• bazar, 28 Aprel, 02:15
  • Baku Bakı 17°C

Rəqəmsal əsrdə kibertəhlükəsizlik tendensiyaları və qlobal perspektivlər

29.09.23 16:27 15834
Rəqəmsal əsrdə kibertəhlükəsizlik tendensiyaları və qlobal perspektivlər

Texnoloji innovator, beynəlxalq məsləhətçi Azər Əlili ilə müsahibə

Müsahibimiz ölkəmizin və regionun tanınmış kibertəhlükəsizlik mütəxəssisi və memarlarından biri olan Azər Əlilidir. Azər Əlili şəxsi məlumatların təhlükəsizliyini qorunması, İnformasiya Texnologiyaları əməliyyatlarının təkmilləşdirilməsi, kibertəhlükəsizlik məhsulları hazırlamış, yenilikçi baxışlara malik kibertəhlükəsizlik ekspertidir. O, bu il sentyabr ayının 26-27-də Amsterdamda keçirilmiş TechEx Kibertəhlükəsizlik və Cloud EXPO Europe 2023 tədbirində Azərbaycanı təmsil edərək bu sahədə peşəkar təcrübəsini bölüşüb və öz komandası ilə birgə hazırladığı kibertəhlükəsizlik həllərini nümayiş etdirib. Müsahibimizlə onun fəaliyyəti, təcrübəsi, layihələri, gələcək planları, bölgədə kibertəhlükəsizliyin perspektivləri və biznes imkanları haqqında söhbətləşdik.

- Azər bəy, kibertəhlükəsizlik sahəsindəki karyeranıza başlamazdan əvvəl hansı təhsil və təcrübəyə sahib olmusunuz? 

- Ali təhsilimi Bakı Dövlət Universitetinin informatika ixtisası üzrə tamamlamışam. Daha sonra təhsilimi biznesin idarə edilməsi üzrə magistr pilləsində davam etdirdim. Hazırda ABŞ-ın New Orleans Universitetində kibertəhlükəsizlik ixtisası üzrə magistr təhsili alıram. Həmçinin, universitetin nəzdində kibertəhlükəsizlik üzrə tədqiqatçı kimi də fəaliyyət göstərirəm. Bundan əlavə, karyeramın son 10 ilində bir çox tanınmış elmi mərkəzlərin, təşkilat və cəmiyyətlərin üzvü olaraq müxtəlif peşəkar sertifikatlara malikəm. Bu sektorun dinamikliyini və sürətli inkişafını nəzərə alaraq, biz də daim öz üzərimizdə çalışırıq. Hesab edirəm, bu sahədə tək təhsil ilə kifayətlənmək doğru deyil. Əlavə olaraq yeni tədqiqatlara yönəlmək lazımdır. Bunun nəticəsidir ki, biz hazırda ölkəmizdə məhz bu istiqamətdə fəaliyyətin qurucularından sayılırıq.

- Sıfırdan başladığınız layihələrdə hansı maraqlı təcrübələriniz olub və bu təcrübələrdən nə öyrəndiniz?

- Sıfırdan başladığım layihələr mənim üçün çox dəyərlidir. Çünki bu layihələr informasiya texnologiyaları, kibertəhlükəsizlik və risk idarəetmə tədbirləri barədə mənə çox məqamları öyrətdi. Etiraf etməliyəm ki, bəzi layihələrdə uğursuz olduq. Məhz bu uğursuzluqlarımız bizim sonrakı uğurlarımızın dayaq nöqtələri oldu. Keçmiş layihələrdə buraxdığımız planlama, idarəetmə, texnoloji seçim səhvləri bizi bu gün daha güclü nöqtəyə gətirdi. Nəticədə mən beynəlxalq bazarda digər peşəkar komandalarla görüşərək beynəlxalq təcrübəni öyrəndim. Bu da əlavə stimul yaratdı. Bu kimi layihələr sayəsində ölkəmizdə potensiallı və bacarıqlı gənclərin olduğunu öyrəndim, onları ümumi mənafe naminə doğru istiqamətə yönləndirməyi bacardım.

- Üzərində işlədiyiniz son layihə hansı istiqamətləri əhatə edir?

- Ən son layihələrimizdən biri, bölgədə kompleks IT əməliyyatlarının avtomatlaşdırılması və məlumat gizliliyinin qorunması məqsədilə hazırlanan kibertəhlükəsizlik məhsulları ilə əlaqəlidir. Komandamın hazırladığı bu məhsul təşkilatlara daha yüksək təhlükəsizlik səviyyəsi təmin etmək üçün nəzərdə tutulmuşdu. Bildiyimiz kimi, post-pandemiya dövründə kibercinayətkarlar tərəfindən istər fərdi məlumatlar, istərsə də kommersiya təşkilatlarının məlumatlarına hücum, müdaxilə cəhdlərinin sayı böyük ölçüdə artıb. Bundan əlavə, ölkəmizdə kibertəhlükəsizlik üzrə peşəkarlarımız məhduddur və vətəndaşlarımızın bu kimi təhlükəsizlik hallarında reaksiyası yetərli səviyyədə deyil. Məhz bu boşluğu doldurmaq, kiberhücumlara qarşı yeni bir davranış sərgiləmək üçün bu həlli düşündüm. Bu həll sayəsində vətəndaşlar və kommersiya təşkilatları fərdi və məxfi məlumatlarını daha az vaxt və resurs sərf etməklə qoruya bilirlər. Hesab edirəm ki, bu da mənim cəmiyyətə və digital eko mühitimizə qatmış olduğum pozitiv dəyərdir.

- Kibertəhlükəsizlik sahəsindəki gələcək planlarınız nədən ibarətdir?

- Gələcəkdə daha çox insanın kibertəhlükəsizlik barədə bilik və müdafiə texnologiyalarına sahib olması üçün təlimatlar və proqramlar hazırlamaq istəyirəm. Həmçinin, inkişaf etdirdiyimiz məhsulları daha çox ölkəyə çatdırmaq və texnoloji təhlükələrə qarşı müdafiəni yüksəltmək niyyətindəyik. Bunun üçün başda özüm olmaqla, komandamın daxilində yetişmiş peşəkarlar bir sıra qabaqcıl universitetlər ilə əməkdaşlıq edir, təlimçi kimi təhsil prosesində birbaşa iştirak edir, gənc tələbələrimiz ilə peşəkar təcrübəmizi bölüşürük. Bundan əlavə, özəl sektorda sırf təlim fəaliyyəti ilə məşğul olan şirkətlərlə də qarşılıqlı fəaliyyətimiz var. Hər il bir neçə dəfə komanda daxilində təcrübə proqramları təşkil edilir və məhz bu sayədə yeni peşəkarları cəmiyyətə qazandırmış oluram. Növbəti illər ərzində məqsədim yeni kibertəhlükəsizlik məhsullarını ərsəyə gətirmək və beynəlxalq bazarda tanıtmaqdır. Bu sahədə artıq bir sıra işlər görmüşəm.

- Kibertəhlükəsizlik sahəsində hansı iş imkanları var və karyera qurmaq üçün lazım olan biliklər hansılardır?

- Kibertəhlükəsizlik sahəsi günümüzdə çox geniş və yüksək tələbat olan bir sahədir. Kibertəhlükəsizlik müxtəlif sektorlarda, dövlət təşkilatlarında, özəl şirkətlərə, banklardan sənaye sahələrinə qədər hər yerdə kritik sahə hesab edilir. Bu sahədə karyera qurmaq üçün bir sıra əhəmiyyətli biliklər və bacarıqlar tələb olunur. İş imkanlarına gəldikdə isə, bu sahədə böyük potensial var və daim inkişaf edir. İş axtaranlar üçün bu sahədə iş tapmaq daha da asanlaşıb. Uğurlu karyera qurmaq üçün təhlükəsizlik sertifikatları və texniki bacarıqlar əhəmiyyətli rol oynayır. İş təcrübəsi və tədqiqat bacarığı da çox vacibdir. Ayrıca, kibertəhlükəsizlik sahəsindəki yeni trendləri izləmək və həmişə öyrənməyə hazır olmaq da əhəmiyyətlidir.

- Texnologiya və kibertəhlükəsizlik sahəsində bölgəmiz üçün yeni biznes imkanları hansılardır?

- Texnologiya və kibertəhlükəsizlik sahəsində bölgədə böyük potensial var. Kibertəhlükəsizlik məhsulları və xidmətləri sahəsində yenilikçi, təhlükəsizlik şirkətləri üçün böyük şans var. Bu sahədə ixtisaslaşmaq istəyənlər üçün imkanlar mövcuddur. Kiber müdaxilələrin artması ilə əlaqədar təhlükəsizlik məqsədləri üçün texniki dəstəyə ehtiyac daha da artır. Kibertəhlükəsizlik şirkətləri və mütəxəssisləri bu təhlükəsizlik növləri ilə mübarizə üçün innovativ xidmətlər və konsultasiyalar təklif edə bilər. Bu həllər kibertəhlükəsizlik avtomatlaşdırılması, həyata keçirilməsi və şirkətlərin təhlükəsizliyini təmin etmək üçün texnoloji istifadəni təşkil edir. Bu sahədə fəaliyyət göstərmək istəyən şirkətlər, inkişaf etdirdikləri məhsulları bölgə və beynəlxalq bazarlara təqdim edərək geniş müştəri bazasına sahib ola bilərlər. Şirkətlər, öz sistemlərini müdafiə etmək üçün bu xidmətlərdən istifadə edə bilərlər. Kibertəhlükələrə qarşı sığorta təminatı biznesi də son illərdə inkişaf etmişdir. Şirkətlər texniki zərərlər və məlumat itkiləri halında özlərini qorumaq üçün bu cür təminatdan istifadə edirlər. Bu da ölkədə sığorta bazarına əlavə töhvə vermiş olacaq. Tədqiqat institutları və inkubasiya mərkəzləri kibertəhlükəsizlik sahəsində yenilikçi həllər və məhsulların inkişafına dəstək verə bilərlər. Bu mərkəzlər, başqa sahələrdə işləyən müstəqil şirkətlər üçün böyük potensial təklif edəcək. Kibertəhlükəsizlik sahəsində təhsil və təlim xidmətləri də böyük potensiala sahibdir.

- Bizə Amsterdamdakı TechEx Kibertəhlükəsizlik və Cloud EXPO Europe 2023 tədbirindən bəhs edərdiniz, təmsil etdiyiniz məhsullar necə qarşılandı və hansı təəssüratı doğurdu?

- Əlbəttə, Amsterdamdakı TechEx Kibertəhlükəsizlik və Cloud EXPO Europe 2023 tədbiri kibertəhlükəsizlik sahəsində bölgənin ən əhəmiyyətli tədbirlərindən biri idi. Tədbir, kibertəhlükəsizlik və bulud texnologiyaları sahəsində layihələrini təqdim edən ən qabaqcıl şirkətləri bir araya gətirirdi. Sərgidə Azərbaycanı təmsil edərək, öz komandamla birlikdə hazırladığımız kibertəhlükəsizlik məhsullarını və texnologiyalarını təqdim etdik. Yaratmış olduğumuz həllərin asan başa düşülən istifadəçi interfeysi, az resurs tələb etməsi və qısa vaxt ərzində daha keyfiyyətli nəticə təqdim edə bilməsi bizim əsas üstün cəhətimizdir və bu amillər sərgi iştirakçılarının ciddi marağına səbəb oldu. Bizim məqsədimiz məlumat və rəqəmsal xidmətlərin kiber təhlükələrə qarşı müdafiəsini yaxşılaşdırmaq və məlumat gizliliyini qorumaqdır. Bizim məhsullarımızın əsas üstünlüklərindən biri, onların avtomatlaşdırılması və məlumat gizliliyini təmin etmək üçün, təşkilatlarımızın işini asanlaşdırmaqdır. Bu, şirkətlərə əlavə vaxt qazandırır və ictimai məlumatların qorunmasına daha çox diqqət yetirir.

- Kibertəhlükəsizlik sahəsində məsuliyyət baxımından hansı məqamlara diqqət yetirməliyik?

- Düşünürəm ki, kibertəhlükəsizlik sahəsində ən böyük müvafiq məsuliyyət, məlumatların və informasiyanın təhlükəsizliyini, təhlükəsizlik tədbirlərinin effektiv şəkildə tətbiq edilməsini təmin etməkdir. Bu, bir neçə səviyyədə mövcuddur və müxtəlif tərəflərin bu sahədə öz təkliflərini yerinə yetirmək üçün mütəmadi fəaliyyət göstərmələrini tələb edir. Kibertəhlükəsizlik sahəsində məsuliyyət, fərdi istifadəçilər, təşkilatlar üçün bir sıra tələbdən ibarətdir. Hər birimizin onlayn təhlükələrə qarşı özümüzü qorumaq və təcrübələrimizi yaxşılaşdırmaq məsuliyyəti var. Hər bir şəxs özünün şəxsi məlumatlarının təhlükəsizliyindən məsuldur. İnternetdə və digər onlayn platformalarda hər zaman müəyyən təhlükələr mövcuddur. İnternetdə fəaliyyət göstərən şəxslər şifrələri saxlamaq, şübhəli bağlantıları təsdiq etməmək və təhlükəsizlik təcrübəsini tətbiq etmək üçün daim hazır olmalıdırlar. Şirkətlər və təşkilatlar, müştərilərin məlumatlarını və iş əməliyyatlarını qorumaq üçün kibertəhlükəsizlik tədbirləri tətbiq etməlidirlər. Bura, məlumat bazalarının, müştəri məlumatlarının və texniki infrastrukturların təhlükəsizliyini təmin etmək daxildir.

- Kibertəhlükəsizlik sahəsində dünya baxımından mühüm məqamlar hansılardır və Azərbaycanın bu sahədə rolu nədir?

- Kibertəhlükəsizlik sahəsi dünya baxımından son dövrlərdə böyük əhəmiyyət qazanmış və bu sahədə mühüm məqamlar ortaya çıxmışdır. Bu məqamlar dünya çağında texnologiya, informasiya müdafiəsi və internet təhlükəsizliyi ilə əlaqəli sahələri özündə ehtiva edir. Azərbaycanın bu sahədəki rolu isə bölgədə və beynəlxalq səviyyədə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində təcrübə və biliklərini paylaşması çox önəmlidir. Kibertəhlükəsizlik sahəsində dünya baxımından mühüm məqamlar, təhlükəsizlik standartlarının yüksəldilməsi və beynəlxalq təhlükəsizlik əməliyyatlarına tərəfdaşlıq etməkdir. Kibertəhlükəsizlik sahəsində beynəlxalq standartların yaradılması və qəbul edilməsi dünya baxımından mühüm bir məqamdır. Azərbaycan bu standartların formalaşdırılmasında və beynəlxalq platformalarda təkliflərin təqdim edilməsində aktiv rol oynayır. Azərbaycan beynəlxalq təhlükəsizlik tədbirlərinin təşkilində və həyata keçirilməsində iştirak edir. Öz təcrübəsini paylaşmaq və digər ölkələrlə iş birliyi ilə dünyaya kibertəhlükəsizlik səviyyəsini yüksəltməyə kömək edir. Azərbaycan, kibertəhlükəsizlik mütəxəssislərinin formalaşdırılması və yetişdirilməsi sahəsində böyük tövhələr verir. Ölkənin yerli universitetləri və təhsil müəssisələri kibertəhlükəsizlik proqramları təklif edir və bu sahədə təcrübəli mütəxəssislər yetişdirir.

- Azər Əlili, çox sağ olun dəyərli fikirləriniz üçün, sizin ilə apardığımız bu müsahibədə kibertəhlükəsizlik sahəsindəki maraqlı inkişaflar, imkanlar barədə oxucularımıza dəyərli baxış təqdim etdiniz. Sizin unikal təcrübə və peşəkarlığınız çox əhəmiyyətlidir. Kibertəhlükəsizlik sahəsindəki davamlı fəaliyyətiniz ilə bölgədə təhlükəsizlik səviyyəsini yüksəltməkdə böyük rol oynayır.

banner

Oxşar Xəbərlər