• cümə, 23 Fevral, 23:54
  • Baku Bakı 5°C

“Real”ın yeni tapıntısı 

04.11.23 00:30 2521
“Real”ın yeni tapıntısı 

Bəzi mütəxəssislər Cud Bellinqemi oyun stilinə görə əfsanəvi Zidanla müqayisə edirlər. Bellinqem də Zidan kimi beş nömrəli formanı geyinir. Rəqəmlərə görə isə Bellinqem artıq indidən fransız ulduzdan daha effektiv olmağı bacarır.

Avropada bu mövsüm diqqətləri üzərinə ən çox cəlb edən futbolçu Cud Bellinqemdir. “Real Madrid”in formasını geyinən orta xətt oyunçusu yeni transfer olunduğu komandaya çox tez adaptasiya oluna bildi. İlk vaxtlardan göstərdiyi oyunla keyfiyyətini nümayiş etdirən gənc ingilis hazırda komandasının liderlərindən biridir.

Rekordlarla zəngin ilk illər

Cud İngiltərənin “Birminqem” klubunun akademiyasının məzunudur. O, çox tez - 16 yaşında klubun əsas komandasına cəlb olunub. Bu göstərici ilə klubun tarixində meydana çıxan ən gənc oyunçu rekorduna sahib çıxıb. O, hətta debüt matçında komandasının ən yaxşı oyunçusu adına da layiq görülüb.

Bellinqem ilk vaxtlar sol cinahda çıxış edib. Daha sonra məşqçilər futbolçunun meydanın mərkəzində özünü daha rahat hiss etdiyinin fərqinə varıblar. Mütəxəssis Pep Klotet isə Bellinqemin daha fərqli cəhətlərini kəşf edib. O düşünürdü ki, Cud hücumda komandaya daha çox fayda verə bilər. Hücumameyilli yarımmüdafiəçi kimi uğurlu oyunlar keçirən futbolçu dəyərini dəfələrlə artırmağı bacarır. Artıq 2019-ci ildə “Mançester Yunayted” onu radarına alır. Lakin transfer çalışmaları klubların maliyyə məsələlərində ortaq məxrəc əldə edə bilməməsi səbəbindən baş tutmur.

2020-ci ildə isə “Birminqem” futbolçunu saxlamağı bacarmır. Bu dəfə “Borussiya Dortmund”un təklifindən imtina etmək mümkün olmur. Alman klubu futbolçu üçün qarşı tərəfə 30 milyon avrodan artıq məbləğ ödəyir. Bu, növbəti rekord olur: Bellinqem tarixin ən bahalı 17 yaşlı futbolçusu ünvanına sahiblənir.

Cud Dortmund təmsilçisində ilk matçındaca fərqlənərək klubun heyətində qol vuran ən gənc oyunçu adına yiyələnir. 17 yaş 113 günlüyündə Çempionlar Liqası matçında meydana çıxan Bellinqem Fil Fodeni geridə qoyaraq turnirdə oynamağa müvəffəq olmuş ən gənc ingilis olub. Mövsümün sonunda isə o, Bundesliqada ilin ən yaxşı debütantı seçilir.

İlk mövsümündə “Borussiya”nın əsas heyət oyunçusuna çevrilən Bellinqem ikinci mövsüm də yüksək performansını davam etdirir. O, Bundesliqada ümumilikdə 92 matçda 12 qol vurub və 16 məhsuldar ötürmə edib. Eyni zamanda, Çempionlar Liqasında yüksək performans sərgiləyən futbolçu “Real Madrid”in diqqətini çəkir.

Kriştianu Ronaldudan daha yaxşı start

Yayda Kərim Benzemanın komandadan gedişi və “Real Madrid”in hücum xəttinə yalnız yaşlı Xoselunu transfer etməsi azarkeşlər tərəfindən birmənalı qarşılanmamışdı. Hesab olunurdu ki, komanda irəli xətdə təkcə Vinisius Junior və Rodriqonun ümidinə qalacaq.
Çətin vəziyyətdə “kral klubu”nun dadına Bellinqem yetişdi. O, göstərdiyi performansla hətta klubun əfsanəsi Kriştianu Ronaldu ilə müqayisə olunur. Bəzi nəticələri isə hətta portuqaliyalıdan daha yaxşıdır.

Bellinqem “Real Madrid”in heyətində həm La Liqada, həm Çempionlar Liqasında debüt oyununda qol vurmağı bacaran azsaylı futbolçulardan biridir. Ümumilikdə o, komandada ilk dörd matçını qolla tamamlayıb. Bu da futbolçunu Kriştianu Ronaldu ilə eyni tərəziyə qoyur. Hər iki futbolçu La Liqa və Çempionlar Liqasında ilk iki matçda qol vurmağı bacarıb. Lakin qitənin bir nömrəli klub turnirində üçüncü oyununda da fərqlənə bilməsi Bellinqemi Ronaldudan da üstün edir. XXI əsrdə heç bir “Real Madrid” futbolçusu bunu bacara bilməyib. İlk 10 liqa oyununda 10 qol vuran Bellinqem bu göstəricidə də Ronaldunu üstələyir. Kriştianu debüt mövsümündə 10 çempionat matçında yeddi dəfə fərqlənə bilmişdi. 20 yaşlı futbolçu “kral klubu”nda ilk 13 oyunda 13 qol vurub. Bu da Alfredo Di Stefano və Kriştianu Ronaldunun göstəricisi ilə eynidir.

Gənc futbolçunun “El-Klassiko”da “Barselona” qarşısında performansı isə “Real Madrid” karyerasında hələlik ən yüksək mövqedədir. Öncə uzaq məsafədən vurduğu möhtəşəm qolla hesabda tarazlıq yaradan yarımmüdafiəçi, son dəqiqələrdə qələbə topunun da müəllifi oldu.
Bəzi mütəxəssislər oyun stilinə görə futbolçunu klubun daha bir əfsanəsi Zinədin Zidanla müqayisə edirlər. Bellinqem Zidan kimi beş nömrəli formanı geyinir. O, müsahibələrində bunu özü üçün böyük şərəf hesab etdiyini deyib. Rəqəmlərə görə isə Bellinqem artıq indidən Zidandan daha effektiv olmağı bacarır.

Qazanılan və gözlənilən mükafatlar

Bellinqem “Qızıl top”un təqdimetmə mərasimində ilin ən yaxşı gənc oyunçusuna verilən “Kopa Trophy”yə layiq görülüb. 20 yaşlı futbolçunun ilin sonunda dünyanın ən yaxşı gənc istedadı kimi “Qızıl Oğlan” mükafatını da alacağı gözlənilir. Eyni zamanda bu performansı davam etdirəcəyi təqdirdə Bellinqemin “Qızıl top”a namizədlər sırasında olması istisna edilmir. İngilis azarkeşlər tezliklə onun İngiltərə millisinin əsas lideri olacağına və yığmanın uzun illərdir həsrətində olduğu kuboklara yetişəcəyinə ümid edirlər. Bellinqem böyük uğurlar əldə etmək üçün hər şeyə sahibdir.

banner

Oxşar Xəbərlər