• çərşənbə axşamı, 23 iyul, 18:04
  • Baku Bakı 31°C

Ərazilərimizdə “boz zona” qalmayacaq - TƏHLİL

02.09.23 07:34 4455
Ərazilərimizdə “boz zona” qalmayacaq - TƏHLİL

Artıq Laçın yolu ilə qanunsuz silahlar, narkotik, Azərbaycanın talan edilən milli sərvətlərinin daşınması erası başa çatıb. Keçmiş "gəlirli" günlərin geri qaytarılması naminə düzənlənən "humanitar fəlakət" şousunun da heç bir faydası yoxdur.


Dünya dövlətləri birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edirlər. 30 illik işğal dövründə də bu mövqe dəyişməz olaraq qalırdı. Lakin tarixi qələbədən sonra yaranan yeni reallıqlar fonunda Azərbaycanın postmüharibə dövründə işğal faktının nəticələrinin aradan qaldırılması, suveren ərazilərində konstitusion hüquqlarının bərpası istiqamətində atdığı addımlar, reinteqrasiya prosesi bəzi qüvvələr tərəfindən maneələrlə qarşılanır. Xüsusilə də, separatçı rejim qalıqlarından istifadə kartının əldən çıxmaması üçün məkrli planlar həyata keçirilir. Elə Laçın yolunda düzənlənən "humanitar yardım" şousu kimi.

Ermənipərəst Fransanın canfəşanlığı

Bu məsələdə əsas canfəşanlığı yenə də ermənipərəst mövqeyi ilə ad çıxarmış Fransa edir. Erməni lobbisinə xoş gəlmək üçün Paris meri başda olmaqla bir qrup fransızın sərhədimizdə "yardım karvanı"nın qarşısında foto çəkdirib, ərazi bütövlüyümüzü təhdid edən açıqlamalar verməsi, Xankəndidə indi də Fransa bayrağının asılması əslində mövcud reallığı dəyişmək iqtidarında deyil. Parisin dünya miqyasında aldığı ağır zərbələr onun "supergüc" olması barədə iddialarının sadəcə sözdə olduğunu bir daha təsdiqləyir. 

Rusiyanın ikibaşlı siyasəti

Yaşanan son proseslərdə diqqəti çəkən iki yanaşma mövcuddur. Fransa Laçın yolunun açılması və "dəhliz statusu"nun qalmasında israr edir. Qarabağda sülhməramlı missiyasını yerinə yetirən Rusiya isə həm Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun, həm də Laçın yolunun istifadəyə açıq olmasında maraqlı görünür. Fransanın mövqeyinin Azərbaycana qarşı birbaşa təhdid olduğu açıq şəkildə görünsə də, rusların yanaşmasında da ikibaşlılıq mövcuddur. Bu, özünü rus sülhməramlıların Azərbaycanın yardım karvanının qarşısını kəsmək üçün dişli maneələrdən istifadə etməsində, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Laçın yolu ilə bağlı mövcud durumun "Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasının nəticəsi" olaraq təqdim etməsində görünür.   

Laçın yolunda “açıq sərhəd” olmayacaq

İndi isə müəyyən detallara diqqət yetirək. Beynəlxalq birlik Azərbaycanın Xankəndidəki ermənilərlə birbaşa təmas qurmasını istəyir. Bakı etiraz etmir. Təkliflərini verir, lakin qarşı tərəf görüşlərə gəlmir. Ayrı-ayrı dövlətlərin təmsilçiləri, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesinin moderatorları Laçın yolunun açılmasını istəyir. Rəsmi Bakı buna da "hə" deyir, lakin beynəlxalq hüququq norma və prinsiplərinə əsaslanan müəyyən şərtlər daxilində. Laçın yolunda gömrük postu fəaliyyətini davam etdirəcək. Bütün yüklər nəzarətə götürüləcək.

Qarabağa getmək istəyənlər Azərbaycan qanunlarına tabe olaraq rəsmi Bakının icazəsini alacaqlar. Eynilə sivil ölkələrdə olduğu kimi. Bunun müqabilində Azərbaycan humanitar yardımlar üçün ən qısa və əlverişli marşrutu təklif edir - Ağdam-Xankəndi yolu. Hansı ki, bu yoldan istifadə həm Fransa, həm də Rusiyanın məkrli planlarını pozaraq, gələcəkdə BMT səviyyəsində növbəti anti-Azərbaycan müzakirələrini də əngəlləyəcək. Humanitar yardım missiyasında əsas rol bitərəflilik prinsiplərini kobud şəkildə pozan Beynəlxalq Qırmızı Xaç Komitəsinə deyil, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinə həvalə olunacaq. BQXK-nın Xankəndidəki qanunsuz fəaliyyətinə də son qoyulacaq. Azərbaycan məhsullarının erməni əhalisinə çatdırılması reinteqrasiya prosesində önəmli addım olacaq. 

“Azərbaycan heç bir halda buna dözməyəcək”

Bakının Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Xankəndinə un yardımı göndərməsi, ermənilərin bu yardımdan imtina edərək yenidən Ağdam-Xankəndi yolunu bağlaması məkrli planların növbəti dəfə darmadağın olmasının əsasını qoydu. 

Rəsmi Bakının aylardır davam edən “yardım" şousu ilə bağlı mövqeyi məlumdur. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici ölkələrin diplomatik nümayəndələri ilə birlikdə Ağdama səfəri zamanı bildirib ki, Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək: "Kimlərsə düşünürlər ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və separatist statusunda yaşamaqda davam edərək və qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər, bu, baş verməyəcəkdir. Azərbaycan heç bir halda buna dözməyəcək. Onların da bu yalançı humanitar şoularının əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətlərini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma, qanunsuz rejimin mövcudluğunu təmin etməkdir və bu məqsədlə də müxtəlif bəhanələrdən istifadə edirlər”.  

Bakının humanitar yardımının separatçılara apardığı mesaj

Xankəndinə yola düşən humanitar yük karvanı Bakının mesajlarını da aparmaqdadır. Ağdam-Xankəndi yolundan istifadədən imtina, reinteqrasiya görüşlərinin başlanmasını əngəlləmə cəhdləri rasizm və diskriminasiya kimi qiymətləndirilə bilər. Bunun nümunələri Vaqif Xaçatryan və milli atributlarımızı təhqir edən erməni futbolçularının Laçın yolunda saxlanılaraq ədalət mühakiməsinə təslim edilməsində göründü. Bəli, artıq Laçın yolu ilə qanunsuz silahlar, narkotik, Azərbaycanın talan edilən milli sərvətlərinin daşınması erası başa çatıb. Keçmiş "gəlirli" günlərin geri qaytarılması naminə düzənlənən "humanitar fəlakət" şousunun da heç bir faydası yoxdur. Çünki suveren ərazilərimizdə və sərhədlərimizdə yeganə söz sahibi Azərbaycan dövləti və onun Konstitusiyasına əsaslanan milli qanunlarımız və iradəmizdir.    

Azad Əliyev

banner

Oxşar Xəbərlər