• cümə, 29 Mart, 12:31
  • Baku Bakı 14°C

Qripə tutulmamaq üçün ən əhəmiyyətli profilaktika peyvənd olunmaqdır

20.01.23 00:45 344
Qripə tutulmamaq üçün ən əhəmiyyətli profilaktika peyvənd olunmaqdır

Azyaşlılar arasında kütləvi yayılan virusun əsas əlamətləri yüksək temperatur, iştahasızlıq, öskürək və halsızlıqdır. Həkimlərin dediyinə görə, hazırkı əlamətlər xüsusən payız və qış aylarında yaranan influenza (qrip) virusunun A ştamına aiddir. Xroniki xəstəliyi olan uşaqlar virusu daha ağır keçirirlər.

AZƏRTAC xəbər verir ki, həkim-pediatr Günay Rəsulova deyib: “Ən çox rast gəlinən infeksiya hər il olduğu kimi influenza virusudur. Aparılan müayinələr nəticəsində uşaqlarda A və B ştamları öz təsdiqini tapır. İmmunitet sistemi zəif olan, peyvənd edilməyən, yanaşı xroniki xəstəliklərdən əziyyət çəkən uşaqlarda qrip pnevmoniya və digər ağırlaşmalarla keçir. Həmin virus infeksiyaları 3-5, bəzən 7 günə qədər davam edir. Qızdırma ilə paralel uşaqda boğucu öskürəklər, bir az böyük uşaqlarda əzələ, oynaq, sümük ağrıları şikayətləri üstünlük təşkil edir”.

Həkim-pediatrın dediyinə görə, bəzən valideynlər temperaturu aşağı salmaq üçün müxtəlif dərman və preparatları qarışdıraraq körpəyə verirlər. Bu isə daha ağır fəsadlara aparıb çıxarır. O, valideynlərə öz tövsiyəsini də çatdırıb: “Uşağın yaşı imkan verirsə, “parasitamol” tərkibli şamlar, bir az böyük yaşlı uşaqlarda isə “parasitamol” tərkibli həblərdən istifadə edə bilərlər. Boyun və qasıq büküşlərini, qoltuq altını, dirsək və diz çuxurunu, əlin içini, ayağın altını tez-tez ilıq su ilə silmək, otağın havasını dəyişdirmək lazımdır”.

Boğazda qıcıqlanma, gözlərin sulanması, bədənin soyuması, başağrısı, ürəkbulanma kimi hallar da virusun əlamətlərindəndir. Xəstəliyin profilaktikasında ən əhəmiyyətlisi isə hər il qripə qarşı peyvənd olunmaqdır.

Xatırladaq ki, hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna qarşı vaksinasiya aparılır. Arzu edən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilərlər.

banner

Oxşar Xəbərlər