• bazar, 01 Iyun, 14:51
  • Baku Bakı 28°C

 “Qlobal informasiya mühiti və media trendləri”

31.05.25 00:28 257
 “Qlobal informasiya mühiti və media trendləri”

“MEDİAFEST-2025” Muxtar Respublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı çərçivəsində mayın 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilib. Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı reallaşdırılıb.

Peşəkar və ixtisaslı kadr hazırlığı

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, son illərdə Naxçıvanda informasiya siyasətinin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri Naxçıvan televiziyasının peyk yayımına qoşulması oldu:

"Dövlət başçısının mətbuata verdiyi önəmin bariz nümunəsidir ki, Naxçıvan Dövlət Universitetində müasir tələblərə cavab verən tədris proqramları əsasında peşəkar və ixtisaslı jurnalist kadr hazırlığı həyata keçirilir". 

Konfrans mediamız üçün mühüm praktik əhəmiyyət daşıyacaq

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, qlobal informasiya mühitinin media trendlərinin formalaşmasına təsirindən danışarkən artıq ənənə halını almış Şuşa Qlobal Media forumları barədə bəhs etməmək mümkün deyil. O qeyd edib ki, Qlobal Media forumlarında Prezident İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda, başlıca vəzifəsi cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək olan mediaya diqqət və qayğının müstəsna təzahürüdür.

"Düşünürük ki, bu gün Naxçıvan şəhərində işinə başlayan konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq", - deyə Əhməd İsmayılov əlavə edib.

İnnovativ texnologiyaların mətbuatda tətbiqi 

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov isə bildirib ki, Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur. Onun sözlərinə görə, rəqəmsal dövrün tələbləri, süni intellektin media sahəsinə təsiri, dezinformasiya ilə mübarizə və sosial medianın artan rolu jurnalistlərdən daha yüksək peşəkarlıq və çeviklik tələb edir: "Bu gün Azərbaycan mediası yalnız daxili auditoriyaya deyil, həm də beynəlxalq informasiya məkanında ölkəmizin maraqlarını müdafiə etmək vəzifəsi ilə üz-üzədir. Bu, yeni nəsil jurnalistlərin hazırlanmasını, media savadlılığının artırılmasını və innovativ texnologiyaların mətbuatda tətbiqini zəruri edir".

banner

Oxşar Xəbərlər