlanılan Rusiya vətəndaşlarının konsulluq əməkdaşları ilə görüşünə gəldikdə isə, bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını xatırlatmaq yerinə düşər. “Rusiya tərəfindən 30 iyun və 1 iyul tarixlərində XİN-ə daxil olmuş müraciətlər dərhal aidiyyəti dövlət qurumuna ünvanlanıb və həbs olunmuş şəxslərin kimliyi və təhqiqat aparan səlahiyyətli qurum barədə müvafiq məlumat Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Konsulluq Konvensiyasının 39-cu maddəsinin 1-ci bəndinə əsasən Rusiya tərəfinə təqdim olunub. Ümumilikdə, konvensiyaya uyğun olaraq müraciətlərə baxılması müddəti Rusiya tərəfinə məlumdur. Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərimizə Rusiya tərəfindən cavabların həftələrlə gecikdirilməsini Azərbaycan tərəfi heç zaman ictimaiyyətləşdirərək siyasiləşdirməyib”, - deyə XİN-in bəyanatında qeyd olunur.

Uduzan tərəf biz olmayacağıq

Bütün bunlar onu göstərir ki, münasibətlərin normal axara qayıtması Rusiyanın bundan sonra sərgiləyəcəyi mövqeyə və atacağı addımlara bağlıdır. Azərbaycan güclü, müstəqil dövlətdir və kimliyindən asılı olmayaraq, hər bir məsələdə maraqlarını müdafiə etməyə tam qadirdir. İllərin təcrübəsi bir daha göstərir ki, Bakı ilə təzyiq dili ilə danışmaq cəhdləri əvvəlcədən uğursuzluğa məhkumdur. Rusiyanın siyasi dairələri isə münasibətlərin gərginləşməsində müxtəlif qüvvələri ittiham etmək, digərlərini günahkar çıxartmaq əvəzinə, Bakının haqlı tələblərini yerinə yetirməklə bu gərginliyə son qoya bilərlər. Bir həqiqət var ki, bu məsələdə uduzan tərəf Azərbaycan olmayacaq.

Azad Əliyev 

banner

Oxşar Xəbərlər